Son sözü Güney Azərbaycan deyəcək – İranda etirazlar

İranda baş verən proseslər əvvəlkilərdən bir neçə xüsusiyyəti ilə fərqlənir ki, bu da vəziyyətin ciddiliyindən xəbər verir.

Müstəqil.Az bildirir ki, bu sözləri politoloq Nəzakət Məmmədova İranda baş verən son etiraz aksiyaları və toqquşmaları Axar.az-a şərh edərkən deyib. Politoloq bildirib ki, narazılıqların ölkənin nüfuzlu ayətullahlarının yaşadığı Qum şəhərində, vaxtilə İran inqilabının başladığı Tehran Universitetində də olması ciddi siqnaldır:

“Hətta “həyatımız Qəzza üçün deyil, Livan üçün deyil, İran üçündür!” şüarlarının olması, ölkənin Livanda, Fələstində Hizbullaha, Yəməndə husilərə silah verməsi tənqid olunur. Bu, sıradan sosial tələblər sayıla bilməz. Nəzərə alın ki, Tramp bir müddət öncə rejimin ölkənin sərvətindən terrora dəstək üçün istifadə etdiyini bildirmişdi”.

Politoloq vurğulayıb ki, Qərb İranı iki yolla zəiflədə bilər:

“Bunlardan birincisi sosial narazılıqların siyasi narazılıqlara keçməsinə çalışmaq, ikincisi, Güney Azərbaycanın azadlıq hərəkatına dəstək verilməsidir. Güney Azərbaycan hərəkatı əlbəttə, indiki məqamda İranın taleyini həll edərdi. Ancaq Güneydə hazırda hər hansı milli prosesin başlayacağını ehtimal etmirəm. Hesab edirəm ki, indiki halda ən optimal variant sosial narazılıqların siyasi narazılıqlara keçməsidir”.

N.Məmmədova qeyd edib ki, baş verənlərdə xarici xüsusi xidmət orqanlarının rol oynadığına inanmır:
“Çünki İran xüsusi xidmət orqanları olduqca sayıqdır və kiçicik şübhə olduqda belə edam hökmü verməklə bunun qarşısını alır”.

Politoloqun sözlərinə görə, İrana düşmən olan ölkələrin, başda ABŞ və İsrail olmaqla, bu fürsətdən istifadə etmək istəməsi şübhəsizdir:

“Məhz bu səbəbdən İran daxili işlər naziri amerikalıları “fürsətcil və hiyləgər” adlandırdı. Əgər xarici ölkələrin imkanı olsaydı, çoxdan İranı yer üzündən silərdilər. Hadisələrin məhz indi başlaması isə onunla izah oluna bilər ki, ölkə Yaxın Şərqdəki mürəkkəb şəraitdə öz mövqelərini itirməmək üçün daha çox güc, maliyyə səfərbər etməli olur və bu, böyük vəsait itkisi hesabına başa gəlir. Büdcə sosial xərclərə yox, hərbi, kəşfiyyat maraqlarının təmin olunmasına yönəldilir. Halbuki, ölkə rəhbərliyi nüvə razılaşmasından sonra sosial vəziyyətin yüngülləşəcəyini vəd etmişdi. Odur ki, belə qarışıq bir şəraitdə artıq ənənəvi təbliğat səmərə vermir və sosial tələblər güclənir.

Bu hadisə daha çox Yaxın Şərqdəki proseslərdə İranın aktiv rolunun məntiqi yekunu, həddən artıq fəal xarici siyasətin uğursuz daxili yekunudur”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Müstəqil.Az

Share: