Teatr elitar sənətdir…

Deyir ki;- “Teatr ali sənət növü olduğu üçün bir növ, elitar sənətdir. Bu sənətin kütlə üçün olması fikri isə, kommunist ideologiyasının yanlış lozunqu idi. Yadınızdadır, bir zamanlar deyilirdi ki, səhnə həyatdan bir pillə yuxarıdır. Amma, mən deyirəm ki, sənət xalq üçün, kütlə üçün deyil.

Doğrudur, bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlir, zallar boş deyil, amma məqsədli tamaşaçı yox dərəcəsindədir. Yəni tamaşaçıların əksəriyyəti nəyəsə baxmağa gəlsə də, konkret zövqü və sənət mühakiməsi olanı azdır. Tamaşaçı sənətə əyləncə növü kimi baxırsa, o, tamaşadan heç bir ideya, mesaj ala bilməz…”
İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti, olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində, səhnə əsərlərində bu keyfiyyətlər açıq-aşkar görünür…
“Hər bir millətin mədəniyyət göstəricisi onun teatra münasibətilə ölçülür. Musiqidə isə bu əsasən simfonik musiqinin dərki kimi qəbul edilir. Burada bir həssas məsələ də var, “haradan filan qədər pul qazana bilərəm”i düşünən adam üçün “Tik-Tok” daha çox maraqlıdır. “Harda daha çox əylənə bilərəm?” deyən insan üçün gecə barları, restoranlar və s. daha cəlbedicidir. Onun üçün teatr və sənət rakursu cəlbedici deyil. Yəni əylənmək, dincəlmək düşüncəsində olan adama teatr təfəkkürü, zövqü yaddır. Digər tərəfdən isə, dövrün zaman anlayışı, vaxta münasibət baxımından bu gün tamaşaçını teatrda saxlaya bilmirik. Məcburiyyətdən tamaşaları qısa zaman çərçivəsinə görə hesablayırıq. Əvvəllər 3 saat, 4 saat nümayiş etdirilən tamaşalarımız vardı. İndi məcburiyyətdən 1 saat, 1 saat 30 dəqiqə, uzağı 2 saatla kifayətlənirik. Tamaşaçını iştirakçıya çevirmək cəhdi mənim əsas istəyimdir. Ötən vaxtlarda bir təcrübə etdim: tamaşanın ən gərgin yerində tamaşaçıdan reaksiyanı almağı yoxladıq. Yəni görüm, bu tamaşaçı səhnəni necə və nə dərəcədə qavrayır? Reaksiyalar heç də teatrı anlayan, sənəti dərk edən tamaşaçıdan xəbər vermirdi. Bizdə emosiyaya təsir var, amma mən şüura təsirdən bəhs edirəm. Ən dəhşətlisi bax budur. Bu sənətdə çalışanların, böyük mənada, dramaturji bazası yox dərəcəsindədirsə, müasir teatr üslubları və formaları haqqında təsəvvürü yoxdursa, özünü bu sənət vasitəsilə köçürə bilmək ifadəsi yoxdursa, demək ki, heç nə yoxdur. Yol da yanlışdır, mövcudluq da. Mənim fikrimcə, bu gün Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır. 26 teatr yox, 10 teatrla qənaətlənmək, ciddi islahatlar aparmaq gərəkdir, bütünlükdə teatra münasibət dəyişməlidir. İdarəetmədən, inikasa qədər. Çünki indiki teatrlarımız 40-cı, 60-cı illərin teatrı deyil. Sürət başqa sürətdir, dövr başqa dövrdür…”- söyləyir.
Gəncədə dünyaya gəlsə də Sumqayıt şəhərində, elə mənim də yaşadığım 8-ci mikrorayonda böyüyüb böya başa çatıb. Yaxşı yadımdadır, atası, rəhmətlik Zaur kişinin “Pobeda” avtomobili də vardı.
Deyir ki;- “Ailədə atama ən çox bənzəyən mən idim. Və atam ən həlledici məqamlarda mənim “qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir şey hiss etmirdim. Amma atam “eynən atama bənzəyirsən” deyirdi, səndən əla hakim olar. Bu peşəni çox sevirdi deyə məni həkim görmək istəyirdi. Lakin ürəyimin səsi atamın səsindən daha güclü oldu. Çox sonralar peşəmlə bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq verməyimə görə özümü qınadığım vaxtlar da olub. Amma seçdiyim peşə məni özümü ifadə etməyim üçün əsas vasitə oldu. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə dəysin. Həmişə seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub. Atam isə bu peşəmlə, mənim seçimimlə “Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı. Birdəfəlik qəbul etdi…”
Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə 1982-ci ildə Sumqayıtdakı 17 saylı orta məktəbi başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini ərsəyə gətirib. 1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyirə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb. “Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb.
2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bir müddət orada işlədikdən sonra bir il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət Akademik Milli Teatrının bədii rəhbəridir.
“Deyirlər ki, teatrda rejissor və ya bədii rəhbər kişi peşəsidir. Amma əsla belə deyil. Və mən, ümumiyyətlə, qadın-kişi peşə fərqinin tam əleyhinəyəm! Ortada qol-əzələ gücü yox, intellekt və duyum fərqliliyi söz konusudur. Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla, onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə güclü olub. Kişilərdən fərqli olaraq, qadının daha həssas araşdırmaçı gücü xüsusi qısqanclığa səbəb olur. Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara? Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini cins fərqiylə qarışdıracaq deyilik ki… Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də deyirəm.”- söyləyir.
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 2013-cü ildə isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir ki, ardıcıl olaraq Prezident mükafatı alır.
Deyir ki;- “Mən mövcud, bəlli, işlənmiş formanı sındırmağa, özümü ifadəyə meylli biriyəm. Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı işimə qüsursuz köçürməyə çalışıram. Nə necə görünür, necə qəbul olunur mənə maraqlı deyil. Yetər ki, sonuca qane olum.”
Hər kəsin bir daxili dünyası var, – deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, onu düzə düz, əyriyə əyri söyləməyə vadar edir. Həm də rejissor və həm də bədii rəhbər kimi mükəmməldir. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib. Deyir ki, hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq. 2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanım hər gün “sehirli qutuda” səbirsizliklə gözlədiyimiz, yeri görünən adamdır. Bayağı verilişlərin baş alıb çoxaldığı zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi? Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…
Avqustun 4-də Mehriban Ələkbərzadənin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, sevgi və ehtiramımı bildirirəm. Çox yaşasın!
Elman Eldaroğlu
Share: