Sevdiyim insan, dəyər verdiyim dost – Məlahət HÜMMƏTQIZI Narıngül Nadir haqda…

Sevdiyim insan, dəyər verdiyim dost – Məlahət HÜMMƏTQIZI Narıngül Nadir haqda…

Bəzi tanışlıqlar var ki, ilk görüşdən adi bir tanışlıq kimi başlayır, zaman keçdikcə isə insanın yaddaşında və qəlbində özünə xüsusi yer tutur. Narıngül xanımla tanışlığımız da mənim üçün belə oldu.

Yadımdadır, onunla ilk dəfə AYB-də Kadrlar şöbəsinin müdiri Arifə xanımın otağında tanış olduq. Sonralar kitab təqdimatları, ədəbi tədbirlər, toy məclisləri, ad günləri bizi dəfələrlə bir araya gətirdi. Hər görüşdə onu bir az da yaxından tanıdım. Zaman keçdikcə bu insana bağlandım, sevdim bu xanımı.
Narıngül xanım mənim üçün çox dəyərlidir. Mehribandır, səmimidir, sülhsevərdir. İstəyər ki, ətrafındakı hər kəs dost olsun, mehribanlıq içində yaşasın. İnsanları bir-birinə yaxınlaşdırmağı, yaxşı münasibətlər qurmağı sevər. Ürəyində kinə, paxıllığa, xainliyə yer yoxdur. Saxtalığı sevməz, belə insanları özündən uzaq tutar.
Mən onu ən çox həqiqi dost olduğu üçün sevirəm. O, əsl dostdur. Səni çətin gündə tək qoymaz, əl tutar, kömək edər, yanında olar. Ürəyi çox təmizdir. Dostcanlıdır. Onun dostluğu sözlə deyil, davranışı ilə özünü göstərir.
Narıngül xanım həm də çox gözəl yaradıcı insandır. Onun nəsrini sevirəm, şeirlərini böyük zövqlə oxuyuram. Yazdıqlarında həyat var, duyğu var, insan var. Oxucunu öz dünyasından alıb başqa aləmlərə aparmağı, düşündürməyi və duyğulandırmağı bacarır. Onun yaradıcılığında qadın dünyasına, insan taleyinə və həyata xüsusi həssaslıqla yanaşma hiss olunur.
Məncə, onun yaradıcılığının ən gözəl cəhətlərindən biri də budur: o, oxucunun qəlbinə toxuna bilir. Sözləri insanı düşündürür, bəzən kövrəldir, bəzən sevindirir.
Amma bütün bunlardan da əvvəl Narıngül xanım yaxşı insandır. Mənim üçün onun ən böyük dəyəri də elə budur. Gözəl insan olmaq, yaxşılıq etməyi bacarmaq, dostunun yanında dayanmaq, insanlara səmimi münasibət göstərmək hər kəsə nəsib olmur.
Şəkilin açıqlaması yoxdur.
İki gözəl nəvəsi var. Onların sevgisi və gülüşü Narıngül xanımın həyatına ayrıca bir sevinc, gözəllik qatır. Arzu edirəm ki, nəvələrinin bütün xoş günlərini, uğurlarını görsün, onların sevgisi ilə uzun və xoşbəxt ömür sürsün.
Bu gün onun doğum günüdür. Bu gözəl gündə ona ən böyük arzum budur ki, ürəyindəki bütün gözəl duyğular, verdiyi bütün yaxşılıqlar özünə qat-qat geri qayıtsın. Həmişə sağlam, xoşbəxt, sevdikləri ilə birlikdə və üzündə təbəssümlə yaşasın.
Əziz Narıngül xanım, yaxşı ki, varsan, yaxşı ki, səni tanımışam. Sənə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, iki gözəl nəvənin sevincini daim görməyi, bol-bol sevinc və yaradıcılıq uğurları arzulayıram.
Doğum günün mübarək! Həmişə belə gözəl qəlbli, səmimi, mehriban və işıqlı qal.
Share: