“Son  vidanı  bilmədim…”

Bədirə RZA  HƏSƏNQIZInın yeni hekayəsi

 (Nakam  şəhidlərin xatirəsinə)

 Günəşin sərhədsiz şəfəqləri otağa dolub, yavaş-yavaş çəkilməkdə idi. Qəriblərin darıxdığı qürub vaxtı yaxınlaşırdı. Təkcə qəriblərinmi? Yox, bəzən insan doğma evində də özünü qərib bilərmiş…

Kim deyibsə, bunu səhv deyib bəlkə, deyə düşünürdüm. Neçə gün idi ki, anam da məndən küskün idi. Artıq neçənci elçi idi ki, yox-deyib, qaytarırdım. Gözlərim çox ağrıyırdı, yəqin ağlamaqdan belə olmuşdum. Bu ağrılar isti  göz yaşlarımın  səssiz  üsyanı  idi  yəqin…

Çarpayıdan qalxıb kitab rəfinə yaxınlaşdım. Hə oxuyum? Hansı kitabı əlimə aldımsa , sətirlərdə gəzən gözlərim səni gördü, qulaqlarımda sənin sözlərin təkrar-təkrar uğuldamaqda idi…

“Bir gün bu ədalətsiz müharibə bitəcək, Cicək,” – deyirdin.

Daha nələr, nələr…dərindən nəfəs alıb, həyətə endim, bağa girdim… Nə qədər çalışsam da, qarışıq fikirləri qova bilmirdim…. bütün ruhumla səni, uğrunda neçə-neçə mərd oğulların Şəhid olduğu əsir yurdları düşünürdüm…

Hələ nə qədər oğul Şəhid olacaq, bu Vətən torpağı  qəmgin olacaq,

bitəcək nə zaman bəs, zalım, fitnəkar, o əsir yurdlarım  azad  olacaq?

Bu, sankı, qəmli bir nəğmə idi, bayatı idi. Qulaqlarımda bir an da olsa məni tərk etməyən, varlığıma hopan, düşündükcə bağrımı göynədən sızıltı idi. Hey çalınır-çalınırdı… Günəşin qürubu, səhər şəfəqlərinin yenidən doğması sənsiz ötən günlərin rəngini belə dəyişə bilmirdi mənim üçün…
Bu gün isə sənin doğum günün idi. Bəli, sənin… könlü, gözü Vətən sevdalı Şəhidimin…

Ona son vidanı etdimmi ? Bilmirəm, bilmirəm, bunu necə etmək olardı. Mən bunu necə edə bilərdim. Axı…o, mənim ümidlərimin yaz bənövşəsi, xəyallarımın zöhrə ulduzu idi. O gizli sevdam idi mənim. Nə qədər səmimi olsaq da, heç sevgidən danışmaz, bu mövzuya yaxın belə düşməzdi. Hərdən mənə elə gəlirdi ki, mən bunu ancaq öz dünyamda uydurmuşam…öz gizli, hər kəsdən xəbərsiz dünyamda. Axı, bu necə ola bilərdi? Mən bunu necə xəyal edə bilərdim? Onsuz??? Bəlkə də yanılıram. Amma o baxışlar, sükut etsə də, məncə cox söz demək istəyirdi. Bəlkə də… Amma bilirdim ki, onun ilk və son sevgisi var, o da Vətəndir. Vətən sevgisi yüksək olan, uca olan bir əsgərdən yalnız qələbə sorağını gözləmək olardı. Mən isə…..

Hər zaman rast olunca, düşmənə qalib döyüşümüzdən danışar, bir gün mütləq zəfər çalacağımızı söyləyər, inanar, məni də inandırardı. Sevgi haqqında heç danışmazdı. Amma ürəyimə dammışdı nə isə… Mənə elə gəlirdi ki, könlündə az da olsa… mənim də yerim var… Bəlkə də bu xəyal idi… Yalnız  xəyal, əlcatmaz arzular… Bilmirəm, bilmirəm, yenə də xatırlamağa çalışıram, son görüşümüzü…
Növruz bayramından iki gün ötürdü. Hamı bayram əhvalında idi məhəllədə. Yenə təsadüflə rastlaşdıq. Eyni məhəllədə yaşayırdıq axı. Çox az söhbət etdik onunla. Görüşümüz bir təsadüf idimi ya… tale yükümü, deyə bilmərəm. Gülümsər gözləri vardı. Uzaqdan görüncə çox səmimi, təmiz ürəyindən xəbər verirdi. İşlərini sorunca… danışmaq istəməzdi. Xoşlamırdı bu haqda soruşmağımızı. Amma söhbəti dəyişmək də olmurdu. Yenə gözləri yol çəkdi. Mənə elə gəlirdi ki, o mənə nə isə demək istəyir…

– O, Çiçək, bilirsən…

Bu an telefonun zəngi onu susdurdu. Nə eşitdisə, tamam dəyişdi, və  yenə hər zaman ürəklə söhbət açdığı mövzuya keçdi…

-“ Bilirsən… Əsas işimiz Vətən torpağıdı, torpaqlarımızın qaytarılmasıdır, bilirsən. Bizim gücümüz yetərlidir ki, düşmənin izin kəsək. Amma, yenə gözləmək lazımdı. Biz mütləq qalıb gələcəyik. Yurd yerlərimizi, tariximizi, min bir sirr daşıyan sərvətlərimizi o xainlərdə qoymağa haqqımız yoxdur!-söyləyirdi…

Onun haqqında heç demədim axı. O, bizim uzaq qohumumuz idi. Hərbi xidmətini başa vurduqdan sonra, Vətənə xidmət üçün xüsusi kursa yazılmışdı. Hər dəfə imtahan verib hərbi sirrlərə yiyələndikcə qəlbində inandığı qələbədə onun da mütləq payı olacağını düşünürdü. Bu, ilahi bir sevgi-Yurd sevgisi onun butun vücudunu bürümüşdü. Döyüş hazırlığı ilə bağlı keçdiyi hər sınaq onu əsir yurdlara səsləyir, varlığına hakim olan zəfər duyğusunu daha da artırırdı. Mən bunları sezdikcə onunla birgə addımlayırdım, yurd yerlərimizi. Söhbəti hərdən yarımçıq kəsər, köks ötürərdi. Görünür hər istəyini deməkdən çə

-“…Kaş bir gün bütün bunlar, müharibələr, qanlar bitəydi-deyirdi. Amma nə edək ki, bu ədalətsiz, mənfur erməni-daşnak, birləşməsi acdır torpağımıza. Biz axan qanın damlasının intiqamını alacağıq. Bircə torpaqlarımızı azad edək, biz mütləq qalib gələcəyik. Bizim buna haqqımız çatır, gücümüz yetir. O zaman səni də apararam, o yerləri görərsən. Görərsən ki, necə sərvətimizi oğurlayıb mənfur erməni. Bizim təkrarsız möcüzələr diyarımız var. O yerlər bizdən ötrü çox darıxıblar, Çiçək, – deyirdi.”
Onun qəlbində olan bu duyğuları dinlədikcə başqa heç nə deməzdim. Sakit, lal sukutla… o böyük arzuların sehrində mən də qarış-qarış gəzərdim Qarabağı. Xəyalımda Şuşaya, Xankəndinə gedərdim. Hər daşı qan ləkəli Xocalıya baş əyərdim. Xan qızının, Ələsgərin məzarında səcdə edərdim, öpərdim Vətən torpağını. Deyərdim – sevin, Ey Vətən! Səni sevən oğullar var, zaman-zman yenidən doğulan oğullar…

Təkcə Qarabağımı? Bu gün mənfur düşmən təkcə Qarabağı deyil, onunla yanaşı ətraf rayonlarımızı da qəsb

etməkdədir. Hələ tariximizin qan yaddasına söykənib tarixi Qərbi Azərbaycan torpaqlarını necə deməyim? Necə deməyim ki, babalarımızın ocaq çatdığı o yerlər – Ağbaba mahalı, Dərəçiçək mahalı, Göyçə mahalı, Zəngəzur mahalı, Qırxbulaq mahalı, Zəngibasar mahalı, Dərələyəz mahalı, Vedibasar mahalı və s. tarixi yurd yerlərimiz xəyanətkarların qurbanına çevrilib. Əsir yurdlar haray edir…
Beləcə mən də dəyişib, basqalasırdım. Bir hərbiçi olmaq gəlirdi qəlbimdən. Kaş mənim də vətənimə bir köməyim olaydı… Onun sözlərinin sehrində mən də yaşıl meşələrin, buz kimi şəlalərin, saymaqla bitməyən min bir gözəlliklər, eyni zamanda hər daşı, torpağı qanla yoğrulmuş o torpaqlarda gəzərdim. Gəzdikcə xəyal qurar, gələcək nəsillər, uşaqlar üçün nağıllar qoşardım. Amma, yox! Çox heyif… Mən nağılları çox gözəl, nikbin sonluqla bitirmək istədiyim halda…zəfər nəğməsi oxumaq istədiyim halda…indi isə…
İndi isə …o nağıllar göz yaşlarımda boğulur. Bu böğulan nağıl dünyamda tək bir ümıd qayığım var. Təsəlli verən o qayığın adı “Vətən sevgisidir”. İndi düşünürəm, nə qədər xoşbəxt anlar varmış, sənin arzularının sehrində. O arzular ki, yolunda saysız igidlərimiz Şəhid olublar. Yurdundan köç etmək istəməyən ahıl insanlar gülləyə tuş olub, nə qədər qız-gəlinlər namus üçün, erməni qanicənlərinin əlinə düşməməkdən ötəri özünü qayadan atmış, nə qədər mərd igidlər Vətən adını qanıyla yazıb tarıxın bu ağrılı səhifəsinə. “Hər sey Vətən üçün! – söyləyirdin, hər zaman. Amma düşünürəm ki, sən ölümünlə yenə dilədiyin zəfərin ilk tarixini yazanlardan oldun. Sən ölümünlə.., sən ölümünlə (bunu demək nə qədər də çətindir…yox… sən inadınla, könül dolu vətən sevginlə…) üc rəngli bayrağımızı qarış-qarış irəli çəkməyi bacardın. Əsir yurda doğru addımlayan hər Vətən övladının, hər Şəhid olan əsgərin, hərbi qulluqçunun könlü də sənin təki, vətən sevdalı, yurd istəkli idi.

Aprel Şəhidləri… bu ad  xalqın  yaddaşında  yeni  bir  ümid  işığı, can yanğısı ilə qeyd ediləcək zəfər bəxş etdi xalqımıza. Siz,  mənim xəyal  dolu dünyamda əbədi qalan Şəhid əskərim, bilirsinizmi?… Bilirsinizmi ki, öz  al qanınızla az qədər də olsa Vətən  torpaqlarını qaytara bildiniz. Məhz o gün, o gün… neçə-neçə Şəhidin ruhu dinçəldi… Lələ Təpəyə Azərbaycan bayrağı qalxan gün…
Bu gün isə… bu gün isə sənin xatirə günündü… Bir dəstə çiçək gətirdim sənə… Hər kəsdən gizli gəlmək istədim… Olmadı, axı bu gün xatirə günü idi, Səni bütün xalq sevir, hər kəs ziyarətinə gəlir bu gün… Mən də həmçinin… Çiçəklərlə ziyarətindəyəm… Səssiz axan göz yaşlarım bitmiş ümidlərimin son  pıçıltılarını  söyləyir…

Bir dəstə çiçək gətirdim sənə… Dedim bəlkə, duyarsan məni…Bu çiçəklərin dili ilə… duyarsan məni… Bu qismət olmayan toy çiçəklərimiz idi… Qorxurdum… bu ziyarətə gəlincə… Kimsə duymasın məni. Amma göz yaşlarımı saxlaya bilmirəm bu gün də… Onlar heç sözümə də baxmır mənim…

… Mən bilirdim, bilirdim ki, sən məni duyursan. Bax, Şəhid  əskərim, sənin Ciçəyin gəlib… Məzarın üstünə  səpdiyim çiçəklərin kökü, sənin sevdiyin Vətən torpağındadır. Onlar heç zaman solmayacaq. Onlar hər zaman yenidən cücərəcək. Bizim arzularımızın ən gözəl günlərində çiçəkləyib, Vətən düzlərini bəzəyəcək. Rahat uyu, Şəhidim…Sən bu yurdun, bu xalqın, bu Vətənin ən gözəl həyat nümunəsi, ölməz Qəhrəmanı, hər kəsə örnək olan Vətən sevgisi ilə çağlayan çeşməsisən…. Mən  isə  artıq  yoxam. Sən olaraq yaşayacağam….

Artıq bir neçə gün keçməsinə baxmayaraq, qərarımı dəyişmədim. Qərarlıydım…

Heç kəs məni bu yoldan döndərə bilməzdi. Hərbi komisarlıqdan da  öyrənmişdim, kursların  qeydiyyatını. Mən  snayper  kursuna  yazıldım  artıq. Bu mənim son istəyim, müqəddəs  amalıma  çevrilən  həsrətim  idi…

    2017 ci il. Sentyabr   

 

 

Share: