Yazıçılar birliyi Elmira Axundova ilə bağlı BƏYANAT YAYDI

“İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev: “Elmira Axundova çox dəyərli bir insandır” – demişdir”.

Müstəqil.Az Publika.az -a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə deyib.

N.Həsənzadə vurğulayıb ki, son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kompaniyasına öz münasibətmizi bildirməliyik.

“Görkəmli qələm sahibi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar şurasının da üzvüdür. Ulu Öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə edib və bu kitablar bir çox xarici ölkədə də nəşr edilib. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq müəyyən media vasitələrindən istifadə olunması belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək ictimaiyyətə süni sensasiya təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə qaralama, ləkələməli kompaniyası fikrimizcə yol verilməzdir.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçsı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kompaniyaya son qoyulmasını tələb edir”.

Share: