ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ – Gülbahar Aşurova yazır

ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ – Gülbahar Aşurova yazır

 

Dünya xəritəsində elə xalqlar var ki, onları yalnız coğrafi sərhədlər deyil, həm də əzəli köklər, ortaq tarix, dil və mənəvi dəyərlər möhkəm şəkildə bir-birinə bağlayır. Özbək və Azərbaycan xalqları da məhz belə qan qardaşı və soydaş xalqlardandır. Nizami və Nəvai, Babur və Füzulinin nəfəsi ilə yoğrulmuş bu mənəvi məkan müasir dövrdə yeni məzmun və dinamika ilə daha da zənginləşir.

Son illərdə Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələrdə deyil, elmi-maarifləndirici, mədəni və ədəbi istiqamətlərdə də yüksək mərhələyə yüksəlmişdir. Kitabxanalararası əlaqələr və kitab mübadiləsi, birgə elmi konfranslar, incəsənət festivalları, eləcə də tərcüməçilik sahəsində həyata keçirilən genişmiqyaslı əməkdaşlıq bunun parlaq göstəricisidir.

Bu ədəbi-mədəni əlaqələrin inkişafında, şübhəsiz ki, hər iki xalqın maarifpərvər ziyalılarının və yaradıcı şəxsiyyətlərinin rolu əvəzsizdir. Belə fədakar və özünəməxsus sənətkarlardan biri də azərbaycanlı tanınmış şairə, Azərbaycan, Özbəkistan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin, eləcə də Türkiyə Elmlər Akademiyasının fəxri professoru Xuraman xanım Muradovadır. Onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti türk dünyasının həmrəyliyi, müstəqillik və vətənpərvərlik ideyalarının təbliğinə yönəlməsi ilə seçilir.

Xuraman Muradovanın yaradıcılıq fəaliyyəti iki qardaş ölkə arasında ədəbi mühitin canlanmasında və mənəvi körpülərin daha da möhkəmləndirilməsində mühüm amil kimi çıxış edir. Şairənin özbək oxucularına həsr etdiyi “Vətən eşqi – Turan sevgisi” adlı şeirlər toplusu bu dostluğun və yaradıcılıq əməkdaşlığının əyani bəhrəsidir. Tanınmış tərcüməçi Kərim Bəhriev tərəfindən ustalıqla özbək dilinə çevrilən və filologiya elmləri doktoru Gülbahar Aşurovanın ön sözü ilə nəşr olunan bu poetik topluda Vətənə sədaqət, millətin şərəfi, sülh, türk dünyasının birliyi və əbədi məhəbbət mövzuları yüksək sənətkarlıqla tərənnüm edilir.

Azərbaycanlı şairənin ölkəmizə etdiyi səfərlər, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında və ali təhsil müəssisələrində keçirilən yaradıcılıq görüşləri ədəbi ictimaiyyətdə böyük əks-səda doğurmuşdur. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Füzuli Elmi-Tədqiqat Mərkəzinin, Özbəkistan Yazıçılar Birliyinin nümayəndələrinin, eləcə də alim və tədqiqatçıların iştirak etdiyi tədbirlər bir daha göstərdi ki, Xuraman Muradovanın poeziyası özbək oxucusunun qəlbinə son dərəcə yaxın və doğmadır. Şairənin özünün etiraf etdiyi kimi, o, hələ Özbəkistana gəlməzdən əvvəl belə öz qəlbində bu qədim, sirli və müqəddəs diyara qarşı dərin məhəbbət hiss etmiş, yaradıcılığında özbək xalqına həsr olunmuş onlarla səmimi şeir qələmə almışdır.

Bu gün də Xuraman xanım Muradovanın yeni yaradıcılıq nümunələri görkəmli alim və tərcüməçi Zürrəddin İsəmidinov tərəfindən özbək dilinə tərcümə olunur. Bu isə yaradıcı dialoqun davamlılığından, ədəbi əlaqələrin ardıcıl və sistemli şəkildə inkişaf etdiyindən xəbər verir.

Nəticə etibarilə demək olar ki, Xuraman Muradovanın yaradıcılığı yalnız poeziya deyil, həm də türk dünyasının mənəvi birliyini, Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu və qardaşlığı tərənnüm edən özünəməxsus mədəni fenomendir. Mədəni və elmi sahələrdə bu cür səmimi dialoqlar iki xalqı bir-birinə daha da yaxınlaşdırmağa, tarixi və mənəvi köklərimizi qoruyub saxlamağa, onları gələcək nəsillərə toxunulmaz şəkildə çatdırmağa bundan sonra da xidmət edəcəkdir.

Gülbahar Aşurova,

filologiya elmləri doktoru, professor,

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti,

Məhəmməd Füzuli adına Elmi-Tədqiqat Mərkəzinin rəhbəri

Share: