Xalqımızın taleyinə doğan günəş…

Dövlət başçımızın sərəncamı ilə 2023 – cü ilin Azərbaycanda ” Heydər Əliyev ili ” elan edilməsi sonsuz razılıqla qarşılanmışdır. Xalqımızın dünya şöhrətli siyasi liderinə ümumxalq məhəbbəti sonsuz və tükənməzdir.

Heydər Əliyev Azərbaycan xalqının taleyinə doğan günəş idi. Bu müdrik insan bütün şüurlu həyatını öz xalqının xoşbəxtliyinə, canından artıq sevdiyi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və qüdrətlənməsinə həsr etdi.
Xalqın lideri olmaq böyük xoşbəxtlikdir. Heydər Əliyevdə bu keyfiyyətlər anadan gəlmə idi. Ana tarix bu müdrik şəxsiyyətin əvəzsiz lider olduğunu çoxdan təsdiq etmişdir.

Köhnə bakılı, uzun illər ittifaq vəzifələrdə çalışmış Nikolay Baybakov deyirdi: ” Mən öz xalqını, öz vətənini Heydər Əliyev qədər sevən ikinci bir şəxsiyyət tanımıram…”

Bəli, Heydər Əliyev zamana, məkana sığmayan bir şəxsiyyət idi. Yenə Nikolay Baybakova müraciət etmək istəyirəm. M. Qorbaçovun məkrli siyasəti ilə ittifaq rəhbərliyindən uzaqlaşdırıldığdan sonra, çətinliklə də olsa, Azərbaycana qayıdan və Naxçıvanda məskunlaşan Heydər Əliyevlə görüşəndən sonra deyirdi: Maraqlıdır, SSRİ kimi nəhəng bir ölkəyə sığmayan Heydər Əliyev, görəsən balaca Naxçıvana necə sığır?!.”
Əslində, Heydər Əliyev həmin illərdə Naxçıvanla nəfəs alır, bütün çətinlikləri naxçıvanlılarla birlikdə yaşayırdı.

Heydər Əliyev hakimiyyət ustası idi. Bunu dünyanın əksər dövlət başçıları etiraf edirdilər. Amerika Birləşmiş Ştatları kimi nəhəng bir dövlətin sabiq prezidenti Bill Klintonun Heydər Əliyevlə ilk görüşdən sonra səsləndirdiyi fikirlər çox ibrətamiz və layiqli qiymətdir:

” Heydər Əliyev nəinki Azərbaycanı və ya Amerika Birləşmiş Ştatlarını, hətta bütün dünyanı idarə etməyə qadir bir liderdir…”
Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı idi.

Onun rəhbərliyi dövründə Azərbaycan geridə qalmış bir ölkədən ittifaq respublikaları arasında inkişaf edən , iri addımlarla irəliləyən bir respublikaya çevrildi. Bu gün də həmin siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.
Xalqımızın ümumilli lideri Heydər Əliyev zamanın fövqündə durmağı bacaran bir şəxsiyyət idi.

Can bir qardaşlarımız olan türklərin öz xalqı üçün misilsiz xidmətlər göstərmiş Atatürk haqqında müdrik deyimləri var: ” Dünyanın harası olursa olsun, orada cəmi bircə nəfər olsa belə türk varsa , deməli orda Mustafa Kamal Paşa Atatürk var…”

Heydər Əliyevin ittifaq hökumətində yüksək dərəcədə əhəmiyyətli posta irəli çəkilməsi də təsadüfi deyildi. Bu görkəmli dövlət xadiminin Azərbaycanda gördüyü əzəmətli quruculuq işləri, təşkilatçılıq, və dövləti idarəetmə bacarığı ölkə rəhbərliyinə yaxşı məlum idi. Artıq yaşa dolmuş, səmərəli iş fəaliyyətləri azalmış rəhbərlərin toplaşdığı Kremlə məhz, Heydər Əliyev kimi yorulmaq bilmədən çalışan, yaranmış problemlərin mahiyyəti və həlli yollarını dərindən bilən kadrlar lazım idi. Heydər Əliyev isə on dörd ilə yaxın rəhbərlik etdiyi, qurub – yaratdığı və canı qədər sevdiyi Azərbaycandan ayrılmaq istəmirdi. Heydər Əliyevi hələ çekist fəaliyyəti dövründən yaxşı tanıyan hakimiyyət partiyasının baş katibi Y. V.Andropovun isə qərarı qəti idi:
” Sən mənə burda lazımsan Heydər Əliyeviç…”
Və beləcə Heydər Əliyevin 5 illik Kreml dövrü başlandı. Əslində bu gəlişlə çoxdan passivləşmiş Kreml divarları arasına yeni bir canlanma, hər gün axşam saatlarına qədər fasiləsiz çalışmaq tendensiyası gətirilmişdi. Kabinetlərdə oturub mürgüləyən, iş gününün başa çatmasını səbirsizliklə gözləyən, istirahət günlərini xudmani bağ evlərində keçirməyə adət etmiş nazirləri və digər rəhbərləri belə iş metodu qətiyyən razı salmırdı…

Zaman Heydər Əliyev şəxsiyyətinin müdrikliyini dəfələrlə təsdiq etmişdir.

2003- cü ildə İlham Əliyevə böyük uzaqgörənliklə verdiyi son dərəcə yüksək qiymət bunun bariz nümunəsidir. Dahi rəhbər xalqa müraciətində deyirdi:

“Mən İlhama özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri o tamamlayacaqdır…”

Həqiqət göz önündədir. ” Nəyi necə nə vaxt eləməyi yaxşı bilən” müdrik Ali Baş Komandanımız İlham Əliyev xalqımızın düyünə düşmüş 30 illik Qarabağ məsələsinə 44 günlük Zəfər Qələbəsi ilə son qoydu.

Heydər Əliyev şöhrəti heç vaxt solmayacaq, yolumuza gur işıq saçan mayak kimi həmişə xalqımızın başı üzərində olacaq…

Heydər Əliyev ili. Tariximizin 2023- cü ili bu əlamətdar hadisə iıə əlaqədar daha yadda qalan bir il olacaqdır…

P.S. Heydər Əliyev fenomeni hələ tam açılmamış bir sirdir. Buna zaman lazımdır. Ancaq bir müdrik dövlət xadiminin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri ilə yaxından tanış olmaq üçün, onun ilk bioqraflarından olan, istedadlı publisist, hazırda Azərbaycanın Ukraynadakı səfiri Elmira xanım Axundovanın ” Heydər Əliyev Şəxsiyyət və zaman ” adlı çoxcildli roman – tədqiqatına üz tutmağı tövsiyə edirəm.

P.S.S. Sonda öz şirin təhkiyə üsulu ilə bu müdrik şəxsiyyəti yuxusuz gecələr, hər qələm sahibinə xas olmayan dərin təhlillər, gərgin axtarışlar hesabına çoxsaylı oxucularına ustalıqla təqdim edən hörmətli Elmira xanıma sonsuz minnətdarlığımı bildirirəm…

Fuad BİLƏSUVARLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Fotolar
Share: