Yəqin ki, aranızda avtomobil idarə edərkən günün müəyyən vaxtlarında radionu FM 90 dalğasına kökləyib, onun aparıcısı olduğu “Can Azərbaycan” verilişinə diqqətlə qulaq asanlar az deyillər.
Hər verilişində də bir-birindən maraqlı adamlarlarla müsahibə aparır. Bəli, bu gün sizə səsinə, peşəkarlığına valeh olduğum Pərvanə Nadirqızıdan söhbət açmaq istəyirəm…
Son dərəcə şən, gülərüz və mehriban xanımdır. Hər hansı bir işə başlayanda qərar verməyə çətinlik çəksə də, fəqət sarsılmaz xarekterə sahibdir. Onun üçün hər bir təcrübə, hər bir insan və ya hər bir fikir öyrəniləsi hədəfdir. Maraq dairəsinin genişliyi ona suallar verib, müzakirələr aparmağa və mövzunu dərindən analiz etməyə imkan yaradır. Elə ona görə də bu yöndə çevikliyi, peşəkarlığı ilə tanınır…
Deyir ki:- “Jurnalistikada etika əsasən peşə fəaliyyəti zamanı ortaya çıxır. Yəni, adi həyatda etika, mədəniyyət, əxlaqi dəyərlər bir insana necə lazımdırsa, peşə fəaliyyətində də etik qaydalara əməl etmək zəruridir. Jurnalist öz işində fakta əsaslanaraq danışırsa, bu, artıq onun etik göstəricisidir. Yəni, onun işi faktlarladır. O, detallarla işləyir. Fakta əsaslanan jurnalist isə artıq peşəkarlığın birinci pilləsini adlamış olur. Vicdanlı olmaq, ədalətli olmaq jurnalist etikasına xidmət edən məsələlərdir. Jurnalist informasiyanı da elə almalıdır ki, gərək onun bu bacarığı kənardan vulqar bir formada yox, professional şəkildə görünsün…”
Ətrafına həmişə sevinc saçır. Ağıllı, mədəni və müdrük xnımdır. Maraqlı, məzmunlu, ünsiyyətcildir. Odur ki, xeyli rəfiqələsi, eləcə də xətrini istəyən adamlar var. Yeni insanlarla, maraqlı şəxslərlə tanış olmaqdan zövq alır. Daxili aləmi nurlu olduğu üçün, həmişə cəlbedici, cazibədar görünür. Deyingən, paxıl, və qərəzli insanlardan uzaq qaçır. Ünsiyyətdə hər zaman anlayış və tolerantlığı gözləyir…
“Televiziyada, eləcə də radioda fəaliyyətim boyu hədəflərim həmişə müxtəlif olub. Tutaq ki, hər hansı bir müsahibə götürürəmsə, onun auditoriyasının kimlər ola biləcəyini təxmin edirəm. Çünki müəyyən yaş qruplarından tutmuş, efirə gedən materialın hansı saatda olmasına qədər hər bir nüans peşəkarlıq göstəricisinə təsir edir. Ailəsinin yaşlı üzvləri, övladları üçün narahat olanlar var ki, onlar cəmiyyətin həssas qruplarıdır və bu kimi qrupları da nəzərə almaq vacibdir. Düşünürəm ki, həmsöhbətimdə olan maraqlı informasiyalar hər kəslə bölüşülməməlidir. Eyni zamanda aparıcı həmsöhbətinə elə suallar ünvanlamalıdır ki, onun cavabları tamaşaçılara maraqlı olsun…”- söyləyir.
Öz işinə yaradıcı yanaşma tərzi var, məhsuldarlıq ona ilham verir. İti zəkası, sürətli düşünmə, güclü dərketmə qabiliyyəti, həmçinin analitik təfəkkürü onu çoxlarından fərqləndirir. Maraq dairəsi o qədər genişdir ki, hətta müsahibələrdən öncə həmsöhbətlərinin haqqında araşdırma, tədqiqat aparmaqdan usanmır…
Bəli, onun həyat fəlsəfəsi, hər zaman öyrənməyə və inkişaf etməyə yönəlib. Sanki bunlar olmasa rahat yaşaya bilməz…
Deyir ki:- “Bir dəfə Qara Qarayev radioya irad bildirərək deyir ki, efirdə insanların zövqünü korlayan musiqilər gedir. Məktublar şöbəsinin direktoru Qarayevə bir topa məktub göstərir. Qeyd edir ki, insanlar bunları istəyir. Qarayevin cavabı isə bu olur: “İnsanların istəkləri onların zövqünü formalaşdırmır. Zövqü formalaşdıran sizsiniz.” Mən də düşünürəm ki, insanların nə istəməsi onları həm də yalnış yönə apara bilər. Hətta buna bir ad qoyulub: “Kütlə psixologiyası” Bəs kütlə kimdir? Birinci bunu aydınlaşdırmaq lazımdır…”
Müsahiblərinə sual verib cavab gözləyəndə onları təmkinlə dinləməyi yaxşı hiss olunur. Belə təmkinli olması isə, onu xarizmatik və bənzərsiz göstərir. Həm də dürüst, şirindil və nəzakətlidir. Bir təcrübəli jurnalist kimi isə, hələlik radio və televiziyalarımızda öndə olan aparıcılardan biridir. Bu sahəyə yeni gələnlərə tövsiyyəsi belədir: “Bütün gənclərə, elm, bilik ardınca gedən hər kəsə bu yolda uğurlar arzu edirəm. Onlara bu rəqabət dolu aləmdə öz mövqelərini tutmağı diləyirəm. Fərqi yoxdur aparıcı və ya müxbir olacaqlar. İlk növbədə etik qaydalara riayət edən əsl jurnalist olsunlar. Mən bu adı onlara arzu edirəm. Çünki bu ad çox şərəflidir.”
…Budur, yenə də FM 90 elan edir: “Efirdə “Can, Azərbaycan” verilişidir” və Pərvanə Nadirqızının səsi avtomobilə yayılır…
Beynəlxalq Radio Gününüz mübarək!..
Elman Eldaroğlu






















