Üzə tüpürmək asandır, yoxsa sözə?…NAMİQ HƏSƏNOV YAZIR…

Bir insan bütün ömrü boyu orta hesabla 25 min litr tüpürcək ifraz edir. Bu isə 2 hovuzu doldurmağa yetər. Deyirəm, birdəfəlik tüpürmək mümkün olsaydı, 2 hovuzluq tüpürüləsi adamı yığıb, qəşəngcə çimizdirərdik… Zarafat 2 yana, söhbət çox ciddidir… 
Adam var, üzə tüpürür, adam var, sözə, adam da var, hər ikisinə. Üz müvəqqətidir, söz əbədi. İnsan sözdən dəyərsizdir… Adam da var, bir üzünə tüpürürsən, o birini çevirir. Bəziləri isə “Titanik”in okeana tüpürən qəhrəmanları kimi kimin daha uzağa tüpürməsi yarışını keçirirlər. Adam da var, küçədə tüpürə-tüpürə gəzir, şüursuzcasına tüpürür və xəstəlik yayır. Yeri gəldi, yeri getməmiş qoy bir haşiyəyə çıxım.Tüpürcək və ya ağız suyu – tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı mayedir. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzlərindən ifraz edilir. Nə isə…
Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dəfələrlə yerə saqqız atanlara və tüpürənlərə xəbərdarlıq edib. O, “Son dəfə xəbərdarlıq edirəm, bu insanlar cəzalandırılacaq”,- deyib və bu ölkədə saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən və əl-qol hərəkətləriylə ətrafdakıları narahat edənlərə 3 gün həbs və pul cəzası verilməsini təklif edib.
Eyni cəza metodları Sinqapurda da keçərlidir. Bu ölkədə də liftdən ayaqyolu kimi istifadə edən, ictimai yerdə saqqız çeynəyən, onu yerə atan, habelə yerə tüpürən şəxslər cəzalandırılır. Bu cəzanın məbləği, təxminən 50 dollara yaxındır.
Türkiyədə isə yerə tüpürmək inzibati cəza sayılır və buna görə insanlar milli valyuta ilə desək, 25 manat məbləğində cəzalandırılır.
Avstriyada xüsusi tüpürcək qutuları var – eynən zibil qutuları kimi. İnsanlar hər 50 metrdən bir bu qutularla qarşılaşır. Tüpürməyə ehtiyacı olan insanlar həmin qutudan istifadə edir.
Osmanlı tarixində ağac və kol diblərinə tüpürmək tövsiyyə edilirdi. Bəzi sivilizasiyaların tarixində isə tüpürmək üçün otaqlarda xüsusi qab olurdu. Keçmiş rus tarixində, obalarda yaşayanlar əl yuduqları qabın içinə tüpürürdülər və sonra onunla əllərini yuyurdular. Padşahların və xanların tüpürmələri üçün xüsusi qabları var idi, hətta bu qablar qızıldan, gümüşdən hazırlanırdı. Tarixdə hansısa padşaha qızıl tüpürcək qabı hədiyyə edilməsi faktına da rast gəlinir.
Məsələnin görünən tərəfləri ilə yanaşı, görünməyən, amma həkimlər tərəfindən təhlil olunan tərəfləri də var. Mütəxəssislər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində, təxminən, 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob mövcuddur. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Bahooo. Haşiyə yazıdan böyük oldu ki…Yeri getsə də, indi də haşiyəni qoyub yazıya çıxım.
Bilirəm ki, yazını oxuyub sözümə və özümə tüpürmək istəyənlər olacaq. Amma onlara balaca bir xatırlatma-Dahi Viktor Hüqo bir gün sərxoş halda evinə gələrkən böyrəkləri dözmür və evinə çatmamış divarın dibinə… Bu zaman arxadan bir nəfər onun üstünə qışqırır: “Ay eşşək, sən bilirsən, bura haradır? Bura Viktor Hüqonun evinin divarıdır…” Sonralar dahi yazıçı verdiyi müsahibələrin birində bu cümləni ömründə eşitdiyi ən gözəl kompliment adlandırmışdı. Nə isə…
Vaxtilə, qəbul edilsin deyə Tolstoyun adından oxucuya “sırıdığım” bir sözüm yadıma düşdü: “Belə getsə, sırtıq yanaqlar qızmış ütü kimi tüpürcək götürməyəcək”. Yazdım-yazdım, ortaya bir şey çıxmadı, kələfin ucunu itirdim. Keçdim sitatlara. Bəzən sitat fikri qüvvətləndirmək vasitəsi sayılır, bəzənsə acizlik. Hansından hesab edirsiniz-edin, məndən demək:
“…Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su  verin, tüpürmək üçün…” Bunu Salam Sarvan deyib. Ramiz Rövşən isə “…Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..”,-deyir.
Bəs mən nə deyirəm, ay ellər?!. Mən tamam başqa şey deyirəm. Deyirəm, indi elə üzlər var ki, tüpürürsən, tüpürcəyin bumeranq kimi özünə qayıdır, elə bilirsən ki, o sənin üzünə tüpürüb. Üzünə tüpürülən qızarmır(hətta bozarır), üzə tüpürən qızarır…
Yadımdan çıxmamış bir şeyi də deyim-Mən xalq hikmətində bir şeyi başa düşmürəm: dabanına tüpürüb qaçmaq. Bu nə deməkdir, ümumiyyətlə? İmkanınız olanda bir sınayın, nəticəsini mənə də deyin ki,  dabanıma tüpürüb qaçmayım.
Mətləb…Verdiyi sözə tüpürən insan var, ərinin qeyrətinə tüpürən qadın var, arvadının sevgilisinin üzünə tüpürə bilməyən kişi var, ailəsinə tüpürüb intihar edən övlad var, diplomuna tüpürüb fəhləlik edən var, gördüyü işin içinə tüpürən bərbər var(bunu qafiyə üçün dedim), şəxsiyyətinə, vicdanına, haqq-ədalətə tüpürənlər var…bunlar hər biri ayrı mövzudur, xatırlatmaqda isə məqsədim var. Gəlinunutmayaq ki, sözə tüpürmək üçün BAŞ, üzə tüpürmək üçün … lazımdır!
Əgər kiminsə üzünə, ya da sözünə tüpürmək istəyirsinizsə, yaxud əksinə, sizə tüpürmək istəyən varsa, bu hadisə baş verməzdən qabaq tüpürcəyin tərkibindəki bəzi maddələri yada salın: Su-994q/l, zülal-1,4-6,4 q/l, selik-0,9-6,0 q/l, sidik turşusu-0,005-0,030 q/l, sidik cövhəri 140-750 mmol/1 və s.
Məndən sizə bir dənə də MƏMMƏDQULU-sözə də tüpürməyin, üzə də. Yerə tüpürmək üçün isə xüsusi qutular var. Əgər buna da əməl eləməyəcəksinizsə, onda ifadəmə görə bağışlayın, tüpürüm bu yazıya…
Namiq Həsənov

Share: