Türkiyə mətbuatı Müşviqdən yazdı: “Milyonluq quş” gəlir (FOTO)

Avqustun 17-də “Artlemma” film şirkətinin istehsalı olan “Milyonluk kuş” filminin Türkiyədə təqdimatı baş tutacaq.

Trend-in məlumatına görə, Müşviq Şahverdiyev bu filmə marağın böyük olduğunu bildirib.

“Artıq bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. Film sektoruna başlayandan əldə etdiyim uğurlar göz qabağındadır. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə rol almışam. Təvəkkül dostumuz sözügedən filmdə oynamağı mənə təklif etdi. Əvvəl tərəddüd etdim, özümü yaxşı göstərə bilmədim. Çünki türk dilini yaxşı bilmirdim. Ufuk özü də bildirdi ki, mənə də Azərbaycan dilində ssenari verilsə, mən də çətinlik çəkərəm. Bakıya qayıdan kimi 3 günə ssenarini oxuyub əzbərlədim. Qarşıma məqsəd qoydum ki, ölkəmizi layiqincə təmsil edim. Bəli, bu film mənim üçün Türkiyə bazarına qapı ola bilər. Keçən il bazarda olan sıxlıqlara görə, film bu ilin avqust ayının 17-də Türkiyədə təqdim olunacaq. Daha sonra noyabr ayı üçün Bakıda qala gecəsi olacaq. Sevinən dostlarımız sevinsin, paxıllıq çəkənlərə isə Allahdan şəfa diləyirəm. Onların da canı sağ olsun. Gözləntilərim çox böyükdür. Türklərin böyük media saytları məndən yazıb danışırdılar. Bu xəbərləri görəndə sevincdən bədənim əsirdi. Oranın mətbuatının məndən yazması böyük uğurdu. Məni “kahkaha makinesi” kimi təqdim edirdilər. Hər insanı sevən də olur, sevməyən də. Öz həmyerlilərimə səslənirəm ki, hər kəsə uğurlar diləyirəm. Mənim heç kəsin işində gözüm yoxdur. Mənim də işimdə gözünüz olmasın”.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Share: