TUVA TİBB MƏRKƏZİ: MÜQƏDDƏS TİBB OCAĞI, PEŞƏKAR VƏ LƏYAQƏTLİ HƏKİMLƏR MƏKANI…

Məni yaxından tanıyanlar tanıyır. Tanımayanlar isə yəqin ki, gec-tez mənim həyat prinsiplərimlə yaxından tanış olacaqlar. Mən həyatda hər zaman dəyərlər və dəyərliləri olduğu kimi, həm də təmənnasız olaraq təqdimat və təbliğ etməyi özümə borc və fəxarət sayıram. İnanıram ki, bu yanaşma həyatımızda dəyərlər və dəyərlilərin təbliği və əbədi yaşaması ilə nəticələnəcəkdir.

Adətən, xəstəxana, həkim və aptekdən söz düşəndə hər kəs: “Allah heç kimə qismət etməsin!” deyə dua edir. Bu əlbəttə, insanlara sağlamlıq və afiyət diləyi ilə söylənilir. Lakin bu həyatda yaşayan hər bir insan istəsə də, istəməsə də, nə vaxtsa xəstəxanaya və həkimə getməyə məhkumdur. Çünki biz dünya həyatında yaşayırıq və bu da dünya həyatının qaçılmaz ənənəsidir. Əsas olanı odur ki, müraciət etdiyin xəstəxana və həkim öz peşəkarlığı və doğru-dürüstlüyü ilə həm xəstəliyini düzgün şəkildə müalicə etsin, həm də xəstəliyin müalicəsində mənəvi baxımdan passentə xəstəlikdən əlavə əzab-əziyyət verməsin…

Son günlər ərzində övladımın müalicəsi ilə əlaqədar yolumuz Masallı rayonunun Qızılavar kəndində fəaliyyət göstərən Tuva Tibb Mərkəzinə düşdü.
Bu özəl kilinika əslində Azərbaycan Respublikasının cənub bölgəsində təsis edilərək fəaliyyət göstərən ən məşhur və uğurlu tibb ocaqlarından biridir. Buraya həm Masallı rayonu, həm də, ətraf rayonlardan çoxsaylı insanlar üz tutur və müalicə alırlar. Klinikanın təsisçisi və rəhbəri isə Cənub bölgəsinin tanınmış və bacarıqlı həkimi, eyni halda Mircavadovlar sülaləsinin dəyərli və parlaq siması Hacı Mirmehdi Mircavadzadədir.

Açıklama yok.

Məlumat üçün qeyd edim ki, “Tuva” ifadəsi Qurani-Kərimin “Taha” surəsinin 12-ci ayəsindən alınmışdır. “Tuva” həzrət Musanın (ə) vasitəsiz olaraq Tanrının vəhyi və sözlərini eşitdiyi müqəddəs vadinin adı olaraq izah edilir. Qurana görə, həzrət Musa (ə) həmin vadiyə çatdıqda ona məkanın müqəddəsliyinə görə ayağındakı ayaqqabıları çıxarması əmri verilmişdir. Həmin vadinin Şam ərazisində, Mədyənlə Misir arasındakı zonada yerləşdiyi bildirilir. Əlbəttə, bununla bağlı digər fərqli fikirlər də, mövcuddur…

Açıklama yok.

Hal-hazırda Tuva Klinikasında peşəkar həkimlərin rəhbərliyi ilə bir çox əməliyyatlar, müayinələr və analizlər həyata keçirilir. Beynəlxalq standartlara cavab verən müasir cihaz və avadanlıqlarla aparılan əməliyyatlar zamanı xəstə tez bir zamanda sağlamlığına qovuşa bilir. Klinikada yerli həkimlərimizdən əlavə Bakı, İran və qardaş Türkiyə Respublikasından da dəvət olunmuş peşəkar həkimlər insanlara yüksək səviyyəli xidmət göstərir, həftənin bəlli günlərində cərrah (endoskopist), neyrocərrah, uroloq, LOR, travmatoloq, EXO və kardioloq kimi sahələrdə uğurlu fəaliyyət göstərirlər. Burada klinikanın müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında xəstəliyin dəqiq diaqnozunu təyin etmək üçün də imkanlar mövcuddur…

Tuva Tibb Mərkəzinə daxil olarkən qəbul şöbəsində ilk olaraq çox səmimi və mehriban bir xanım bizi qarşıladı. Sonradan onun Klinikanın aktiv işçilərindən sayılan Ülviyyə xanım olduğunu öyrəndim. Həftənin VI günündə Baku Medical Plazadan klinikaya gələn və əslən Təbrizdən olan qulaq, burun, boğaz, eləcə də, estetik və recanstruktiv cərrah-həkim doktor Yaqub Əsədinin müayinəsindən sonra lazım olan analizlər verildi və beləliklə də, əməliyyat üçün hazırlıq işləri görülməyə başladı. 27.08.2022-ci il tarixində isə əməliyyat uğurlu şəkildə həyata keçdi və peşəkar həkim-cərrah doktor Yaqub Əsədi uğurlu və mükəmməl əməliyyatdan sonra xəstənin yalnız 1 gün klinikada qalmasını məsləhət gördü…

Doktor Mirmehdi məzuniyyətdə olduğuna görə əməliyyat günlərində klinikanı onun dəyərli oğlu doktor Cavid Mircavadov atası kimi çox yüksək və peşəkar səviyyədə idarə edirdi. Kənardan onu müşahidə edəndə klinikaya müraciət etmiş insanlara qarşı yalnız diqqət, mədəniyyət və mərhəmət davranışları çox aydın tərzdə hiss olunurdu. Biz orada olduğumuz müddət ərzində klinikanın rəhbərliyindən tutmuş tibb bacıları, palata keşikçiləri və hətta, xadimələrə qədər hər kəsdən səmimi və insansevər davranışın şahidi olduq. Doğrusu ora müraciət etdiyimiz 2-3 gün ərzində özümüzü öz evimizdəki kimi tam hüzur içində hiss edirdik. Bunu təkcə özümüzdə deyil, klinikaya müraciət etmiş digər gənc, orta və ahıl yaşlı insanların çöhrəsindən görmək və danışıqlarından eşitmək mümkün idi. Açıq yazmaq istərdim: Orada kimsə qarşımızı kəsib “mənə də bir hörmət elə!” – deyə bir söz demədi. Həkim və tibb bacıları xəstələrlə sanki öz əzizləri və yaxınları kimi davranır, hansısa xəstə klinikada vaxt itkisi ilə üzləşməsin deyə təyin olunmuş bir şəxs tərəfindən dərhal, həm də hörmət və diqqətlə lazım olan şöbə və otaqlara yönləndirilirdi…

Düşünürəm ki, istənilən xəstəxana, klinika və eləcə də, idarə, şirkət və obyektin səviyyəsi bir-başa onun rəhbərliyindən asılı olan bir məsələdir. Sözün həqiqi mənasında əziz və dəyərli həkim, doktor Mirmehdi Mircavadzadənin malik olduğu yüksək mədəniyyət, etika və doğru-dürüstlüyü də, Tuva Tibb Mərkəzinin hər bir guşəsində müşahidə etmək mümkündür.

Tuva Tibb Mərkəzi daşıdığı adına əsasən dini və mənəvi bir ocaq olmasa da, ora hakim olan yüksək tibb etikası, həmçinin peşəkarlıqla yanaşı diqqət və mədəniyyət səviyyəsi həmin məkanı insanlar üçün önəmli bir şəfa mərkəzinə, dəyərli bir ocağa çevirmişdir. Lakin bu da bəlli məsələdir ki, insanlara və Ulu Tanrının qullarına layiqli xidmət göstərilən, eyni halda xəstələrin çox yüksək səviyyədə müalicə aldığı məkan sözün əsil mənasında müqəddəs məkan və müqəddəs ocaq sayıla bilər. Tuva Tibb Mərkəzi də bunun önəmli nümunələrindən biridir.

Bütün bu diqqət, səmimiyyət, mərhəmət və qayğıkeyliyə görə Tuva Tibb Mərkəzinin rəhbəri hörmətli şəxsiyyət, doktor Mirmehdi Mircavadzadəyə (Mirmehdi Mircavadzade), onun əziz və dəyərli övladı doktor Mircavid Mircavadova, dəyərli və peşəkar həkim-cərrah doktor Yaqub Əsədiyə (Yaqub Asadi) və eləcə də, klinikanın bütün həkimləri və işçilərinə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun və mənalı ömür, möhkəm can sağlığı və həyatda davamlı uğurlar diləyirəm!

İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
[email protected]
28.08.2022

Share: