Mehriban xanım Əliyevaya Gürcüstanın Qardabani bələdiyyəsindən müraciət…

Mehriban xanım Əliyevaya Gürcüstanın Qardabani bələdiyyəsindən müraciət…

Azərbaycan Respublikasının birinci vitse-prezidenti və birinci xanımı zati-aliləri Mehriban xanım Əliyevaya Gürcüstanın Qardabani bələdiyyəsinin Vaxtanqisi kənd sakini, “Gürcüstanda azərbaycanlıların maarif və mədəniyyət platforması” qeyri hökumət (qeyri kommersiya) təşkilatının təsisçisi və rəhbəri Bədrəddin Vəliyevin

(Ş. № 12001009976, tel. № +995 555 61 65 98)
M ü r a c i ə t i

Zati-aliləri, Dövlət Konstitusiyasına uyğun olaraq, gürcü dili Gürcüstanda Ana dili statusuna malikdir və bu səbəbdən də nə azərbaycandilli məktəblərin buraxılış, nə də Gürcüstan Ali təhsil müəssisələrinin qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənninə yer yoxdur. Buna görə də, milliyətcə azərbaycanlı şagirdlər və onların valideynləri Ana dilimizə laqeyd münasibət bəsləyir və “Heç olmasa, gürcü dilində danışmağı öyrənərlər!” şüarını rəhbər tutaraq, gürcüdilli məktəblərdə təhsil almağa üstünlük verirlər.
Belə münasibətin neqativ təsirini yaşadığım Vaxtanqisi kəndinin 1 saylı azərbaycandilli ictimai məktəbinin timsalında açıq şəkildə görmək olar. Belə ki, hər il, azı 2 birinci sinfi olan bu məktəbin 1-ci sinfinə 2025/26-cı dərs ilinin əvvəlində cəmi 8 ərizə verilmişdi. Xeyli vaxtdır davam edən bu tendensiya narahatlıq doğurmaya bilməz. Çünki bu, bizim xalqın illər keçdikcə assimilyasiyaya uğrayacağı, gürcüləşib yox olacağı anlamına gəlir. Bu real təhlükənin qarşısının vaxtında alınması məqsədi mənə şəxsən siz zati-alilərinə bu müraciəti ünvanlamaq cəsarəti verdi.
Mən milli hesiyyəti qiymətləndirən bir azərbaycanlı kimi, mənəvi Vətənim Azərbaycanı çox sevirəm. Orada xalq və hakimiyyətin birliyi, ölkə rəhbərliyinin yeganə düzgün və müdrik siyasəti nəticəsində “Qarabağ problemi”nin birdəfəlik həll edilməsi, torpaqlarımızın erməni işğalından azad olunması, ölkə suverenliyinin bərpası, illər boyu ikili standartlarla üzləşən, öz səsi belə, beynəlxalq arenada eşidilməyən Azərbaycanımızın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsi, dünya siyasət meydanında söz sahibi olaraq, müstəmləkə siyasətindən əziyyət çəkən xalqların səslərinin eşidilməsinə önəmli yardım etməsi, Qlobal Cənub QHT-ləri platformasına sədr seçilməsi xalqımızın hər bir nəfəri kimi, mənim də qəlbimi qürur və fərəh hissləri ilə doldurur. Eyni zamanda bir Gürcüstan vətəndaşı kimi, bu Vətənimi də sevirəm. Tarixən, ata-babalarım bu ölkədə yaşayıblar, onların qəbirləri müqəddəs Vətən torpağındadır. Gürcü xalqına, onların tarixi keçmişinə böyük hörmətim vardır. Gürcü və Azərbaycan xalqlarının tarixin sınaqlarından keçmiş dostluğunun indinin özündə də yüksələn xətlə inkişaf etməsinə sevinir və bunu çox yüksək qiymətləndirirəm. Bununla belə, Ana dilimizin itirilə biləcəyi təhlükəsini böyük bir faciənin başlanğıcı hesab edirəm. Azərbaycan Respublikasında möhtərəm prezidentimiz zati-aliləri İlham Əliyevin, həm də şəxsən sizin tərəfinizdən dilimizin təmizliyinin, saflığının qorunmasına diqqət və qayğı göstərilməsi fonunda Gürcüstan azərbaycanlılarının həm özlərinin, həm də dillərinin qorunması naminə qabaqlayıcı tədbirlər silsiləsinin vacibliyini vurğulamaq istəyirəm və rəhbərlik etdiyim QHT-nin fəaliyyətini də bu mümkün faciənin qarşısını almağa yönəltmək üçün hər şeyi etməyə hazıram.
Qarşıya qoyduğumuz bu məqsədə çatmaq üçün bütün ümidimiz zati-aliləri İ.Əliyevə və şəxsən Sizədir. Əgər təşkilatımızın fəaliyyəti maliyyələşdirilsə, bu, Gürcüstanda yaşayan azərbaycanlılar üçün çox önəmli töfhə olar. Yuxarıda qeyd olunun faciənin qarşısı alınar və gələcək nəsillərin qınağına düçar olmarıq.
Müraciətimin sonunda bir məsələyə diqqətinizi çəkmək istəyirəm: Gürcüstanda fəaliyyət göstərən bəzi QHT-lərin adlarını eşidir, amma real hərəkətlərini görmürəm. Bizim Qarayazı bölgəsində onların varlığı bir üzdəniraq məsələdə özünü göstərir: Onların təqdimatı əsasında, bəzi səviyyəsiz eloğlularımıza layiq olmadıqları “Qızıl Qələm”, “XXI əsrin ziyalısı”, “Heydər Əliyev zirvəsi” və s. fəxri adlar verilir. Bu da həmin adların qiymətdən düşməsinə, ucuzlaşmasına gətirib çıxarır.
Düşünürəm ki, Bakıda bu məsələyə diqqət artırılmalıdır.
Qadir Allah, Azərbaycan xalqını, Azərbaycan dövlətini və rəhbərlərini qorusun!
Dərin hörmətlə: ___ (B. Vəliyev)
P.S. Mən 82 yaşlı bir təqaüdçü müəlliməm. Sizə aşağıda ünvanlayacağım fikirləri yersiz hesab etsəniz, ikinci uşaqlıq dövrünü yaşayan bu yaşlı müəllimi əfv edin:
Siz Azərbaycan Respublikasının birinci xanımı statusuna malik olmaqla, həm də bütün dünya Azərbaycanlılarının mənəvi anasısınız (o cümlədən mənim də). Əgər sizinlə görüşmək imkanı mümkün olsaydı, əlinizi öpüb mənəvi övlad hörmətini və sayğısını izhar edər və aşağıdakı “Anadır” şeirini sizə ithaf edərdim.

Anadır

Necə vermək olar onun qiymətin?
İçilən andların yüzü Anadır.
Önündə baş əyib qılın səcdəni,
Kəbənin, qiblənin özü-Anadır.

Biznən yaşar, ömrü olsa da gödək,
Ürəyi bizimçün məşəldir, bişəkk.
Onun göstərdiyi yol ilə gedək.
Xudanın düz yolu, izi—Anadır.

Bir dünya gücü var zəif qolunda,
Oğul, qız səf tutar sağusolunda.
Göz qırpmadan özün övlad yolunda
Qurban verən, sözün düzü, — Anadır.

Ana müqəddəsdir Vətənlə bahəm,
Yurdumu da mən müqəddəs bilmişəm.
Ana bir Vətəndir, Vətənin də həm,
Hər dağı, dərəsi, düzü—Anadır.

Onsuz yaranmazdı övladi-bəşər,
Dünya qurulardı, bilməm, nə təhər?
Zavallı önündə torpağa düşər,
Həm əvvəl, həm axır sözü—“Ana”dır!
Tanrının şəfqətli gözü —Anadır.

Diqqətinizi çəkməyə müvəffəq olsam, özümü xoşbəxt sayardım. Qədim bir kəlam var: Əgər şah yoxsulun evinə girsə, özünü alçaltmaz, amma yoxsulu ucaldar.

Xudahafiz
QHT-nin fəaliyyət proqramı da hazırkı “Müraciətə” əlavə olunur

“Gürcüstanda azərbaycanlıların maarif və mədəniyyət platforması”
QHT-nin fəaliyyət proqramı
Azərbaycan dili və ədəbiyyat fənninə laqeydliyin aradan qaldırılması üçün:

Soydaşlarımızın kompakt yaşadıqları bütün rayonlarda həmin fənndən əlavə məşğələlərin keçirilməsini təşkil etmək;
Göstərilən fənndən müxtəlif olimpiadaların keçirilməsini təmin etmək, ən yaxşı göstəriciləri olan şagirdləri mükafatlandırmaq və bu yolla Ana dilinə həvəsin artmasının stimullaşmasına nail olmaq;

Gürcü dili fənnindən də əlavə məşğələlərin xüsusi peşəkarlıqla keçirilməsini təmin etmək, millət balalarının gürcü dilini bu məşğələlərin köməyi ilə daha yaxşı öyrənmələrinə nail olmaq;
Gənclərimizin gürcüdilli Ali məktəblərə qəbulunu asanlaşdırmaq, bununla da onların gürcü cəmiyyətinə inteqrasiyasını sürətləndirmək üçün başqa əsas fənlərdən də (tarix, məntiq, riyaziyyat və s.) əlavə məşğələlər təşkil etmək;
Soydaşlarımızın hüquqi ehtiyaclarının həlinə kömək (Müxtəlif məsləhətlərin verilməsi, lazımi ərizələrin yazılması, bəzi sənədlərin tərtibatı və s.) üçün bölgələrdə “Məsləhətçi hüquqşünas” ştatının fəaliyyət göstərməsinə nail olmaq;
Bədii yaradıcılıqla məşğul olan soydaşlarımıza müəyyən maliyyə yardımının göstərilməsinə çalışmaq;
Yüksək peşəkarlığı nüfuzu ilə fərqlənən ziyalılarımızın (müəllim, həkim, mühəndis və s.) yuvarlaq yaş, staj illərinin — yubileylərinin qeyd edilməsinə yardım etmək;
QHT-nin orqanı olan “Gürcüstan azərbaycanlıları” (Ad şərtidir. “Borçalı”, “Borçalı türkləri” və s. ola bilər) qəzetinin nəşr edilməsinə nail olmaq;
Həmin qəzetin səhifələrində Azərbaycan şifahi xalq ədəbiyyatının müxtəlif janrları nümunələrini (xalq dastanları, nağıllar, bayatılar, aşıq ədəbiyyatı və s.) müntəzəm olaraq dərc edilməsini təmin edərək soydaşlarımızın diqqətlərinə çatdırmaq və s.

Share: