İllər ömrün təqvimindən yarpaq-yarpaq tökülür, zamanın axarı isə öz arxasında silinməz izlər qoyub keçir. Lakin zaman yalnız təqvimdəki rəqəmlərin sayı ilə deyil, qoyulan xeyirxah əməllərlə, toplanan mənəvi sərvətlə, ən əsası isə qazanılan saf el-oba sevgisi ilə ölçülür. Bu gün Lerik torpağının yetirdiyi, bütün cənub bölgəsinin və Azərbaycan mətbuatının yaxşı tanıdığı, ömrünü xalqına, dövlətinə və doğma sözünə fədakarlıqla həsr edən dəyərli ziyalımız, tədqiqatçı-jurnalist Əlisəfa Ağaxan oğlu Həsənovun ömür payının növbəti işıqlı səhifəsi – doğum günüdür.
1957-ci ilin avqust ayının 20-də Lerik rayonunun mənzərəli, uca dağlar qoynunda yerləşən Lərmərud kəndində dünyaya göz açan Əlisəfa müəllim, ilk gənclik illərindən biliyə, elmə və söz sənətinə böyük həvəs göstərmişdir. 1974-cü ildə Nücü kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Dəqiq elmlərin verdiyi analitik təfəkkür, dərin məntiq və sarsılmaz intizam onun sonrakı yaradıcılıq və jurnalistika fəaliyyətində dürüstlüyün, obyektivliyin və analitik dəqiqliyin ana xəttinə çevrildi. Paralel olaraq “Bakı” və “Baku” qəzetlərinin nəzdində Mətbuat Universitetində təhsil alması isə onun qəlbindəki mətbuat sevgisini alovlandırdı, onu milli mətbuatımızın fədakar xidmətçisinə çevirdi. İlk qələm təcrübələrini universitetin “Bakı Universiteti” qəzetində sınayan Əlisəfa müəllim, sonradan pedaqoji fəaliyyətlə yanaşı, statistika sahəsində də çalışaraq həyatın bütöv bir məktəbini keçdi, zəngin ömür təcrübəsi qazandı.
1993-cü ildən etibarən “Respublika” qəzetinin cənub bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərən Əlisəfa Həsənovun iti qələmi hər zaman həqiqətin, quruculuğın, vətənpərvərliyin və insan amilinin xidmətində durmuşdur. O, yalnız xəbər yazmadı; cənub bölgəsinin — füsunkar Lənkəranın, bərəkətli Masallının, yaşıl Astaranın, vüqarlı Lerikin və mənzərəli Yardımlının sosial-iqtisadi, mədəni həyatını, sadə insanlarının halal zəhmətini və bölgənin inkişaf salnaməsini böyük peşəkarlıq və tükənməz məhəbbətlə işıqlandırdı. Mətbuatda göstərdiyi çoxillik səmərəli fəaliyyətə, işinə olan vicdanlı münasibətə görə “Nailiyyət”, “Qızıl qələm”, “Dəmirağac” kimi nüfuzlu media mükafatlarına layiq görülmüş, KİV-ə Dövlət Dəstəyi Fondunun fərdi jurnalist müsabiqələrində dəfələrlə qalib gəlmişdir. Beynəlxalq Jurnalistlər Federasiyasının vəsiqəsini şərəflə taşıyan Əlisəfa müəllim, həm də regional tariximizi, mədəniyyətimizi gələcək nəsillərə ötürən dəyərli kitabların müəllifi, tərtibçisi və redaktorudur.
Əlisəfa müəllimi cəmiyyətdə sevdirən və ucaldan ən böyük cəhət onun nadir insani keyfiyyətləri, təmiz mənəviyyatıdır. O, sözün əsl mənasında, xeyirxah, həlim xasiyyətli, təmkinli, nurani və həssas qəlbə malik bir ziyalı obrazıdır. Onunla ünsiyyətdə olan, söhbətinə şərik olan hər kəs bu insanın qəlb səmimiyyətini, insanlara qarşı olan dərin mərhəmətini və dostluğa verdiyi yüksək dəyəri dərhal hiss edir. Qəlbi hər zaman Vətən sevgisi ilə döyünən, ulu babalardan gələn qohumluq, el-oba və mənəvi bağları hər zaman uca tutan bu fədakar insan çevrəsindəki hər kəsə arxa-dayaq olmağı, yol göstərməyi bacarır. Onun qələmindən adətən sadəcə söz deyil, sanki hikmət zəri tökülür, hər bir cümləsi insanlığa, mədəniyyətə, mənəvi təmizliyə və işıqlı ideallara xidmət edir.
Əlisəfa müəllimin ömür yolundakı ən böyük, ən müqəddəs uğurlarından biri də onun qurduğu nümunəvi ailə modelidir. İllər öncə magistraturada təhsil alarkən, Lənkəran Şəhər Mərkəzi Kitabxanasında birgə çalışdığım, fədakar, nəzakətli, ailəcanlı və gözəl xarakterə malik həyat yoldaşı Mirnisə xanımla birlikdə ucaltdıqları bu ailə ocağı əsl mənəviyyat və mədəniyyət məbədidir. Bu müqəddəs ocaqda tərbiyə alan, Lənkəran Dövlət Universitetində dərs dediyim dəyərli tələbələrim — üç övladı İlqar, Vüqar və Nigar valideynlərinin sadəliyini, nəzakətini və yüksək mənəvi dəyərlərini öz şəxsiyyətlərində ləyaqətlə yaşadırlar. İllərin sınağından keçən bu gözəl ailə tablosu öz saflığını, işığını və səmimiyyətini bu gün də ilk günkü kimi qoruyub saxlayır.
Qələmin işığı
Riyaziyyat dəqiqliyi, sözün bədii qüdrəti,
Qələmindən tökülür hər cümlənin hikməti.
Sən mətbuat dünyasının vicdanı, dürüstlüyü,
Qazandın el içində ən böyük məhəbbəti.
Bir ömür xidmət etdin həqiqətə, insana,
Sözün zər dəyərində yayıldı hər bir yana.
Dağların vüqarını qəlbində yaşatdın sən,
Sədaqət nümunəsi oldun bu el-obaya.
Qələmin kəsərli, ömrün firavan olsun,
Ailən, övladların hər zaman görsün səadət.
Yeni yaşın mübarək, ey vicdanlı ziyalı,
Sənə sağlam bir ömür arzulayır bu millət!
Bu gün dəyərli Əlisəfa müəllim müdriklik çağının yeni bir işıqlı pilləsinə, yeni yaşına qədəm qoyur. Doğum günü münasibətilə onu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və tükənməz yaradıcılıq uğurları arzulayıram. Qələminiz hər zaman kəsirli, sözünüz dəyərli, ömrünüz isə hər zaman bahar təravətli olsun!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




















