…ürəyim nimdaş paltar kimi tikiş-tikişdir… Ələddin ƏZİMLİ

(Yeni şeirlər)

BU GECƏ

Aç köynəyinin yaxasını,
bacarırsan cır!
Göstər ürəyini,
görüm rəngini,
eşidim döyüntüsünü,
səsini.

Mənim ürəyimi
açdılar onuncu ildə,
yəni əlli beşimdə-
məndən xəbərsiz.
Sonra bildim
ürəyim nimdaş paltar kimi
tikiş-tikişdir.
Buna qarışacağım yox,
mənlik nə var ki
həkimlik işdir.

Yaddaşım titrətdi məni,
yerimdən tərpətdi məni.
…Yalqız gecədir
oturmuşam özümlə üzbəüz.
Otaqda yerim rahatdır,
görəsən, çöldə hava necədir?..

GETDİN

Getdin,
apardın rahatlığımı-
Ay işığı kimi,
Günəş kimi,
dəniz kimi.
Qaldım qovrula-qovrula,
yana- yana,
səndən yana.
Vaxt gələcək
Ay da dönəcək yerinə,
Günəş də,
dəniz də.
Yollara düşəcək
yeni bir ləpir də,
İz də.
Görən necə ömr edəcəm
bundan sonra,
qərib-qərib
boylanaraq sağa-sola
mən bəxtsiz də…

O SÖZ

Bilirsənmi
o söz nədir?
Payız ruzigarı tək
ürəyimi yarpaq kimi titrədən,
soyuq bir külək.
Məni
axşam-səhər silkələyən
bir sual:
-gələcək, ya gəlməyəcək?
O söz, bir də bu sual
yol ayrıcında
düşündürür məni:
– hansı səmtə gedək,
sağa, yoxsa sola?
Qalmışam duyğularımdan,
bir də
o qəmgin yarpaqlardan
asıla- asıla…

QAPQARANLIQ XATİRƏLƏR

O günümü-
o günün
ayrılıq rəngli anlarını
çəkdim xatirə dəftərinə-
bir yalqızın,
bir tənhanın ürəyinə.
Neçə gündür gözləyirəm
bir səs yoxdu.
Bir qığılcım işarmır
o günün gözlərindən.
Elə bil
divar arxasında qalıb
ümidlər.
Yoxa çıxır kölgələr
birər-birər.
Bir də
qapqaranlıq xatirələr…

ƏSL ŞEİR

Əsl şeir

qəlb ağrısı,
göz yaşıdır,
baş daşıdır.

Əsl şeir
candan qopur,
qəm qoxuyur,
qan qoxuyur.

Əsl şeir
yazılmayıb hələ,
boğazından
asılmayıb hələ…

Share: