Söyüşün biri bir qəpikdən…

Bakıdan İstanbula uçan təyyarədə qəza çıxışının yanında oturduğumu bələdçinin mənə yaxınlaşıb ünvanlandığı sualdan sonra anladım:

– Siz qəza zamanı bizə kömək etməyə razısınızmı?

Qəza ehtimalını ağlımdan keçirmədiyim, ümumiyyətlə, heç bu barədə düşünmədiyim anda açığı, belə bir ciddi sualı da gözləmirdim.

Qəza çıxışlarında oturan sərnişin üçün təlimat belədir:

– Qəza enişi zamanı heyət üzvlərinə kömək etməyə hazır olmaq.

– Heyətin bir üzvü çıxışa çata bilmədikdə və təxliyə qaçılmaz olduqda qapını özün açmaq.

– Digər sərnişinlərə, o cümlədən uşaqlara, hərəkəti məhdud şəxslərə hava gəmisindən təxliyə zamanı yardım etmək.

Təbii ki, bütün bunlar məcburi deyil. Əgər sərnişin razı olmasa, bələdçidən yerini dəyişməsini xahiş edə bilər. Heç bunun səbəbini izah etməyə də lüzum yoxdur.

Təlimatda belə yazılıb…

Bizdə o mərdlik var axı… Hansı azərbaycanlı kişi o qədər camaatın içində durub yerini dəyişər? Elə mən də 26 nömrəli yerimdə qalıram.

2 saat 50 dəqiqəyə İstanbula eniş edirik. Aeroportdan çıxar-çıxmaz ölkədəki seçki ab-havası hiss olunur. Hər yerdə prezidentliyə namizədlərin afişalarını görmək mümkündür. Namizədlər söz verir. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın ən çox qarşıma çıxan seçki afişasında yazılıb:

“Evlərdə təbii qaz 1 il pulsuz”.

Onun əsas rəqibi Kemal Kılıçdaroğlu isə seçkiyə “Sana söz!” şüarı ilə qatılıb. 

Afişaların çoxluğundan belə başa düşdüm ki, qaldığımız Beşiktaş rayonunda daha çox CHP-lilər üstünlük təşkil edir. Bunu az sonra da tam dəqiqləşdirirəm və yanılmadığımı görürəm.

“Altılı masa”ya son anda geridönüş edən Meral Akşenerin təbəssüm etdiyi  posterlərində isə “BAK iYiler VAR” yazılıb.

Ümumiyyətlə, Türkiyədə vətəndaşlar arasında seçkilərlə bağlı fikirlər fərqlidir. Kimisi yeni hakimiyyətə gərək olduğunu düşünür, kimisi də Ərdoğanın onlar üçün daha faydalı Prezident olduğu qənaətindədir. Yəni, konkret olaraq bir fikir yoxdur. Hansı fikrin daha üstün olduğunu isə iki həftə sonra biləcəyik.

Hoteldən piyada Barbaros bulvarına gedirik. Yolda bir sığorta şirkətinin qeyri-adi reklamı diqqətimi çəkir. Eyvandan evə daxil olmağa çalışan oğrunun maketi quraşdırılıb və yazılıb: “Oğru sizə gəlmədən, siz sığortaya gəlin”. 

30 metr irəli gedib, sonradan geri qayıdıram, həmin reklamın fotosunu çəkirəm. Səfər yoldaşlarıma deyirəm ki, türklər reklamın Allahıdır. Daha bizim kimi Bəhram Bağırzadənin əlinə “stanok” verib stadionda üzqırxan reklamı çəkmirlər. 

Xeyli piyada getdikdən sonra Barbaros bulvarına çatırıq, balıq tutanları, bir də o balığa həsrətlə baxan pişikləri seyr edirik. Axşam düşür…

Axşamları Qalata körpüsünün altında möhtəşəm bir mənzərə var. 1912-ci ildə istifadəyə verilən körpü həm də, Osmanlının son dövrlərinə və gənc Cümhuriyyətin ilk illərinə şahidlik edib. Elə axşam yeməyi üçün də bu körpünün altındakı “balık” restoranlarından birini seçirik.

İstanbula gəlib bu mənzərədə balıq yeməmək, sevdiyin qadına xəyanət etməyə bərabərdir. Balığın yanında da rakı şərtdir. Sevdiyinlə xoşbəxt olmaq kimi…

Levrek balığını gözümüzün önündə tərəzidə çəkirlər. 2 kilo 400 qram olan iki balığın qiyməti bizim pulla 245 manat edir. Baha olmağına bahadır, amma mənzərə, balığın ləzzəti qiyməti unutdurur. Həm də hesabı biz ödəmədiyimizə görə, balıq daha rahat həzm olunurdu…

Az sonra mini-ansamldan ibarət küçə musiqiçiləri gəlir, İbrahim Tatlısesin repertuarından mahnı sifariş veririk. Və beləcə gecəni “İmparator”un mahnıları ilə zirvədə buraxırıq. Hesab gəlir, 10 min TL!

Yəni, 874 manat. 6 nəfər idik…

Səhər açılır, bu gün derbi var. Axşam çempionluq uğrunda mübarizədə “Beşiktaş” doğma azarkeşləri önündə “Qalatasaray”ı qəbul edəcək. Bu həyəcanı nəzərə alan “ETOPAZ” mərc şirkəti də Bakıdan İstanbula “qara-qartallar”ın azarkeşi olan müştərilərini gətirib. Bu azarkeşlər “ETOPAZ”ın 300 min müştərisinin arasından seçilib. Bütün xərclər də şirkət tərəfindən qarşılanır. Jurnalist kimi isə məni dəvət ediblər, təkəm.

Hoteldən çıxanda şirkət rəsmiləri tərəfindən “ağ-qaralar”ın azarkeşi olan müştərilərinə “Beşiktaş” forması hədiyyə edilir. “Qalatasaray” azarkeşi olan mənim üçün də “Beşiktaş” forması nəzərdə tutulub. Azarkeş kimi gəlsəydim, təbii ki, o formanı əsla geyinməzdim, amma jurnalist olaraq səfərə qatıldığım üçün ağlımdan keçən yeganə şey o atmosferi doyunca yaşaya bilmək və təəssürat yazısı hazırlamaq idi. Və formanı geyinirəm…

Onu da qeyd edim ki, stadionda ancaq “Beşiktaş” azarkeşləri idi, bir məndən başqa… Bu mövsümdə derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona girişi təhlükəsizlik baxımından yasaqlanıb.

“Vodafone Park” stadionuna doğru gedirik, matç günü olduğu üçün yollarda tıxac var, düşüb bir xeyli piyada getməli oluruq. Yoxlanış qapısından keçirik və bu anda stadionda matçın start fitindən əvvəl Türkiyə himni səslənir. Hətta oyuna qaça-qaça gələnlər də o an ayaq saxlayır, oyun əhəmiyyətini bu məqamda itirir və himnə hörmət əlaməti olaraq hər kəs elə olduqları yerdə “donub qalır”.

Elə şəkildəki kimi:

Oyunun 2-ci dəqiqəsində stadiondakı yerimizi alırıq. Məndən sağ tərəfdə dayanan bir ailədir – ata, ana və qızları. Ata-ana müsəlmandır, qızları isə xristian. Qızı atasından daha çox söyüş söyür, hakimi, rəqib futbolçunu…

Öz-özümə düşünürəm, mədəniyyətsizlik fonunda azarkeşlik mədəniyyəti…

Oyunun fasiləsində kişidən soruşuram:

– Sizdə xanımların futbola bu qədər çılğıncasına maraq göstərməsinin səbəbi nədir? Bütün şüarları əzbər bilirlər…

Cavab konkret olur:

– Bu, əzəldən yaranan futbol mədəniyyətidir!

Məndən arxa sırada da bir ailə var – ər, arvad və balaca bir uşaq. Sağımdakı ailədən fərqli olaraq, bu ailənin başçısı söyüş söymür, uşağı qucağında saxlayır, ailənin oyunda rəqib üçün ayırdığı söyüş limitini də qadın “xərcləyir”. Ticarət mərkəzində alış-veriş edirmişcəsinə. Söyüşün biri bir qəpikdən, daha doğrusu, bir kuruşdan…

Bizim üçün anormal bir şey hesab oluna bilər. Çünki biz azərbaycanlılar qadının yanında söyüş söyməyi özümüzə ayıb bilirik. Amma onlar üçün bu, adi haldır. Yəni, mədəniyyətsizlik hesab olunmur. Bir millət, iki ayrı təfəkkür…

Stadiondakı atmosferi isə sözlə ifadə etmək üçün ya gərək Ramiz Rövşən olasan, ya da Əliağa Vahid. Sonuncu belə atmosferi 8 il əvvəl Afinada, “Panatinaikos” – “Qəbələ” matçında yaşamışdım. 

“Beşiktaş” azarkeşlərinin performansı inanılmaz idi. Qısaqol geyinmişdim, tüklərim biz-biz olmuşdu. Amma bu, soyuqdan deyildi, üşümürdüm…

Xorla oxuyurlar “Sen var ya sen…”, “Şinanay yavrum, şina şinanay…”

Mahnının sözlərini söyüşlə əvəzləyib rəqib komandanı söyürlər…

Bir ağızdan elə möhtəşəm oxuyurlar ki, özümə də ləzzət edir. Bunu “Beşiktaş” azarkeşi olan səfər yoldaşlarıma etiraf edirəm, gülürlər… 

Oyunda hesabı “Qalatasaray” açır, stadiona sükut çökür. Bu sükutda içimdəki sevincin eşidilmədiyinə şükür edirəm. Özümü əsl partizan kimi aparıram. Səfər yoldaşlarım mənə baxır, mən də onlara…

Ardınca “Beşiktaş” geridönüş edir və stadiondakı atmosfer türk lirəsinin məzənnəsi kimi birdən-birə dəyişir.  

Bəlkə də, bu, tanrının meydan sahiblərinə yox, birbaşa mənə hədiyyəsi idi. Özümü məğlubiyyətə sevinən görürəm. Düşünürəm ki, bəlkə sevdiyim komanda uduzmasaydı, stadiondakı atmosferi, o möhtəşəmliyi hiss edə, yaşaya bilməyəcəkdim. 

Matç bitir, nəvəsinin əlindən tutub oyuna gətirən baba diqqətimi çəkir. Bunun uşağın həyatında bir ilk olduğunu öyrənirəm. Azyaşlı sevincindən az qala, qartal kimi uçurdu. Baba nəvəsinə azarkeşlik mədəniyyətini sağlığında miras qoymuşdu…

Beləcə gecə İstanbul “siyah-beyaz” olur…

Səhər açılır, Bakıya qayıdırıq, İstanbul aeroportundayıq. Bakıya doğru istiqamətdə təyyarəmiz güclü hava boşluğu zonasına düşür. Hava gəmisi silkələnir, sərnişinlər həyəcanlanır, qorxur…

Mən isə hələ də İstanbuldakı atmosferdəyəm…

Emin Səfərov



Share: