“Yarmarkanın formatının dəyişməsinə ehtiyac var…” – Bal yarmarkasından Reportaj

Oktyabrın 8-dən 28-dək Tofiq Bəhrəmamov adına Respublika Stadionunda təşkil olunan bal yarmarkasının bitməsinə sayılı günlər qalıb. Ötən il “Amay” ticarət mərkəzində təşkil olunan yarmarka, bu il stadionda təşkil olunub.
Moderator.az-ın əməkdaşı yarmarkadakı son vəziyyəti öyrənməyə çalışıb.
Bizi Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov qarşıladı və birlikdə yarmarkanı gəzdik. Yarmarkaya respublikamızın hər bir bölgəsindən bal gətirilib. Balların qiyməti isə 20 manatdan 100 manata qədər dəyişir. Bu il yarmarkada 371 arıçı iştirak edir. Yarmarkaya yalnız hər arıçı 500 kiloqram bal gətirə bilər. Hələ bu il standartlara cavab verməyən 30 ton balı Qida Təhlükəsizliyi Agentliyi satışdan kənarlaşdırıb.
B.Həsrətov Moderator.az-a açıqlamasında bildirdi ki, yarmarkada vəziyyət hələ də onların istədiyi səviyyədə deyil və bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə də təkliflər verilib:
“Bizim cənub bölgəsində olan iki arıçımız kənd təsərrüfatı naziri İnam Kərimovla görüşüb və öz təkliflərini veriblər. Bizim nazirlikdən istədiyimiz odur ki, yarmarkanın formatı dəyişdirilməlidir, yəni yarmarkada yalnız sırf arıçılar iştirak etməlidir. Çünki burda arıçı olmayan adamlar özlərini sahibkar kimi qələmə verib yarmarkada iştirak edirlər. Amma sonradan araşdıranda görürük ki, onlar bizim bildiyimiz alverçilərdir. Belə olanda da real arıçılar yarmarkadan kənarda qalır. Ötən il “Amay” ticarət mərkəzində təşkil olunan yarmarkada kim iştirak etmək üçün müraciət etmişdisə, biz onların evlərinə gedib araşdırdıq ki, görək doğrudanmı bu adamlar arıçıdır. Bizim məqsədimiz odur ki, yarmarka yalnız arıçılar üçün təşkil olunsun. Artıq subsidiya ilə bağlı kodlaşdırma aparılacaq və bundan sonra kimin arıçı olub-olmaması ayırd etmək çətin olmayacaq”.
İsmayıllıdan olan İslam Fətullayev də bu il yarmarkadakı vəziyyətlə tanış olmaq üçün paytaxta gəlib və yarmarkaya o, da beş yüz kiloqram bal çıxarıb. İ.Fətullayev həm də Arıçılar İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədridir. Arıçılıq məhsullarının çeşidinin təşkilinə görə keçirilən yarmarkada İ.Fətullayev birinci yerə layiq görülüb. İ.Fətullayev də yarmarkaların formatının dəyişməsinin vacibliyini vurğuladı:
“Yarmarkaların formatı dəyişdirilməlidir. Bizim kimi real arıçılar yarmarkalarda iştirak edə bilmir, çünki alverçilik edən adamlar satış zamanı bizə süni maneələr yaradırlar. Həm də  bu sahədə ali təhsilli kadrlarımıza da ehtiyac var. Mən təklif edirəm ki, gənclərimiz bu sahə üzrə təhsil almaq üçün Türkiyəyə getsinlər və ordakı universitetlərdə təhsil alsınlar”.
Yarmarkada Qəbələ Arıçılar Assosiasiyasının sədri Anar Məmmədov da iştirak edir. Amma o, bal gətirməyib, sadəcə rayonundan olan arıçıların iştirakına görə paytaxta gəlib:
“Yarmarkaların formatı dəyişdikdən sonra gələn ildən mən də istəyirəm ki, öz təsərrüfatımdan olan balı yarmarkaya çıxarım. Bizim təkliflərimiz nazirlik tərəfindən qəbul olunsa və tədbir görülsə, yarmarkada iştirak etmək olar”.
Cəlilabad Arıçılar Assosiasiyasının sədri Rövşən Tağıyev də yarmarkada iştirak edir:
“Yarmarkaya beş yüz kiloqram bal gətirmişəm. Amma satış zəifdi, bu günə kimi iki yüz kiloqram bal satmışam. Təsərrüfatım böyükdür və mənim üçün yarmarkaya beş yüz kiloqram bal çıxarmaq çox azdır. Ümid edirik ki, bununla bağlı tədbirlər görülər”.
Vasif Əlihüseyn
Share: