Xocalının qisası

Atam çoxdandı evə gəlmirdi, o cəbhədə, döyüşdə idi. O gün qarlı-çovğunlu bir gündü. Anam axşama əriştə bişirmişdi. Mənim altı,  Nərminin dörd, Günelin isə iki yaşı vardı. Elə yenicə yeməyə başlamışdıq ki, həyətdən qonşuların səs-küyü eşidildi. Anam cəld qapıya çıxdı və tez geri qayıtdı.

-Tez olun, durun, indi çıxmalıyıq…

Əriştə çox dadlıydı, boşqabdan gözümüzü çəkə bimirdik. Anam tez bir boğça düzəltdi. Bizi geyindirdi və qaçıb adamlara qoşulduq.

-Tez olun, tez…, deyə yaşlı bir kişi bizi tələsdirirdi.

-Erməni köpöyoğlu rusun qoltuğunda gəlir, tez meşəyə qaçın!

Hamı özünü meşəyə atdı, anam Güneli kürəyinə şəlləmişdi. Bir yandan qorxu, bir yandan da şaxta, qar nəfəsimizi kəsirdi. Beləcə bir xeyli  qaçdıq. Birdən güllə yağış kimi yağmağa başladı. Adamların çoxuna  güllə dəydi. Nərmin də qolundan yaralandı. Biz ölənlərin arasında gizləndik. Anam Günelin ağzını tutmuşdu ki, səs salmasın. Deyəsən, bizi ölmüş bildilər. Ermənilər çıxıb getdilər. Bir xeyli bu vəziyyətdə qaldıq, sonra sürünə-sürünə getməyə başladıq. Anam köynəyinin qolunu cırıb bacımın yarasını sarımışdı. Onun qolu tamam qan içində idi. Cəmi on-on beş nəfər qalmışdıq. Bizimlə gələn qonşularımızdan kiminin nənəsi, anası, balası gözləri önündə can verdiyindən özlərinə gələ bilmirdilər. Amma qaçmağa məcbur idik. Meşədə çox qanlı səhnələrlə rastlaşdıq: – Parçalanmış meyitlər, ağacdan asılmış qadın, kişi meyitləri, gözləri tökülmüş, eybəcər hala salınmış uşaq cəsədləri, qanlı oyuncaqlar, qıpqırmızı qar… Anam: – “Uşaqlar, baxmayın baxmayın”, – deyə mane olsa da, görürdüm hər şeyi və düşmənə nifrətim böyüyürdü…

Biz nə olursa-olsun qaçmalı idik. Artıq səhər açılmaq üzrəydi, daha taqətimiz qalmamışdı. Əl-ayağımız şaxtadan keyimiş, güclə sürünə-sürünə gedirdik. Birdən üzümüzə işıq düşdü. Əvvəlcə qorxduq, sonra – “Can, can, yazıq körpələr!”, – deyə, əmilər gəlib bizi qucaqlarına alıb maşına mindirdilər. Ağdama, evlərinə gətirdilər.

Gözlərimi açanda özümü isti bir evdə, qayğıkeş adamların əhatəsində gördüm. Əlim-ayağım hələ də, göynəyirdi. Nərmini xəstəxanaya aparmışdılar. Günelin qorxudan dili tutulmuşdu, anam bir gecədə elə bil on il qocalmışdı…

-Kapitan, nə düşünürsən belə?

Komandirimin səsi məni acı xatirələrdən ayırdı.

-…Bağışlayın, komandir, düşünürəm ki, bu alçaqların kökünü Qarabağdan kəsmək lazımdı. Şəhidlərimizin qanı tökülən, körpələrimizə zülm edilən bu müqəddəs torpaq o murdarlara yaraşmır. Onlara dağ çəkməyi, ömürlük dərs verməyi düşünürəm. Xocalının intiqamını almaq ən böyük arzumdu…

Uşaq vaxtı öyrəndiyi və hər il Xocalının işğalı günündə tədbirlərdə ürəkdən söylədiyi bir bayatını da, elə döyüşə hazırlaşdığı cəbhədə komandirinə söylədi:

Xocalıyam, dağam mən,

Ürəyi dağ-dağam mən.

Gərək düşmən üstünə

İldırımtək çaxam mən…

-Sən, lap şairsənmiş ki. Heç darıxma, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi sənin doğulduğun Xocalını və bütün torpaqlarımızı dığalardan geri alacağıq. Onları, yurdumuzdan, Ali Baş Komandanımız demiş, iti qovan kimi qovacağıq.

İbrahim əsl snayperçi idi, yoldaşları deyirdi ki, o quşu gözündən vurur. Elə o qarlı gecədə Xocalıdan min bir zülmlə çıxandan sonra gələcəkdə hərbçi olmağı düşünmüşdü. Anası, müəllimləri onu istedadlı bir şagird kimi tanıyırdı, ədəbiyyatı, incəsənəti çox sevirdi. Amma onun atasını düşmən öldürmüşdü, bacısını yaralamışdı, Xocalıda işgəncə ilə öldürülən körpələrin qisasını almalı idi. O kişi kimi vuruşacaqdı, Xocalı əsirlikdə ola-ola onun ayrı sənətlə nə işi ola bilərdi ki… “Qoy bacılarım müəllim, həkim olsun, amma mən hərbçi olmalıyam, başqa yolum yoxdu”, – demişdi…

Döyüş zamanı snayperlər çox iş görürlər. Qarabağın da relyefi elədir ki, burada snayperlər döyüş zamanı həlledici imkana sahib olurlar. İbrahim də snayperçi kimi dəfələrlə düşmənin ocağını məhv eləmişdi…

İbrahimin atası da hərbçi olmuşdu. Birinci Qarabağ Savaşında  qəhrəmanlıqla şəhid olmuş atası onun ilk müəllimiydi. Atası elə beş yaşından onu idman kurslarına aparmış, uşaqlıqdan silahla davranmağı, güllə atmağı öyrətmişdi. – “Mən cəbhədəyəm, sən indi evin kişisi hesab olunursan, ananı, bacılarını qorumalısan”, demişdi…

O vaxtdan otuz ilə yaxın vaxt keçib. O vaxtdan mən hər gün Xocalıdan Ağdama qanlı qarın içində necə gəlib çıxdığımızı düşünmüşəm, hər gün…

Mina Rəşid

 

 

 

 

Share: