Nanə qoxusu gəlməyən efirlərin Nanəlisi – Orxan Saffari yazdı…

Nanə qoxusu gəlməyən efirlərin Nanəlisi – Orxan Saffari yazdı…

Əvvəlcə onu deyim ki, adı özündən və verilişindən maraqlı, məşhur olan Nanə Ağamalıyevanın elə özündən və verilişindən maraqlı bioqrafiyası var.

 

Belə ki, aparmağa heç bir ehtiyac olmayan verilişlərin aparıcısı Nanə Ağamalıyeva Azərbaycan Tibb Universitetini bitirib.

Yəni Azərbaycan səhiyyəsi ondan canını birtəhər qurtara bilsə də, Azərbaycan efirləri bu bəladan yan keçə bilməyib, efirlərimiz komaya düşüb.

Tibb təhsilli olub efirə gəlmək özü başqa bir hadisədir. Yəni təsəvvür edin, bir insan illərlə anatomiya, fiziologiya, patologiya oxuyur, sonra qərar verir ki, “yox, insan orqanizmi ilə yox, birbaşa tamaşaçı sinir sistemi ilə işləyəcəyəm.” Azərbaycan səhiyyəsi bəlkə bir həkim itirdi, amma televiziya elə bir “simptom” qazandı ki, diaqnozu hələ də qoyulmayıb.

Onun bioqrafiyasında başqa maraqlı bir şey də yazılıb. Yazılıb ki, universitetdə çox fəal olmuş, “Çinar” rəqs qrupunda rəqs etmişdir.

Bu söhbətin Tibb universitetinə nə qədər dəxli varsa, Nanə Ağamalıyevanın da Azərbaycan efirinə o qədər dəxli var.

Ümumiyyətlə, Nanə Ağamalıyevanın apardığı verilişləri təkrar aparmaq lazımdır. Onun da apardığı verilişləri, elə bil, bir dəfə aparıblar.

Ancaq yox, həqiqətən o verilişləri aparmaq lazımsırsa, aparaq. Ancaq ataq atmaq şərti ilə. Mütləq harasa ataq. Ən yaxşı halda isə aparıb gizlətmək lazımdır.

Əgər bir verilişin canı olsa, o, özünü Nanə Ağamalıyevanın özündən daha yaxşı aparar.

Doğrudan da, texnologiya yaxşı inkişaf edib. Zarafat deyil, televizorlar Nanə Ağamalıyevaya dözür. O hər gün ekranlara partlamadığı üçün təşəkkür etməlidir.

Şəxsən mən televiziyaların yerində olsaydım, onun verilişi başlayan kimi qəsdən işıqları “rubilnikdən” atdırardım.

Konkret obrazlaşdırsaq, Nanə xanıma mahiyyətcə “qadınlar arasında ən yaxşı kişi manıs” deyərdim.

Onun haqqında maraqlı məsələlər bununla da bitmir.

Nanə əsl adı Nənəxanımdır.

Mənə elə gəlir ki, Nanə xanım mahiyyətcə də Nənəxanımdır. Ancaq onun verilişləri heç nənələrə də maraqlı deyil.

Nanə Ağamalıyevanın bir yaxşı tərəfi odur ki, adını da eşidəndə, verilişdə də görəndə adamı gülmək tutur. Bu da bir işdir, heç olmasa, adamın üzü gülür.

Məsələn, Nanə Ağamalıyeva ağlayanda adamı ümumiyyətlə hır tutur. Mənə elə gəlir ki, göz yaşı onun gözündən yox, efirindən çıxıb getmək, o boz studiyanı tərk eləmək istəyir.

Hansısa qonaq şeir deyəndə, Nanə Ağamalıyevanın reaksiyaları adamı poeziyadan da soyudur. Şeir də qafiyələrini götürüb studiyanı tərk eləmək istəyir, ancaq şairə xatir qalır.

Bəlkə də, özlüyündə kədərli, faciəli adamdır Nanə xanım. Ancaq nə edəsən ki, adama gülməli gəlir?

Mənə elə gəlir ki, Nanə Ağamalıyevanın Azərbaycan efirində nanəli saqqız qədər xeyri yoxdur. Ancaq o özünü çiyələk qadın aparıcı kimi aparır.

Onun efirlərindən nanə qoxusu yox, üzərliyin göz çıxaran tüstüsünün iyi gəlir.

Nanə Ağamalıyeva necə veriliş aparırsa, hərdən elə mahnılar da oxuyur.

Onun oxuduğu bir mahnı var ki, adı pis deyil.

Yazının sonunu o mahnının adı ilə bitirmək istəyirəm:

“Axı sən kimsən”?

Orxan Saffari

Müstəqil.Az

Share: