Unitazını yazarın başı ilə müqayisə edən Nüşabə “Əməkdar artist” adının ağırlığını daşıya bilmədi…

Müstəqil.Az bildirik ki, A24.az bir neçə gün öncə kirayələrdə qalan insanların qarşılaşdığı problemlərdən bəhs edən yazı yayınlayıb. Həmin insanlardan biri kimi 14 ildir Bakıda kirayələrdə yaşayan yazar-tərcüməçi Sevil Gültəni təqdim edib. Sayt mövzunu gündəmdə saxlayır:

“Kirayə qaldığı mənzillərdə üzləşdiyi acınacaqlı, dözülməz vəziyyətdən, çətinliklərdən yazmışdıq. İllərlə kirayələrdə, sözün əsl mənasında, sürünən, yaşamaq uğrunda mübarizə aparan şəxslərin timsalında Sevil Gültəni də seçməyimiz əbəs yerə deyildi. Ümid etmişdik ki, tanınmış yazar Kənan Hacı kimi daha bir ziyalımızın, ədəbiyyata öz tərcümələri ilə böyük tövhə verən Sevil Gültənin də evsizlik probleminə son qoyular. Aidiyyati qurumlar, ürəyində ədəbiyyat sevgisi olan imkanlı şəxslər, sahibkarlar öz qızları ilə illərdir çətinliklərin məngənəsində sıxılan bir ziyalı qadının evlə təmin olunmasında təşəbbüs göstərər. Azərbaycan dilindən ingilis dilinə 40-dan artıq, ingilis dilindən isə 10-dan çox kitab çevirmiş tərcüməçimizin ən azı bundan sonra normal şərtlər altında yaşaması, çalışması, yaradıcılıqla məşğul olması üçün şərait yaradılar.

 

 

Sevil Gültən özü də sahibkarlara maraqlı müraciət etmişdi, təklif etmişdi ki, iş adamları sosial evlər tipli binalar tikib, mənzilləri kirayə verə bilərlər. Kirayəşinlər də ən azı ödədikləri pulun müqabilində normal şəraitdə yaşaya bilsinlər.
Təəssüflər olsun ki, yazımıza gözləmədiyimiz reaksiyanı aldıq, həm də çox ağır şəkildə.

 
Yazıda adı keçən Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nüşabə Ələsgərli bir müddət öncə kirayənişini olmuş Sevil Gültəni ağır ifadələrlə təhqir etdi.
14 il ərzində nə az, nə çox, düz 14 ev dəyişmiş Sevil Gültən mənzil kirayə verən məşhurların da mənzillərində normal həyat şərtlərinin olmadığını bildirmişdi. Və yazının sərlövhəsinə də S.Gültənin Nüşabə Ələsgərlinin mənzili haqqında dediyi bir cümləni çıxarmışdıq.

 
Əlbəttə ki, bu da səbəbsiz yerə deyildi. Düşünmüşdük ki, N.Ələsgərli bu yazını oxuyandan sonra insafa gələr, əgər varsa, vicdanının səsini dinləyər və kirayə verdiyi mənzillərindən birini çətinliklərlə boğuşan qadın yazara hədiyyə edər.
Ancaq unutduq ki, biz Türkiyədə yaşamırıq, Nüşabə Ələsgərli də xeyriyyəçiliyi ilə tanınan və sevilən Türkiyə müğənniləri Seda Sayan, Gülbən Ərgən və s. deyil. Düşünmədik ki, Azərbaycanın qədim mədəniyyət məbədinin müəlliminin leksikonunda belə xoşagəlməz, alçaldıcı ifadələr, təhqirlər yer alar. Ağlımıza gəlmədi ki, son illərdə ard-arda iki doğmasını itirmiş bir qadın kimisə “yetimçə” adlandırar. Bilməzdik ki, Azərbaycan dövlətinin fəxri ada layiq gördüyü ifaçı ədəbiyyatımız uğrunda sözün həqiqi mənasında külüng döyən bir ziyalımızın başını öz unitazının ağırlığı ilə müqayisə edər.

 
Biz yanıldıq və bunu boynumuza alıb Sevil Gültəndən dönə-dönə üzr istəyirik. Ancaq hər şərdə bir xeyir də var, deyib atalarımız. Bu yanılmağın da bir xeyri oldu, həm bizə, həm də Nüşabə Ələsgərlini bəh-bəhlə məclislərinə dəvət edən ziyalılarımıza. Bildik və bildilər ki, Nüşabə Ələsgərli sahib olduğu “Əməkdar artist” adının ağırlığını daşıya bilmir. Gördük ki, mədəniyyətdən bixəbər ifaçının Mədəniyyət və İncəsənət Universitetində auditoriyaya müəllim kimi girməsi yolverilməzdir. Ümid edirik ki, aidiyyati qurumlar da bunu gördü, görməsələr də, görəcək.
Sonda qeyd edək ki, Sevil Gültən Nüşabə Ələsgərlinin ona ünvanladığı təhqirləri oxudu, ancaq “Əməkdar artistdən” fərqli olaraq ziyalı mövqeyi sərgilədi. Sadəcə “Ölülərinə hörmət edən şəxs başqasına “yetimçə” deməz” sözləriylə kifayətləndi.

 
Nüşabə Ələsgərli isə Sevil Gültəndən fərqli olaraq hardan bilsin ki, kirayədə yaşamaq nə deməkdir… Hardan bilsin ki, “Kirayədə yaşamaq- kirayə pulunu verəndən sonra övladlarına yolpulu üçün verdiyin qəpikləri geri alıb çörək almaqdır… Kirayədə yaşamaq qazandığını ev sahibinə verib…aylarla diş ağrısına dözməkdir…Problemlər içində ömür çürütməkdir kirayədə yaşamaq…Kirayədə yaşamaq- yaşayıram deyib Allahı aldatmaqdır…”

 

Rumiyyə

Share: