
Şərafəddin İlkin- 60
Doğru deyiblər, şairi şeirlərindən də tanımaq olar. Çünki hər bir şairin qələmə aldığı misralarda daxili dünyası ilə yanaşı, fərdi xüsusiyyətləri də öz əksini tapır.
Bəli, bu dəfə sizə bir nəğməkar şair haqqında söhbət açmaq istəyirəm. İstəyirəm ki, ona xarakterik olan keyfiyyətləri şeirləri vasitəsi ilə sizə çatdıra bilim. Amma gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Şərafəddin İlkin- Həsənov Şərafəddin Sudeyf oğlu 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində dünyaya gəlib. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983-1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlayıb. Daha sonra təhsilini Azərbaycan Pedaqoji Universitetinin qiyabi şöbəsində davam etdirib. 1993-cü ildən mətbuatda çalışır. “Vaxt”, “Həyat”, “Ekologiya”, “And”, “Azərbaycan müəllimi” qəzetlərində, “Azərbaycan təbiəti” və “Orta təhsil” jurnallarında işləyib. Bədii yaradıcılıqla isə, orta məktəb illərindən məşğuldur. “Göz gözə yalan deməz”, “Gözlərinə de ki…” və “Mən səndən küsmədim ki” şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir. 2020-ci ildə Prezident təqaüdünə layiq görülüb. Ailəlidir. Bir qızı, bir oğlu, bir nəvəsi var. Həyat yoldaşı və oğlu ali təhsilli müəllim, qızı isə həkimdir…
İnsanlara qarşı çox diqqətlidir və mehriban davranışı ilə tanınır. Yüksək intellekti var. İti düşüncəsi və rasional yanaşma tərzi ona istənilən çətin vəziyyətdə doğru qərar verməyə yardımçı olur. Dostluqda və təmsil olunduğu kollektivdə güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Və ətrafdakıların inamını qazanır, mürəkkəb məsələləri asanlıqla həll edə bilir. Ümumiyyətlə, xarakter baxımından cazibədar və sirli xüsusiyyətləri çoxdur. Hətta fəlsəfi düşüncələri ilə ətrafdakıların qibtəsinə tuş gələ bilir. Həm də son dərəcə emosionaldır, heç vaxt rədd edilməyi xoşlamır. O, insanları cəlb edən təsirli, parlaq və cazibədar bir şəxsiyyətə malikdir. Asanlıqla zarafat edə bilir və yüksək səviyyəli yumor bacarığı ilə ətrafındakı insanlara sevinc bəxş edir. Odur ki, dostları və həmkarları tərəfindən çox sevilir. Onun əhatə dairəsi çox genişdir və daxilən heç vaxt tək qalmır. Duyğuları ilə hərəkət etməyi xoşlayır. Yumşaq və eyni zamanda həssasdır. İzdihamdan, dava-dalaşdan uzaq olmağı xoşlayır. Hər kəsi sevgi və maraqla dinləyir. Daim özünü təkmilləşdirməyə çalışır. Sosial həyatında çox aktiv və çılğındır. Dostları ilə vaxt keçirməyi, onlarla səfərə çıxmağı, əylənməyi və söhbət etməyi çox sevir. Dostlarının rahatlığı üçün əlindən gələni edəcək qədər fədakardır. Təbiətcə çox emosionaldır, romantikaya böyük əhəmiyyət verir. Mərhəmətlidir və xoşbəxt olmağa səy göstərir…
“Yaxşı ki…” adlı şeirində deyir:
“Qarşısı alınmır gedəsi köçün,
Ağlasan, gözünün yaşına dönüm.
Yaxşı ki arzu var yaşamaq üçün,
Yaxşı ki ümid var, başına dönüm….
Nə “hə” deyə bildin, nə “yox” söylədin,
Üzdün ürəyimi həsrət içində.
Mən sənə işıqlı sabah dilədim,
Sən məni saxladın zülmət içində.
İndi sənin sevgin ürəyimə yük,
Parlamır günəşi, görünmür ayı.
Sənə ürək verdim dünyadan böyük,
Sən mənə nə verdin qəmdən savayı?
Səndən umacağım sevgiydi elə,
Sən bunu duymalı, bilməli idin.
Səni sevdiyimə, istədiyimə
Peşiman deyiləm, sevməli idin…
…Qarşısı alınmır gedəsi köçün,
Ağlasan gözünün yaşına dönüm.
Yaxşı ki ümid var yaşamaq üçün,
Yaxşı ki arzu var, başına dönüm…”
Qərar verə bilmədikdə, öz instinkti ilə hərəkət edir və çox dərindən düşünür. Fəlsəfi təbiətinə görə illər keçdikcə daha çox yetkinləşir və müdrik olur. İçində olduğu mühitdə və ya üzərində işlədiyi mövzuda hər şeyi idarə etmək istəyir. Hadisələri və situasiyanı yaxşı oxuya bildiyi üçün qarşılaşdığı bütün şansları fürsətə çevirməkdə ustadır. Boş sözlərə, faydasız insanlara və cəfəng mövzuları xoşlamır. Maraqlı şeylərin müzakirə olunduğu sosial əhatələri çox sevir. Fərqli baxışlara açıq olduğundan özünə inamı böyükdür. Odur ki, çətin anlarında öz intuisiysı ilə doğru yolu tapmağa nail olur. Qarşılaşdığı problemləri müxtəlif aspektlərdən qiymətləndirə bilir. Ünsiyyətdə çox düşünür və daha az özünü ifadə edir. Heç vaxt düşünmədən heç nə demir. Məqsədinə çatmaq üçün ağıllı və daim təftiş və diqqətlə hərəkət etməyi bacarır. Uğur qazanana qədər yorulmadan mübarizə aparır. Ətrafa güc və müsbət enerji yaymaqda mahirdir. Gələcəkdə baş verəcək bir hadisəni qabaqcadan görə bilmək kimi fövqəltəbii qabiliyyətə sahibdir…
“Mənim ürəyimdə yer axtaran qız” adlı şeirində deyir ki:-
“Ötəri bir hissmi, məhəbbətdimi,
Düzünü deməyim qəbahətdimi,
Dünyada başına yer qəhətdimi? –
Mənim ürəyimdə yer axtaran qız.
Zili unutmusan, bəm istəyirsən,
Niyə gözlərini nəm istəyirsən?..
“Sən sevin” deyirəm, qəm istəyirsən –
Mənim ürəyimdə yer axtaran qız.
Sevən ürəyinlə ocaqsan, pirsən,
Yuxulu dolanma, dünyanı gör sən…
Peşiman olarsan qəlbimə girsən –
Mənim ürəyimdə yer axtaran qız.
Solubdu gülşənim, bağ yerim yoxdu,
Şamama quruyub, tağ yerim yoxdu.
Vallah, ürəyimdə sağ yerim yoxdu –
Mənim ürəyimdə yer axtaran qız,
Mənim ürəyimdə yer axtaran qız!”
Danışarkən, çox yaxşı anlaşılan ifadələrdən istifadə etməkdə mahirdir. Fikirləri arasında heç bir ziddiyyət yoxdur. O, tənqidi münasibətlərdə kifayət qədər mütəxəssisdir və olduqca təbii davranır. Onun bu xüsusiyyəti karyerasında yaxşı şeylər əldə etməsinin göstəricisidir. Mövcud həyat səviyyəsini sabit tutmağa çalışan bu şəxs, iş həyatında da səviyyəsini aşağı salmamaq üçün ehtiyatlı davranır. Köhnə həyat tərzinə meylli olsa da yaşadığı cəmiyyətin qaydalarını pozmamağa çalışır…
“Mənim bu şəklimə yazığım gəlir” şeirində isə deyir:
“Alın yazısıyla barışa bilmir,
Tükənib taqəti, dağ aşa bilmir,
Dərdini, qəmini danışa bilmir –
Mənim bu şəklimə yazığım gəlir.
Sirrini kimsəylə bölmək bacarmır,
Unudub sevinci, gülmək bacarmır.
Sanki can üstədir, ölmək bacarmır –
Mənim bu şəklimə yazığım gəlir.
Axan göz yaşımın nəmi üzümdə,
Həsrətin ən ağır dəmi üzümdə.
Dünyanın kədəri, qəmi üzümdə –
Mənim bu şəklimə yazığım gəlir.
Tərk edib dəyanət, dözüm bu şəkli,
Yandırar alovum, közüm bu şəkli,
Görmək istəməyir gözüm bu şəkli –
Mənim bu şəklimə yazığım gəlir.
Sanki baxışlarım dara çəkilib,
Bəxtimtək üzüm də qara çəkilib.
O qızın toyundan sonra çəkilib –
Mənim bu şəklimə yazığım gəlir.
Mənim bu şəklimə yazığım gəlir…”
Bir sözlə, şair Şərafəddin İlkin ömrünü hədər yaşamayıb. Yaratdığı poeziya nümunələrinin aqibəti necə olacaq, sualına isə ən dəqiq cavabı əlahəzrət Zaman verəcək. Bu il onun üçün yubiley ilidir. Bir neçə aydan sonra 60 yaşı tamam olur. Vaxtı qabaqlayıb, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Elman Eldaroğlu