“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Kərkük musiqi irsinin unudulmaqda olan nümunələrinin bərpasına start verib.

 

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycanın zəngin mədəni irsinin və regional folklor nümunələrinin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində növbəti layihənin — “Kərkükdən Gələn Səs: Unudulmuş Nəğmələrin Bərpası” layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Kərkük musiqi mühitinə aid, zamanla arxivlərdə kölgədə qalmış 15 nəğmənin tədqiqi, bərpası və yenidən işlənməsi nəzərdə tutulur.

Layihə rəhbəri Fəridə Mirişovanın sözlərinə görə, tədqiqat zamanı Kərkük folkloruna aid seçilmiş 15 nəğmənin tarixi və musiqi xüsusiyyətləri araşdırılacaq, daha sonra həmin əsərlər Azərbaycan muğam və lad sistemi, eləcə də milli musiqi alətləri ansamblı üçün yenidən işlənəcək. Bununla da uzun müddət səhnə həyatından uzaq qalan nəğmələrin yenidən canlı ifa mühitinə qaytarılması qarşıya məqsəd qoyulur.

“Kərkük musiqi irsi Azərbaycan muğam və folklor ənənəsi ilə dərin mənəvi və tarixi bağlara malikdir. Məqsədimiz Kərkük ustadlarının ifasında lentə alınmış, lakin zaman keçdikcə unudulmaq təhlükəsi ilə üzləşmiş bu nadir musiqi nümunələrini araşdırmaq, bərpa etmək və yenidən səhnəyə qaytarmaqdır. İnanırıq ki, layihə həm Kərkük musiqi irsinin tanıdılmasına, həm də Azərbaycan və Kərkük musiqi ənənələri arasındakı əlaqələrin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək”, — deyə Fəridə Mirişova bildirib.

Layihənin sonunda bərpa edilmiş 15 nəğmənin canlı ifa formatında təqdim olunması nəzərdə tutulur. Beləliklə, arxivlərdə qorunan və unudulmaqda olan musiqi nümunələri yenidən səhnə həyatına qazandırılaraq Azərbaycan musiqi-mədəni irsinin bir parçası kimi gələcək nəsillərə çatdırılacaq.

Müstəqil.Az

 

Share: