TANRI SINAĞI… – Xatirə Xatun yazır

 

Səhər çoxdan açılmışdı, amma göyün üzü hələ də gecədənqalma buludlarla örtülü idi.Havanın qaşqabağı açılmaq bilmirdi və bu artıq neçə gün idi ki belə idi. Payızın orta ayı və uzaq Rusiya vilayəti üçün bu normaldı, əlbəttə, amma belə havalar adama həmişə nəsə bir nisgil, kədər gətirir.Sanki bütün acı xatirələr, yaşanan bütün ağrılar belə vaxtlarda yada düşür, ayrı vaxt tənbəllik edən yaddaş belə havalarda elə bil üzə dayanır. Xatırlamaq istəmədyin şeylər belə gəlib düz gözünün içinə girir.Hə, bir də altıncı hiss deyilən bir duyğu da var axı…O heç zaman aldatmır…Bax, bu gün o da elə bil nəsə olacağına işarə edirdi.Nəsə olacaqdı bu gün… amma nə? Bu qarışıq fikirlərin içində Cəlil Hüseynli ,,Xeyirlisi”,-deyib evdən çıxdı, maşını işə salıb yola düşdü.Yağış başlamışdı artıq…
Maşın yağışa tutulmuş şəhərin geniş, rahat yolları ilə şütüdükcə yadına yenə Vətən düşdü- bir parça çörək üçün uzun illər öncə tərk eləməyə məcbur olduğu Vətən…Doğma kəndi, məktəb illəri göz önündə canlandı.Hələ kəndlərinin qızılı payızı, günlərlə kəsməyən yağışı, dəmirağacların rəngarəng xəzəli…Sanki hamısı bir yerə toplaşıb uzaqlardan bir yerdən ona əl edirdilər.İndi ömrün- yaşın bu çağında bu xatirələr daha əziz, daha doğma gəlirdi.Uşaqlığı, yeniyetməliyi ilə bağlı ən acı xatirə belə( hərçənd şirini heç yadına gəlmirdi) indi xoş bir sızıltıya çevrilmişdi.
Yolayrıcına çatanda işıqforun qırmızı işığı yandı.Ağır damlalar maşının damını döyəcləyir, qabaq şüşədən su sel kimi axırdı.Şüşəsilənləri işə saldı, özü isə işıqforda dayanıb gözləməli oldu. Şüşəsilənlərin yeknəsəq ahəngi ona saat əqrəbinin səsini xatırladırdı.Yolu keçən piyadalara baxır, düşünürdü:,, Bax, bu ata çətiri uşağının başına tutub ki islanmasın, özü isə boynunu gödəkçəsinin yaxalığına qısıb.Valideyn olmaq budur.Bu cavan qızların isə islanmaq deyəsən, heç veclərinə də deyil, necə də gülə- gülə keçirlər yolu.Bu qoca rus qarısı isə bir əlində bazarlıq etdiyi tor zənbil, o biri əli isə yəqin ki üşüdüyündən cibində, boynunu yana əyməklə çətiri güclə saxlayıb.Bəs bu nimdaş geyimli cavan oğlan niyə belə ağır-ağır yeriyir? Özü də çətirsiz və nazik balonka pencəkdə…Həə, o deyəsən çoxdan islanıb, ayağındakı köhnə ayaqqabısı da su ilə dolub deyəsən, ona görə də belə ləng yeriyir.”
Nəhayət ki, işıqforun yaşıl işığı yandı və bayaqdan elə bunu gözləyən nəhəng maşın seli prospektlə üzüaşağı axmağa başladı.Diqqəti yolda olsa da ara-sıra maşının pəncərəsindən ötüb keçən şəhər mənzərələrini də seyr etməyə imkan tapırdı. Rusiyanın bu qədim və böyük şəhəri ona Vətən qədər doğma olmasa da yad da deyildi.Burda yaşadığı, işlədiyi uzun illər boyunca özünə çoxlu dostlar qazanmış, vətəndən onu deyib gələn neçə həmyerlisinə də arxa-dayaq durub çörək vermişdi.Xeyirxahlıq, əlindən gələn köməyi əsirgəməmək, ehtiyacı olanın əlindən tutmaq, zəifin yanında olmaq onun həyat prinsipi idi.Elə bu cəhətlərinə görə də həmyerliləri onu el atası adlandırırlar. Yaşadığı çətin və ağır uşaqlıq illəri arxada qalsa da ondan aldığı həyat dərsi heç vaxt yadından çıxmamış, onu məhz bu cür düşünməyə vadar eləmişdi.Bayaq gördüyü mənzərə onu bir andaca yenə çox –çox uzaqlara, orta məktəbin son sinfində başına gələn, o vaxt çox utandığı, indi isə acı bir xatirə kimi ürəyinin bir yerində, yaddaşının isti bir küncündə bardaş qurub oturan bir hadisəyə doğru apardı…Yenə də o may günü yadına düşdü…
Ofisin yerləşdiyi binaya çatıb maşını saxladı.İçəri girəndə inzibati işlərə baxan köməkçisi yaxınlaşıb salam verdi və Vətəndən qonaqları olduğunu bildirdi.Otağa daxil olduqda orda təxminən özü yaşlarda, nimdaş geyimli, üz- gözündən qayğı və illərin yorğunluğu tökülən bir adamın oturduğunu gördü.Kişi onu görcək cəld ayağa durub yaxın gəldi, əl uzatdı.Cəlil Hüseynli ona döğru uzanan əli sıxaraq bu qəfil qonağı diqqətlə seyr eləməyə başladı.Əslində ona bu cür görüşlər heç də təəccüblü deyildi.Bura gələn əksər həmyerlilıləri onun ziyarətinə gəlir, dərdi, problemi olan birinci onu axtarırdı.Amma bu adamı sanki bir yerdən tanıyırdı, elə bil əvvəllər hardasa görmüş, hətta kəlmə kəsmiş kimi idi- intiusiyası ona bunu təlqin edirdi, həm də durmadan, usanmadan…harda görmüşdü bəs?Bax, bunu heç cür yadına sala bilmirdi. Bunu xatırlamaq üçün alnını ovuşdura- ovuşdura keçib masasında əyləşdi.Selektorun düyməsini basıb otağa çay gətirilməsini tapşırdı.Özü isə hələ də bu adamın ona hardan tanış gələ biləcəyini düşünürdü.O bunları fikirləşdikcə qonaq yavaş-yavaş sözə başladı. Məlum oldu ki, həmyerlisi olan bu adam Azərbaycandan bura bir neçə ton kənd təsərrüfatı məhsulu gətirib.Amma heç bir bazar məhsulu qəbul eləmir, maşında qalıb zay olur.
-Müəllim, başıma gələnləri sizə qısa da olsa anlatdım.Çox pis durumdayam, bu malı da nisyə götürmüşəm, gərək qayıdıb pulunu verəm.Ancaq hardan? Heç yer götürmür, qalıb xarab olacaq belə getsə…hələ üstəlik…
Deyib susdu, sözünün ardını gətirə bilməyib başını aşağı saldı…
Cəlil Hüseynli bu susqunluğun ardında gizlənən o məsələnin nə olmasını da bilmək istəyirdi, gözləyirdi ki, adam özü danışsın.Elə də oldu-kişi nəhayət utana-utana sözə başladı:
-Üstümdə olan pulu xərcləyib bitirmişəm, elə onu da borc eləyib gəlmişdim.Nə biləydim başıma belə iş gələcək.Allahdan gizlin deyil, sizdən nə gizlədim, gəlib çatdım, bir nimdaş ayaqqabım vardı, o da buranın yağışına dözməyib dağıldı…almağa da imkan yox…-deyib susdu, başını aşağı salıb rəngi bozarmış, pəncəsinin yırtıq yerindən barmaqları görünən ayaqqabısına baxdı.
Bu sözləri eşitcək Cəlil Hüseynlinin yaddaşına sanki ışıq seli axdı.Bayaqdan bəri bu adamı hardan tanıdığını xatırlamaq istəyirdi.İndi yadına düşüdü! Ayaqqabı! Həə, indi xatırladım, bu o adam idi! Uzun illər yaddaşının bucağında lövbər salıb oturan, hər xatırlayanda içi üşüyən, bayaq yolda da yaddaşından qovmaq istədiyi o acı xatirənin səbəbkarı…
…1966-cı ilin may günlərindən biri idi.Dərs ilinin bitməyinə az qalırdı.Orta məktəblərdə imtahanlar başlamışdı.İnternat məktəbinin son sinfində olan, ürəyi istəklərlə, ümidlərlə dolu gənc Cəlil də bu imtahanların tez və uğurla bitməsini, bir an öncə müstəqil həyata atılmağı, bir sənət, peşə sahibi olmağı arzulayıdı.Nəhayət, gözlənilən gün yetişdi.Məktəbin qarşısına toplaşan gənclər həyəcanla imtahanın başlamasını gözləyirdi.Cəlil də onların arasında idi.Heç kimə qaynayıb qarışmasa da hamı kimi o da bu həlledici günə böyük ümidlər bəsləyirdi.Elə bu vaxt toplaşanların içindən geyimindən- kecimindən imkanlı evin uşağı olması bilinən, özündənrazı bir gənc ona səsləndi:
-Ayə, ay Cəlil, nədi bu belə, imtahana çırıq ayaqqabı ilə gəlmisən?
Bu sözləri eşidən hər kəs dönüb Cəlilə- bu kasıb geyimli, məhzun görünüşlü gəncə baxdı.Onsuz da utancaq, çəkingən cavan bu baxışlardan lap büzüşüb bir damcı oldu, alnına xəcalət təri gəldi.Kasıblıqdan, məhrumiyyətlərdən az əziyyət çəkməmişdi, amma belə ölüb yerə girdiyi heç yadlna gəlmirdi.Yad baxışların altında əzilsə də o ədəbsiz gəncin atmacasını cavabsız qoymadı:
-Olsaydı, yəqin ki geyərdim, bunu deməyə nə ehtiyac var ki?-deyib başını aşağı salaraq asta addımlarla kənardakı tək söyüdün altına tərəf yeridi.Bayaq ona baxan baxışlar indi də o gəncə tuşlanmışdı-kimisi tənə, kimisi istehza, kimisi də acıqla baxırdı.Oğlan bu tənəli baxışlara dözməyib pərt halda ordan aralandı, yerini dəyişib məktəb həyətinin o biri başında toplaşanların arasında gözdən itdi…
Üstündən yarım əsrə yaxın bir vaxt keçsə də bu hadisə heç vaxt Cəlilin yadından çıxmırdı, əksinə, hər fürsətdə özünü xatırladırdı.İndi budur, bir vaxt tay-tuşun arasında Cəlilin cırıq ayaqqabısına lağ edən o adam indi nimdaş geyimdə, pulsuz- parasız, üstəlik də sökülüb –dağılmış ayaqqabıda onun qarşısında dayanıb yardım istəyirdi…
Otağa dərin bir sükut çökmüşdü…Heç biri dinmirdi.Hər ikisi susub öz dünyalarına qapılmışdılar. Cəlil bu ilahi ədalət qarşısında danışmağa söz tapa bilmirdi.Heç vaxt qisas, intiqam hissi ilə yaşamamışdı, əksinə, hər nəyi Allaha həvalə eləmişdi.,,Düzünü, xeyirlisini O bilər”,-deyib həyatına davam etmiş, xeyirxahlığından, yaxşı əməllərindən, dost-düşmən bilmədən bu qapını açan hər kəsə bacardığı yardımı eləməyindən bir gün də qalmamışdı…Bu təsadüfi görüş isə bir Tanrı sınağı idi- bir vaxt onu məsxərəyə qoyan biri indi özü onun ayağına gəlmişdi…Tanrı sanki onu imtahan edirdi:,, Bu sən, bu da sənə hələ də ürəyini göynədən o hadisəni yaşadan adam! Qərar sənindi, seç!”
Təzadlı fikirlərlə mücadilədən yorulan Cəlil Hüseynli ayağa durub pəncərənin önünə keçdi.Yağış səngimək bilmirdi.Mobil telefonunu çıxarıb barmağını kontaktların içindən birinin adına tuşladı.Xəttin o başından cavab çox yubanmadı:
-Salam, Cəlil dayı, necəsiz?
-Salam, yaxşıyam, Allah razı olsun.Sən necəsən?
-Sayənizdə, dayı, Allah sizdən də razı olsun.Bizə görə qulluq?
-Mənim yanımda biri var, Vətəndən biraz meyvə- tərəvəz vurub gətirib.Ona sizin bazarda imkan yaratmaq olar malını satsın?
-Cəlil dayı, hərçənd indi mala ehtiyacımız yoxdu, bazarda sıxlıqdı, bilirsiz. Amma siz daş qoyan yerə biz baş qoyarıq, onu da bilirsiz.Göndərin gəlsin hər kimdi..
-Çox sağ ol, hörmətli olasan, Allah heç nəyi əvəzsiz qoymur, bunu da unutma,-deyə təşəkkür edərək danışığı bitirdi.Qonaqsa yenə əvvəlki kimi fikirlərə qərq olmuş və başıaşağı halda yerində oturmuşdu.Cəlil Hüseynli pəncərənin önündən ayrılıb masasının arxasına keçdi.Söhbətin nə ilə bitəcəyini maraqla gözləyən qonaq onun üzünə baxırdı. Cəlil kiçik bir kağıza indi danışdığı adamın telefon nömrəsini və ünvanını yazıb intizarla cavab gözləyən kişiyə uzatdı:
-Burda yazılan nömrə ilə əlaqə saxlayıb dediyi ünvana gedərsən.Sənə kömək eləməyə çalışacaq.
Kişi qulaqlarına inanmadan kağızı alıb ona cani-dildən dua-səna eləməyə başladı:
-Allah səni bu elə, bu xalqa çox görməsin, bir qoyub min götürəsən,-deyə qapıya doğru gedəndə Cəlilın yerindən durub ona yaxınlaşdığını gördü. Düz onun qarşısında dayanıb iti və nüfuzedici nəzərlərlə baxmağına tab gətirməyib yenə başını aşağı saldı.Lap o 66- cı ilin may günündəki kimi… Cəlil cibindən çıxardığı bir xeyli kağız əskinası onun nimdaş pencəyinin döş cibinə basaraq dostanyanə ərklə bir iki dəfə kürəyinə də döyəclədı:
-Ayaqyalın da qalma, yağış hələ kəsənə oxşamır. Nə bura Azərbaycandı, nə də may ayıdı, -deyib xəfifcə gülümsünərək qapını açdı.Qonaq kandarda dayanıb Cəlilin gənclikdən bu yana heç dəyişməyən gözlərinə, nurlu üzündəki o ilıq təbəssümə bir xeyli baxdı, baxdı…Sonra isə yorğun və xəcalətli bir səslə:
-Allah cəlalını bir az da artıq eləsin, Cəlil müəllim,-deyib qapıdan çıxdı.
Yenə pəncərənin önünə qayıtdı…İçində qəribə bir yüngüllük, rahatlıq hiss edirdi.Sanki uzun müddətli yağışdan sonra günəş doğmuşdu, içi isinmişdi.,,Şükür sənə, allahım, mənə bu sınaqdan da üzüağ çıxmağa imkan yaratdın”, -deyib pəncərədən bayıra baxmağa başladı…Yağış kəsməkdə idi…

Xatirə Xatun,

Bakı , 2019

Müstəqil.az

Share: