Ədəbiyyat insanın özünü tanımaq üçün yaratdığı ən qədim mənəvi güzgüdür. Hələ yazının olmadığı zamanlarda insanlar duyğularını daşlara həkk edir, mahnılara çevirir, dastanlarla nəsildən-nəslə ötürürdülər.
Əsrlər keçdi, dövlətlər yarandı və dağıldı, sərhədlər dəyişdi, dillər zənginləşdi, zaman öz hökmünü sürdü. Lakin bir həqiqət dəyişmədi: insan yaşadığı müddətdə sevgiyə möhtac oldu, ədəbiyyat isə bu sevginin əbədi yaddaşına çevrildi.
Ədəbiyyat əzəldən bəri sevginin ən etibarlı yol yoldaşı olmuşdur. Çünki sevgi danışanda qəlb söz axtarır, söz isə özünə sığınacaq olaraq ədəbiyyatı seçir. Əgər dünyada məhəbbət olmasaydı, nə qəzəllər yaranardı, nə qoşmalar, nə bayatılar, nə də insanların ruhunu isidən əsərlər. Ədəbiyyat sevgini yazmadı, əslində sevgi ədəbiyyatı yazdırdı.
Sevgi insanı kamilləşdirən ilahi nemətdir. O, yalnız iki insan arasındakı hiss deyil. Ana övladını sevərkən də sevgi danışır, müəllim şagirdini yetişdirərkən də, əsgər Vətəni qoruyarkən də, yazıçı qələmini əlinə alarkən də, şair misralarını yazarkən də. Hər böyük əsərin başlanğıcında bir sevgi dayanır. Çünki sevgisiz yazılmış söz oxucunun qəlbinə çata bilməz. Azərbaycan ədəbiyyatı bu həqiqətin ən parlaq sübutlarından biridir. Nizami Gəncəvinin eşqi hikmətə çevrilmişdir, Füzulinin sevgisi göz yaşında ilahiləşmişdir, Nəsiminin məhəbbəti insanın ucalığında öz zirvəsini tapmışdır. Sonralar isə Mikayıl Müşfiq sevgini daha saf, daha kövrək, daha həyat dolu bir dillə ifadə etdi. Onun misralarında sevgi yalnız hiss deyil, həm də ümiddir, nəfəsdir, yaşamaq eşqidir.
Müşfiq yazırdı: “Sevgi vardır ki, dodaqlarda açar güllərini.” Bu bir misra belə sübut edir ki, həqiqi məhəbbət insanın sözünü gözəlləşdirir, baxışını dəyişdirir, ürəyində bahar yaradır. Çünki sevən insan kin danışmır, nifrət daşımır, əksinə, könlündə mərhəmət çiçəkləndirir.
Başqa bir misrasında isə deyirdi: “Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.” Doğrudan da, sevgi bəzən qar kimi səssiz enir insanın ömrünə, bəzən külək kimi qəfil gəlib bütün həyatını dəyişdirir. Onu nə gözlə görmək mümkündür, nə də əllə tutmaq. Ancaq varlığını hər ürək hiss edir.
Ədəbiyyat sevginin zamanla mübarizəsidir. İnsan fanidir, lakin onun yazdığı sevgi əbədiyyətə çevrilə bilir. Bu gün biz əsrlər əvvəl yaşamış şairlərin sevgisini oxuyuruqsa, deməli, söz zamanın məğlub edə bilmədiyi yeganə xəzinədir. Kağız köhnələ bilər, kitabın vərəqləri sarala bilər, amma içində yaşayan məhəbbət heç vaxt qocalmır.
Mikayıl Müşfiqin sözləri bu həqiqəti bir daha xatırladır: “Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini.” İnsan qəlbi yalnız sevəndə nəğmə oxuyur. Ruhun ən gözəl musiqisi məhz məhəbbətdən doğur. Bütün sənətlər, bütün gözəlliklər sevginin nəfəsindən yaranır.
Ədəbiyyat insanı yalnız düşündürmür, həm də tərbiyə edir. O bizə öyrədir ki, sevgi sahib olmaq deyil, qorumaqdır; dəyişmək deyil, qəbul etməkdir; almaq deyil, verməkdir. Həqiqi sevgi qarşılıq gözləmədən də yaşaya bilir. Çünki onun gücü maddiyyətdə deyil, mənəviyyatdadır.
Müşfiqin poetik düşüncəsi bunu da söyləyir: “Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.” İnsan çox vaxt sevginin qiymətini onu itirdikdən sonra anlayır. Uzaqlaşan illər, keçmiş xatirələr, əldən çıxmış insanlar yaddaşımızda daha parlaq görünür. Ədəbiyyat isə həmin itirilmiş anları yenidən yaşamağa imkan verir.
Sevgi həm də insanın daxilində yaranan bahardır. Şair təsadüfi demirdi: “Sevgi vardır ki, bahardan bizə güllər gətirir.” Bahar yalnız təbiətdə yox, insanın daxilində də açmalıdır. Əgər ürəkdə bahar yoxdursa, dünyanın bütün çiçəkləri belə insanı sevindirə bilməz.
Bəzən isə sevgi sadə görünmür. O, suallar doğurur, sınaqlardan keçir, səbir tələb edir. Elə buna görə Müşfiq yazırdı: “Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.” Hər sevginin cavabı olmayan sualları, izah edilməyən sirləri olur. İnsan həmin sirrlərlə böyüyür, kamilləşir, həyata daha dərindən baxmağı öyrənir.
Sevgi gözəlliyi görmək bacarığıdır. Şairin “Bilsən, gülüşlərin nəyə bənzəyir?” sualı əslində insan ruhunun heyranlığını ifadə edir. Sevən insan adi bir təbəssümdə kainatı, adi bir baxışda sonsuzluğu görə bilir. Ədəbiyyat məhz bu görünməyən gözəllikləri görünən sözə çevirən müqəddəs sənətdir.
Bu gün texnologiya inkişaf edir, süni intellekt yaranır, insanlar saniyələr içində dünyanın o biri başı ilə danışırlar. Amma yenə də bir şeir oxuyanda kövrəlirlər, bir romanın son səhifəsində göz yaşlarını saxlaya bilmirlər. Çünki insanı insan edən ağıl qədər ürəkdir, ürəyin dili isə sevgidir.
Ədəbiyyat sevgini qoruduğu kimi, sevgi də ədəbiyyatı yaşadır. Onlar biri digərinin nəfəsidir. Biri olmasa, digəri yarımçıq qalar. Ədəbiyyat sevgiyə ömür verir, sevgi isə ədəbiyyata ruh bəxş edir.
Əzəldən əbədiyyətə uzanan yol əslində sözün və sevginin yoludur. Bu yolun başlanğıcı insan qəlbi, sonu isə sonsuzluqdur. Əsrlər dəyişsə də, nəsillər bir-birini əvəz etsə də, sevgi yazılmağa, ədəbiyyat isə insanı yaşatmağa davam edəcək. Çünki hər böyük əsərin içində bir ürək döyünür, hər həqiqi sevginin içində isə əbədi yaşayacaq bir söz gizlənir. Elə buna görə də ədəbiyyat yalnız kitab səhifələrində deyil, insan ruhunda yaşayır. Sevgi isə yalnız hiss kimi deyil, əxlaq, mərhəmət, sədaqət və mənəviyyat kimi əbədiyyətə doğru uzanan müqəddəs bir yola çevrilir.
✍️ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.
AYB, AJB-nin üzvü.Ədəbi təhlil-tənqidçi. Yazar-publisist
07.07.2026




















