
Deyir ki:- “Milli dəyərlərin sərhədi böyük olduğu kimi, dilin də sərhədləri böyükdür. Mənim də payıma bunu danışmaq, təbliğ etmək düşüb. Ölkədə türkçülüyün təzahürlərini özünün bütöv sferasında, coğrafiyasında, geniş şəkildə görmək lazımdır.
Bu bizim düşüncələrimizə qədər yeriməlidir və söhbət düşüncələrdən gedirsə, deməli böyük işlər görmək lazımdır. Boşluqlar nədən yaranır? Biz məsələyə üzdən, yarımçıq, mahiyyətinə varmadan baxırıq, ən dəhşətlisi də odur ki, məsələdən xəbəri olmayan insanların öhdəsinə buraxırıq. Bilirsiniz ki, mənim tədqiqatlarım birbaşa bir çox elmləri, türk taleyini, tarixini özündə birləşdirən, sırf türkologiya – türk xalqlarının ədəbiyyatı, mədəniyyəti, coğrafiyası, dili və s. ilə bağlıdır.”
Bu dəfə sizə filologiya elmləri doktoru, professor Minaxanım Allahşükür qızı Nuriyeva -Təkləli haqqında söhbət açmaq istəyirəm. O, Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. ADPU-nun Filologiya fakültəsində təhsili alaraq, oranı fərqlənmə diplomu ilə bitirib və ADPU-nun Aspiranturasında oxuyub. 1983-cü ildə AMEA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə ADPU-nun Filologiya fakültəsində dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilib. 2004-cü ildə “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə yüksəlib. 2006-cı ildə həmin universitetdə professor elmi adına layiq görülüb…
İdealist xanımdır. İdeallarına uyğun olaraq fəaliyyət göstərməyi xoşlayır. Yumor hissi çox yüksəkdir. O, hər hansı bir mühitə girəndə dərhal diqqəti özünə cəlb etməyi, zarafat etməyi bacarır. Yüksək sosial intellekti var. Onunla həmsöhbət olan insan heç vaxt darıxmaz. Bacarıqlı və istedadlıdır. Praktik insandır. Buna görə də çox qısa müddətdə bir çox işlərin öhdəsindən gələ bilir. Səliqəli işləməyi sevir. Gülərüz və qayğıkeş təbiəti var. Yeni şeyləri araşdırmaq və kəşf etmək onun maraq dairəsində olan xüsusiyyətlərdəndir. O, həmişə həyəcan axtarışındadır. Həm də çox ağıllı və mədənidir…
1974-1989-cu illərdə ADPU-nun Filologiya fakültəsində laborant, 1989-1994-cü illərdə ADPU-nun Filologiya fakültəsinin müəllimi işləyib. 1994-2004-cü illərdə ADPU-nun Filologiya fakültəsinin dosenti, 2006-cı ildən isə ADPU-nun Filologiya fakültəsinin professorudur. O, ilk dəfə olaraq geniş miqyasda rus mədəniyyətində türk izlərinin üzə çıxarılması istiqamətində qiymətli tədqiqatlara imza atıb. Onun bu səpkidə “Rus dilində türk sözləri”, “Türk əsilli ruslar”, “Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları”, “Türk İmzası”, “İstilalar, müharibələr, türk şəhərlərinin taleyi”, “Mərkəzi Rusiyanın türk coğrafiyası”, “Sənət kəşfləri. Yaradıcılıq səadəti”adlı monoqrafiyaları və “Tariximizin Söz yaddaşı”, “Sarı gəlin”, “Yaddaş Kitabı: Azad və tənha adamlar” kitabları çapdan çıxıb. 200-dən artıq elmi və publisistik məqaləsi dərc olunub. Onlarla dərslik və metodik vəsaitin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb…
O, azad ruhlu və müstəqil qadındır. Öz ayaqları üzərində dayanmağı bacarır. Onun özünəməxsus həyat tərzi və incə zövqü var. Özünə inamı tamdır və həyata qayğısız baxır. Fikrini dürüst və açıq şəkildə bölüşə bilir. Yuxarıda qeyd etdiyim kimi, incə yumor hissi var, gülməyi və insanları güldürməyi xoşlayır. O, çevik və dərin bir zehnə malikdir və çox praktik fikirlər yürüdə bilir. Üzərinə düşən vəzifələri yerinə yetirmək üçün çalışmaqdan yorulmur…
“Ortaq türk dili məsələsi qədim məsələdir. Fikir versəniz, bu hətta XIX əsrdə də mövcud olub. Bunun uğrunda mübarizə aparanlar olub ki, onların ən öndə gedəni İsmayıl bəy Qaspıralı idi. Çünki, o böyük bir ziyalı idi. İsmayıl bəy Qaspıralı bir jurnal çap edirdi ki, indi buraxılan jurnalların o qədər əhatəsi ola bilməz. Azərbaycanın hətta böyük sərmayə sahibləri, milyonçuları belə onunla dostluq edirdilər. Eyni zamanda, başqa ölkələrin- Türkiyənin, tatar xalqının onunla böyük əlaqələri olub. Siz əgər bizim köhnə, Mirzə Cəlilin “Füyuzat” jurnalına fikir versəniz, görərsiniz onun dili necə çətindir. Osmanlı türkcəsi ilə yazılıb. Bu nəyə görə belədir? Bu və digər yazıçılar ortaq türk dili kimi Osmanlı türkcəsini götürmək istəyirdilər. Ona görə bunu yavaş-yavaş bu vasitələrlə həyata keçirirdilər. Bu da xalqdan uzaq idi. Mirzə Cəlil də buna görə sadə xalq dilində yazmaq istəyirdi. Əlbəttə, Mirzə Cəlilin özü də bunu xalq dilinə çox yaxınlaşdırmaq istəyib. Amma, bir az ifrat çıxıb. Cümlələrindən görürsünüz, xalq əslində Mirzə Cəlilin yazdığı kimi danışmırdı. Əksinə, xalqın da bir süni dilini ortaya qoymuşdu. Amma bunlar onu göstərir ki, Mirzə Cəlil ürəkdən istəyirdi ki, hər şey xalqın dilində olsun. Onun “Anamın Kitabı” əsəri də bütün bunlara qarşı idi. Dilimizdə o vaxt da böyük meyillər var idi. Bütün bunları bir yana atmaq, ədəbi dilimizi təmizləmək lazım gəlirdi. Bundan sonra ortaq türk dili yarana bilərdi. Ortaq türk dili bizim işıqlı insanlarımızın qarşısında duran məqsəd olub. Türk birliyi deyəndə, birlik elə belə, əl tutmaqla olmur. Bu gün türk birliyindən danışanlar türkdilli xalqlar deyirlər. Mən və məndən öncə neçə böyük türkoloqlar dönə- dönə deyirdilər ki, türkdilli xalqlar deməyin. Bu elmi baxımdan səhvdir. Türk xalqları deməliyik. Ən azından türksoylu xalqlar deməliyik. Belə çıxır ki, canı, qanı başqadır, təkcə dili eynidir. Bu da düzgün fikir deyil. Həqiqətən bu elmi əsasdan çox-çox uzaqdır.”- söyləyir.
Çox kübar xanımdır. Heç kəsə pislik arzulamır, hamının xoşbəxt olmasını istəyir. Elə bu saf niyyətinə, xoş arzularına görə də Allah onun yolunu açıq edir, müşkülləri aradan götürür. Nə isə, düşünürəm ki, xalqına, millətinə, milli dəyərlərə bu qədər bağlı olması, onu həmişə xalq içində alnıaçıq, üzüağ edəcək...
Hörmətlə, Elman Eldaroğlu