Sentyabrın 1-dən TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması xəbəri bütün səhiyyə ictimaiyyətində böyük sevinc və ruh yüksəkliyi yaradıb.
Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü, Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığı ilə həyata keçirilən bu mühüm addım tibb işçilərinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
TƏBİB-in İcraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı bu xoş xəbəri ictimaiyyətə çatdıraraq yeni əməkhaqqı qaydalarının sentyabrın 1-dən tətbiq olunacağını və 72 212 tibb işçisini əhatə edəcəyini bildirib.
İnsan sağlamlığının keşiyində dayanan həkim və tibb işçilərinin əməyinin belə yüksək qiymətləndirilməsi hər birimizi qürurlandırır. Əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşmasına, əməyinə verilən dəyərin yüksəlməsinə, işimizə olan həvəs və motivasiyamızın daha da artmasına böyük stimul verəcək.
Biz, həkimlər və bütün tibb işçiləri olaraq, göstərilən bu yüksək diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Bu böyük etimadı yüksək qiymətləndirir, bundan sonra da xalqımıza daha keyfiyyətli tibbi xidmət göstərmək, insanların sağlamlığının keşiyində layiqincə dayanmaq üçün daha böyük həvəs, məsuliyyət və fədakarlıqla çalışacağımıza söz veririk.
Tibb işçisinin əməyinə verilən dəyər bizim üçün həm böyük sevinc, həm qürur, həm də böyük məsuliyyətdir.
Təşəkkür edirik! Var olun!






















