Türkiyə hökuməti Ukraynada B.Çobanzadə adına institutu təmir etdirdi – FOTO

Türkiyə hökuməti nəzdindəki Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ukraynanın V.İ. Vernadski adına Tavriya Milli Universitetini avadanlıqla təmin etməklə yanaşı, həmin universitetdəki Bəkir Çobanzadə adına Şərqşünaslıq İnstitutunu da  təmir və təchiz edib.
Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər yayıb. İnstituta yeni avadanlıqlar və kompüterlər verilib, 14 nəfərlik dillər laboratoriyası yaradılıb.
Mərasimdə çıxış edən TİKA-nın Ukraynadakı koordinatoru Hacı Bayram Bolat, Çobanzadənin həyatı haqqında məlumat verib. Onun sözlərinə görə, Çobanzadə 20-ci əsrdə Krım- tatar dilinin inkişafına və  bu sahədə alimlərin hazırlığına çox böyük töhfə vermiş ən böyük şərqşünas olub. Sözügedən universitet 1918-ci ildə Krımda yaradılıb, 2016-cı ildə isə Kiyevə köçürülüb. Türk, krım -tatar, ərəb və fransız dilləri tədris edilən  bu təhsil müəssisəsində 4 min tələbə təhsil alır.
Xatırladaq ki,  ömrünün 12 ilini Azərbaycanda yaşamış Bəkir Çobanzadə XX əsrin ən böyük Krım-tatar şairi, dünyaşöhrətli türkoloq alimdir. O, 1893-cü il mayın 27-də Qarasubazarda (hazırda Krım Muxtar Respublikasının Beloqorsk(Qarasubazar) şəhəri) anadan olmuşdur. İstanbul, Odessa, Budapeştdə təhsil almışdır. Qısa müddət ərzində Tavriya Universitetinin professoru işləmiş, 1925-ci ildən güllələndiyi 1937-ci ilədək Bakıda yaşamış və elmi fəaliyyətlə məşğul olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, daha sonra Şərqşünaslıq fakültəsinin dekanı işləmişdir. 1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji qurultayının təşkilatçılarından biridir. B.Çobanzadə haqlı olaraq Krım-tatar və Azərbaycan dilçiliyinin banisi sayılır. O, 1937-ci ildə pantürkizmdə ittiham olunaraq oktyabrın 13-də güllələnib. Bakıdakı prospektlərdən biri Bəkir Çobanzadənin adını daşıyır.
2012-ci ildə B.Çobanzadə adına Xeyriyyə Fondunun təşkilatçılığıyla (Simferopol) Krım Muxtar Respublikasının Beloqorsk şəhərində  Azərbaycan nümayəndə heyətinin də iştirakıyla “Bəkir Çobanzadə dünyası” adlı I Beynəlxalq türkoloji elmi-praktik konfrans keçirilib.
Share: