“Twitter”in səhmdarları şirkətin İlon Maska satılmasına səs verdilər

“Twitter”in səhmdarları çərşənbə axşamı şirkəti aprel müqavilələrinin şərtlərinə əsasən 44 milyard dollara amerikalı sahibkar İlon Maska satmaq istəklərini təsdiqləyiblər.

Bu addım səhmdarların “Twitter”i almaqdan imtina edən Maskla şirkətin məhkəmə çəkişmələrini davam etdirmək iradəsini təsdiqləmək üçün rəsmi prosedur xarakteri daşıyıb.

Məlumata görə, şirkətin satışı ilə bağlı növbədənkənar iclas altı dəqiqəyə yaxın davam edib. Qərar ilkin səsvermənin nəticələrinə əsasən təsdiq edilib, yekun rəqəmlər daha sonra “Twitter” tərəfindən açıqlanacaq.

Qeyd edək ki, apreldə şirkət rəhbərliyi Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlayıb. İyulun əvvəlində Maskın vəkilləri onun şirkəti satın almaqdan imtina etməsi barədə məlumat veriblər.

İyulun 12-də “Twitter” Maskı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. İyulun 29-da isə sahibkar Delaver məhkəməsində şirkətə qarşı əks iddia qaldırıb. Məhkəmə iclasları oktyabr ayına təyin edilib. Şirkət Mask ilə sövdələşmə ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün sentyabrın 13-də səhmdarların iclasını keçirmək niyyətindədir.

Mənbə: TASS

Share: