Sona Vəliyeva poeziyasına ədəbi-bədii baxış

Sona Vəliyeva poeziyasına ədəbi-bədii baxış

SƏN MƏNİ UNUDA BİLMƏZSƏN

(İlhamə Quliyeva “Sən məni unuda bilməzsən”i oxuyurdu…)

Məni unutmağa gücün yetərmi?
Mən bir az dənizəm, bir az torpağam.
Gözünə, qəlbinə elə köçmüşəm,
Ölüb getsəm belə, görərsən sağam.

Sükut qəm nəğməsin, elə bəstələr,
Sızladar ömürdən olub qalanı.
Məni unutmağı asan biləndə,
Bürüyər ömrünü qəm ərməğanı.

Getmək istəyərsən, baxıb görərsən,
Yollar heca-heca, qırıq-qırıqdı,
Baş aça bilməzsən özün özündən,
Görərsən ömrünü “mən” qarışıqdı.

Sual da, cavab da içindən başlar,
Mən harda, sən harda çaşıb qalarsan.
Kimdi kimdən gedən, suallar donar,
Görərsən lap çoxdan sən mən olmusan.

Unutmağı belə asanmı sandın,
Qəmimdən yağışlar, sel, daşqın olar
Demişdim dənizəm, dalğalarımdan,
Həsrət qasırğası, yolunu bağlar.

Gedə bilərsənsə, zalım yolları,
Sən də dönük üzlə başla, çıxıb get.
Ruhumda ruhunun həsrət naxışı,
Ağrıyan kədəri topla, yığıb get.

Unutmağı belə asanmı sandın,
Ömrün yaddaş yeri, yara göynəyi.
Xatirə ilğımı hər pərdəsində,
Qaytarar ömrünə qəm kökləməyi.

Min il bundan əvvəl, min il də sonra,
Kim sevib, unuda bilibsə desin.
Yer, göy yaşındasa vəfa, etibar,
Lüğətdən unutmaq sözü silinsin!

Sona Vəliyeva
şeirinin bədii təhlili:

Sona Vəliyevanın “Sən məni unuda bilməzsən” şeiri dərin lirik-fəlsəfi hisslərlə zəngin olan, insanın daxili aləmini və unudulmaz sevgi duyğusunu tərənnüm edən təsirli bir əsərdir.
Şeirin mövzusu ayrılıq, unudulmağın mümkünsüzlüyü, təmənnasız və əbədi sevgidir.
Şeirin ideyası, həqiqi sevgi insanı daxilən elə dəyişir və qarşı tərəfə elə qovuşdurur ki, fiziki ayrılıq baş versə belə, ruhən ayrılmaq və unutmaq qeyri-mümkündür (“Görərsən lap çoxdan sən mən olmusan”).
Sona xanım şeirdə lirik qəhrəmanın daxili həyəcanını və təbiətlə vəhdətini göstərmək üçün zəngin bədii boyalardan istifadə edib:
“Yollar heca-heca, qırıq-qırıqdı”, “ömrün yaddaş yeri”, “yara göynəyi” kimi ifadələr hisslərin obrazlılığını artırır.
Qəhrəman özünü təbiət ünsürlərinə bənzədir: “Mən bir az dənizəm, bir az torpağam”.
“Qəm nəğməsi”, “həsrət qasırğası”, “qəm ərməğanı”, “zalım yollar”, “dönük üz”. Bu təyinlər kədərin bədii çəkisini daha da ağırlaşdırır.
“Qəmimdən yağışlar, sel, daşqın olar” misrasında kədərin miqyası kosmik səviyyəyə qaldırılır.
Şeir dialoq və daxili monoloq üzərində qurulub. Müəllif getmək, unutmaq istəyən tərəfə bir növ mənəvi xəbərdarlıq edir.
Şeirdə psixoloji paralellik var: insanın daxili təlatümləri dəniz, qasırğa, yağış və sel kimi təbiət hadisələri ilə paralelləşdirilir. Son bənddə isə müəllif subyektiv hisslərdən ümumbəşəri fəlsəfəyə keçid edir; sevginin və vəfanın yer və göy qədər qədim, əbədi olduğunu vurğulayır.
Əsərin dili olduqca axıcı, səmimi və xalq şeiri ənənələrinə yaxındır. Heca vəznində yazılan şeirin ritmi oxucunu yormur, əksinə, İlhamə Quliyevanın ifasındakı musiqiliyi və həzinliyi sözlərlə yenidən canlandırır.
Sizə cansağlığı, bərəkətli ömür və bütün işlərinizdə uğurlar arzulayırıq, dəyərlimiz Sona xanım!
✍️ Sevil Azadqızı
07.07.2026

Share: