Müstəqil.Az Elnur Rəsul oğlu Əliyevin şeirlərini təqdim edir:
Verəcək Allah
Rəhmətlik Əliniyaz əmimə
Vəzifə düşkünü insanların, bil,
Gec-tez qəzasını verəcək Allah.
Ölümünə bais olanların, bil,
Ağır cəzasını verəcək Allah.
Qara torpaq altda yatanların, bil,
Hər gün əzasını verəcək Allah.
Quştək haqqa tərəf uçanların, bil,
Geniş fəzasını verəcək Allah.
Etiraf
Məndən soruşma ki, nə istəyirəm,
Mənə lazım deyil boş-boş suallar.
Odur ki indidən sənə deyirəm:
Mənim həyatımda bir başqası var.
Mənim həyatımda bir başqası var,
Mən onu sevirəm dəlilər kimi.
Səni özü ilə aparan qatar
Tez unutduracaq sənsizliyimi.
Tez unutduracaq sənsizliyimi
Sənlə keçirtdiyim sənsiz günlərim.
Sən yaxşı bilirsən dəliliyimi,
Bəs necə olacaq mənsiz günlərin?
Bəs necə olacaq mənsiz günlərin?
Susursan… Cavabı yox bu sualın.
Mənim ürəyimdə özəldir yerin,
Bir vaxtlar dərdindən öldüyüm qadın!
Bu gün dərsə gəlməmisən
Sənin yerin boş qalıbdır,
Bu gün dərsə gəlməmisən.
Ürəyimi qəm sarıbdır,
Bu gün dərsə gəlməmisən.
Ucdan tutub ucuzluğa,
Yol gedirik sonsuzluğa.
Dözəmmirəm yoxluğuna,
Bu gün dərsə gəlməmisən.
İtirmişəm özümü mən,
Söhbətimi, sözümü mən.
Silləm yaşlı gözümü mən,
Bu gün dərsə gəlməmisən.
Yaşamağa yer tapmıram,
Bir ölüyəm, gor tapmıram.
Yoxsa əlac var, tapmıram?
Bu gün dərsə gəlməmisən.
Sonet
Günəşimsən, Aya döndərib məni
Atdı “sevgi” adlı fəzaya Tanrı.
Sonra ordan geri göndərib məni
Məhkum etdi ağır cəzaya Tanrı.
Bu cəza ayrılıq, bu cəza hicran,
Nə edim? Buna da dözməliyəm mən.
İsti küləkləri qumlar sovuran
Səhrada Məcnuntək gəzməliyəm mən.
Ağlamaqla bitir hər günüm mənim,
Unutmayacağam olanları mən.
Gözdən uzaq keçir sürgünüm mənim,
Özümə dost billəm heyvanları mən.
Ayım sona yetər, ilim qurtarar,
Məni iztirabdan ölüm qurtarar.