“Susacağıq, dinməyəcəyik. Niyə? Çünkü öldürülən adamdır, küçə iti deyil…”

Yəni doğurdan belə laqeyidik? İnanmıram…
Yadıma düşür, elə bu yaxınlarda küçə itlərinə işgəncə verildiyinə görə ölkənin az qala yarısı ayağa qalxmıdı.
Sümsüy, sahibsiz, xəstəlik mənbəyi olan, insanlara zərər yetirən bu itlərin dövlət tərəfindən zərərsizləşdirilməsinə, toplanmasına qarşı da çıxanlar olmuşdu. Özlərini heyvansevərlər kimi gözə soxaraq müdafiə edənlər televiziya ekranları qarşısında növbəyə durmuşdu. Söz boğaza qoymurdular.
Axı itlər də canlıdır, onların da azad və sərbəst yaşamaq hüququ var, deyə…
Hələ KİV-lərin digər sahələrində görün nələr baş verirdi; bəzi saytlar yaylıqlarını başına çəkmiş, sosial şəbəkələrdə yayınlanan şərhlərlə yanaşı kompüterlərin monitorlarına göz yaşları səpilmiş, qəzetlər dizini çırmalayıb nələri yazmırdılar?
Amma 100 faiz əmin idim ki, həmin müdafiə komitələri, heyvansevərlərin hər biri öz-özlüyündə şəhərin küçələrində sərbəst dolaşan bu itlərdən bezib, qorxu hissi keçirirlər. Gördükdə yollarını dəyişir, övladlarına ehtiyatlı olmağı çağırırlar.
Adamlarımız özlərini bu qədər heyvansevən göstərməklə bu qədər həssas və ürəyi yumşaq olduqlarını sərgiləyir; sıralarında riyakar düşüncəlilər də var.
Bu günlərdə Səbayel rayonundakı 162 saylı məktəbin yeniyetmə şagirdi intihar etdi. Bədbəxt hadisəsdən sonra insanlarımız ayağa qalxdı, baş vermiş faciəyə haqlı olaraq ürək ağrısı ilə münasibət bildirdi.
Ölkədə tanınan, tanınmayan insanlar bu acı olayın ardına düşdü:
“Səni qoruya bilmədik, Elina”, “Sən bizi bağışla, Elina” və sair başlıqlar altında yazılar, açıqlamalar, şərhlər gündəmi zəbt etdi.
Məktəbin direktoru işdən kənarlaşdırıldı, haqqında cinayət işi açıldı. Cəzaya layiq olanların cəzalanmasını alqışlamaq gərək. Amma nəyə görə ancaq ölün hadisəsi baş verdikdən sonra bu qədər həyəcanlanmaq, bu hadisələrin baş verməməsi üçün yollar aramaq və canıyananlıq göstərməliydik?
Olmazdı elə bu yazıq qızın durumunu, sosial vəziyyətini, psixoloji narahatçılığını hiss edənlər, görənlər, sinif yoldaşları, müəllimələr, qonşuları, tanıyanlar və tanımayanlar nəsə edəydi? Gərək elə ölkə başçısı bu hadisənin araşdırılması üçün mütləq münasibət bildirəydi? Hər kəsin öz görəvi var axı…
Belə həyəcan təbilinin birini bu günlərdə Müstəqil.Az olaraq biz çaldıq.
Elinanın başına gələn oxşar hadisə Nizami rayonundakı Mobil Quliyev adına 62 saylı məktəb liseydə baş verdi. Xoşbəxtçilikdən valideyinlərin və sinif uşaqlarının diqqəti və olaya münasibəti bədbəxt hadisəyə qədər gətirib çıxarmadı.
Biz yazdıq, düzdür. Lakin gözlənilə biləcək bir acınacaqlı hadisəyə ətrafdan, ictimaiyyətdən, mətbuatdan, sosial şəbəkədən heç bir reaksiya olmadı. Hər kəs susmağa üstünlük verdi. Nə icazəli danışanda ağızlarının köpüyü ənglərini “bəzəyən” müdafiə komitələri, nə millət vəkilləri, nə Təhsil Nazirliyinin səlahiyyətləri, nə də hüquq mühafizə orqanlarının məktəblərlə iş üzrə şöbələri. Niyə? Ona görə ki, bu məktəbdə intihar hadisəsi baş vermədi, ölüm olmadı. Əslində bu hadisəyə, məktəblilər arasında yaranan qarşıdurmaya anında münasibət bildirilməli idi. Axı, yazılmışdı ki, məktəbin direktoru, hansısa deputat qadının bacısı Məlahət Cabbarlı yeniyetmə qız şagirdi az qala küçə sözləri ilə təhqir və təhdid etmişdi, onu oğru dünyasının jarqonları ilə aşağılamışdı, sən “vor zakonsan” demişdi…
Nəyə görə? Ona görə ki, əlaçı olan bu şagirdə sinif yoldaşlarının, müəllimlərinin xoş münasibəti rəftarı digər əlaçı şagiridin xoşuna gəlməmiş, anasını məktəbə çağırtdırıb, direktor xanımla separat danışıqdan sonra, xanım direktor bu qədər qəzəblənmişdi. Məktəbdə heç kəs heç kəslə dost ola bilməz. Axı.. hə atalarımızın yaxşı bir məsəli var, həmin məsəli redaktə edim; arxalı sərçə qırğını caynağına alar…
Yəni bu qədər laqeydik? Hə laqeydik. Etirazların, mərhəmətin, canıyananlığın icazəli olduğu bir dövrdə yaşayırıq… Belə olmasaydı əgər…
Budur, aylardı ölkə mətbuatını dəhşətli bir cinayətdən bəhs edən kriminal hadisə dolaşmaqdadır. Bakının Səbayel rayonunda yaşayan Bəybala Hüseynov adlı iş adamı iddia edir ki, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin əməkdaşı olan oğlu Emil Hüseynovu zəhərləyərək öldürüblər. İddiası da çox ağırdı. Mətbuat vasitəsi ilə etdiyi müraciətlərində oğlunun işə düzəlməsi üçün küllü miqdarda rüşvəti adı çəkilən idarənin rəis müavini, general Əli Nağıyevə verdiyini deyir və bu haqda təkzibolunmaz faktları da sərgiləyir. Elə oğlunun ölümündə də işlədiyi idarənin adının keçməsi iddiası var.
Bu haqda kimlərə müraciət etməyib? Amma daşdan səs çıxır, o səlahiyyət sahiblərindən yox. Bu adam oğlunun öldülməsindən bəhs edir, cinayətkarların tapılıb cəzalandırılmasını xahiş edir, amma susurlar. Ölkənin elə bir strukturunu günahlandırılir ki, əslində cinayətkarları həmin idarə ifşa edir, haqqın, ədalətin yanında dayanır. Amma yenə də səs çıxmır. Bu adam prokurorluğun aparmalı işini təkbaşına aparır, faktlar əldə edir, ekspertiza rəylərini ortaya qoyur, amma elə bil bir sərçə balası öldürülüb, əlaqədar təşkilatlar dinmir. Yox, əstəğfurullah, sərçə balası öldürülsəydi humanist insanlarımız ən azından sosial şəbəkədə hay-küy salacaqdılar.
Oğlu öldürülmüş ata kimlərə müraciət etməyib ki? Prezidentə, Vitse Prezidentə, DTX-nə, DİN-nə, MM-ə, Ambudsmana, qonşu ölkələrin başçılarına və sair, və sair…
Amma susuruq. Susacağıq, dinməyəcəyik. Niyə? Çünkü öldürülən adamdır, küçə iti deyil, sərçə deyil…
Bu olay Müstəqil.az-ın gündəmdə saxlayacağı mövzu olacaq. Münasibətinizi bilmək istərdik.
Faiq Balabəyli
Müstəqil.Az

 

Share: