“Salamdan başqa nəyim var ki, verim…” -Musa Yaqub

On beş il bundan öncə poeziyasına olan vurğunluğum məni Buynuza götürdü və o zamandan bəri bu ailənin bir üzvünə çevrildim, evladlarının dili ilə mən də “Dədə” deməyə başladım çağdaş Azərbaycan şeirinin öncüllərindən olan şair Musa Yaquba. Bütün iqlim qurşaqlarının mövcud olduğu. əsrarəngiz təbiəti olan Buynuzda, o doğma ocaqda gözəl günlərimin unudulmaz xatirələri var yaddaşımda. Mən o zaman bir il idi ki anamı itirmişdim. İçimi göynədən bu sızıyla yaşadığım o zamanlarda rəhmətlik Zöhrə xanımın (Musa Yaqubun həyat yoldaşı) mənə göstərdiyi ana nəvazişi, qayğısı dərdli qəlbimə məlhəm kimi gəlmişdi. Mən onda görmüşdüm dədənin evinə bir-birinin ardınca gələn qonaqları və Zöhrə xanımın onlara çox səmimi ev sahibliyini.

Dədənin həyətində yerə basdırdığl kötüklərin üzərində oturub evindən yaxılnığındakı dağa çəkdiyi körpü yolu ve altından axan çayı seyr etmək, Musa Yaqubun onlardan ilham alaraq yazdığı şeirləri duymaq qədər gözəldir. Musa Yaqubun 3 evladı var – Səhəri heç görmədim, sadəcə sosiyal mediyadan bir-birimizlə əlaqə saxlayırıq, Şəhriyarla Buynuzda dədənin şeirlərini deyərək yarışırdıq, Yaqutla, adaşımla (dədə telefonunda belə adlarımızı Yaqut 1, Yaqut 2 deyə qeyd edib) isə bu günə qədər də telefonda ən azı bir saat danışır, hal-əhval tutduqdan sonra mütləq dədənin şeirlərindən deyərək ruhumzu təzələyirik. Paylaşdiğimiz çox şeylər var- anasız dünyamız nə qədər qəlbimızı acıtıb, ruhumuzu incitsə də qanadlı ümidlərimiz, uğrunda daha çox mücadilə edəcəyimiz amallarımız var. Onu da deyim ki, Yaqutla Səhər Musa Yaqubun ruhunu özlərində yaşadan canlı poeziyasıdır. Son aylar dədənin səhhətində yaranan rahatsızlıqdan dolayı tez-tez Yaqutla telefonla əlaqə saxlayıram. Bir neçə gün öncə danışdığımızda Yaqutdan xahiş etdim ki, lütfən dədəyə salamımı söylə, nə qədər uzaqda olsam da onun üçün çox dua etdiyimi və ömrümün sonuna qədər onun poeziyası ilə yaşayacağımı çatdır. Bir də dedim ki, Yaqut, bilmirəm nədən amma mən iki insanı görəndə, hətta səsini belə eşidəndə çox kövrəlirəm – biri Musa Yaqub, biri də Sabir Rüstəmxanlı. Yəqin ki, onlar mənim duyğularımın ən gözəl tərcümanı olduğu üçün bu belədir. Bir gün sonra Yaqut mənə zəng edib dedi ki, salamını və bütün söylədiklərini dədəyə çatdırdım. Dədə çox sevindi və kövrəldi, az bir sükutdan sonra ”Məndən də Yaquta salam de, başqa nəyim var ki verim” dedi. Əlavə etdi ki, son zamanlar çox kövrək olub dədə, hər gün evimizə an azı 2-3 ziyarətçi gəlir, onlarla söhbət etdiyində ürəyi

açılır. Şair dostları Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Məmməd İsmayıl, Rüstəm Behrudi gəlmişdi, onları görəndə bütün xəstəliyini unutdu, gümrahlaşdı, onlarla bərabər oturub söhbət etdi. Yaqut telefonda danışdıqca məni elə qəhər boğmuşdu ki, xəstə durumu haqqında danışılan insanın Musa Yaqub olduğunu düşünmək belə istəmirdim. Yaquta təşəkkür edib dedim ki, öncə dədənin “Salamı”na əleykümsalam. Musa Yaqub deyil mənə, bütün Türk Dünyasına elə bir qiymətli xəzinə verib ki, biz ondan nə qədər çox faydalansaq da, daha çox yüzilliklər sonra yaşayacaq nəsillərə belə yetər. Onun kimi Azərbaycanda və sərhədlərindən çox-çox uzaqlarda minlərlə insanın qəlbində taxt qurmaq, duyğularına ən gözəl şəkildə tərcüman olmaq və onlarin ruhunda yaşamaq hər şairə nəsib olmur. Yeddi ildir yaşadiğim Türkiyədə dəfələrlə bunun canlı şahidi oluram. Mənim də çox sevdiyim və hər zaman böyük zövqlə söylədiyim dədənin bu şeiri burada da dillər əzbəridir:

Qapında əyilib suala döndüm, Bircə alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümiddən əlimi sənsiz, Dünyanın gedimi, gəlimi sənsiz, Daha istəmirəm könlümü sənsiz, Baxıb biganələr xaraba görə.

Düşməzmi güzarım bir dost bağına, Sevda çiçəklərim düşüb qırğına, Yamanca tuş oldum el qınağına, Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı, dəmirdi, Bir üzü ağ küldü, biri kömürdü, İlahi, bu necə yalqız ömürdü, Qoymaram bu ömrü hesaba girə.

Öz eşqim yolunda sadiq canam mən, Heyf oldum, həm yanan, həm yamanam mən, Bəlkə də, birinci müsəlmanam mən, Cəhənnəm çəkirəm savaba görə… Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə.

Yaqut Misirxanlı

İstanbul

Share: