Şahnaz Şahinin “KÖHNƏ SİYAHI”-sı (Esse)

İnsan dünyanın neçənci möcüzəsidir, deyə bilmərəm, amma bütün möcüzələrin birincisi olduğuna qəti əminəm.

Hər süslü çiçək sonda saralmış quru yarpaq,

İnsan, o nədir? Əvvəli torpaq, sonu torpaq!-

deyən C.Cabbarlı haqlı idi, amma bu tərif insanın yalnız bəşəri dəyərini, fiziki ömrünü ifadə edirdi. İnsanlar isə çox fərqlidirlər, bu xarakterik xüsusiyyətlər, genetik, sosial və mədəni faktorlarla da tənzimlənir. Müxtəlif vaxtlarda aparılan araşdırmalara əsasən hətta şəxsiyyətin cinsi fərqləri erkən yaşlarda özünü biruzə versə də,  insanlar yaşa dolduqdan sonra belə qalır. Qadınlarda ütancaqlıq, istiqanlılıq, dostcanlı və narahatlıq hissləri yüksək olduğu halda, kişilər iddialı və yeni ideyalara açıq olmaları ilə fərqlənir.

    El içində belə bir deyim var, soruşanda qardaşın necə adamdır, yoldaşlıq etməmişəm deyilrər. Psixoloqlar isə insanı tanımağın yolunu onun hansı temprament tipinə aid olmasını aydınlaşdırmaqda görürlər. Temperament sözü latın sözü olub, “hisslərin lazımı qarşılıqlı nisbəti” mənasını verir. Amma bu göründüyü kimi sadə və adi məsələ deyil, çünki temperamentin formalaşması  da bir sıra faktorlrdan asılıdır, ətraf mühit, həyat tərzi, ailədən gələn tərbiyə bu işdə böyük rol oynayır. Ümumiyyətlə isə hər adamda dörd temperament tipinin xüsusiyyətləri toplanır, amma hansı tipin əlamətləri dominantlıq təşkil edirsə insan o tipə aid hesab olunur. Belə bölgü bəzən mübahisə də doğurur, çünki elə psixoloqlar özləri də təsdiq edir ki,” yer üzündə yalnız bir tipin xüsusiyyətini özündə cəmləşdirən insan yoxdur”…

      Heç vaxt sevdiyim adamın hansı tümperament tipinə aid olmasını düşünmədim, eləcə olduğu kimi qəbul edib sevdim…  Çiyin-çiyinə, uzun və eniş-yoxuşlu bir yol keçib gəlmişik, həyat bizi ağladıb da, güldürüb də. Düşdüyümüz çətinliklər bizi bərkidib, yol bizi taqətdən salanda bir-birimizə söykək durmuşuq, güclü küləkdə əllərimizdən bərk-bərk yapışmışıq, yağış-qar döyüb, gün yandırıb kürəyimizi. Amma təslim olmamışıq, səbirlə, təmkinlə yolumuza davam edərək gəlib bu günümüzə çıxmışıq. Bir yerdə yaşamaq asan gəlməsin sizə. Burda şəxslərdən çox şey tələb olunur, əslində insan müdrikliyi də, tolerantlıq və humanistliyi də birinci elə birgəyaşayışdan əxz edir. Qarşılıqlı sevgi, hörmət, etibar, inam, ehtiram, güzəşt başlıca şərtlərdəndir ailədə. Müqəddəs kitabımız da çətinlik qarşısında səbir etməyi öyrədir, amma bəzən çox təəssüf ki, səbirlə dözümü səhv salırlar. Əzizlərim, işgəncə, fiziki və mənəvi basqı, qorxu, təpki, patoloji qısqanclıq və s. qarşısında duruş gətirmək səbir sayılmaz! Mətləbdən uzaq düşsəm də deyim ki, belə hal heç Yaradanın özü tərəfindən də təqdir edilmir. Ailə faciələrinin başlanğıcı hesab edirəm belə dözümlülüyü, gərək deyil, heç bir şey səndən, sənin həyatından, duyğularından, canından artıq deyil… İki insan o zaman birgə yaşamalıdır ki, ayrılıqda yaşaya bilməsinlər. Əgər birgə uçmağa göyünüz, yeriməyə yeriniz, bölüşməyə dərdiniz, yeməyə sevginiz yoxdursa, özünüzü aldatmayın, həyatınızı puç etməyin. Siz Prometey deyilsiniz, yolunuzu vaxtında ayırın, “yox” deməyi bacarın:

…Oyun oynandı, bitdi,

Hirsini, hikkəni boğ.

Sevinməyə sevgimiz,

Çəkməyə dərdimiz yox…

 Biz başqa adamlarıq.(Ş.Şahin)

 

Gedin, harada ki, sizi duyan var, sevən varsa ora gedin, xoşbəxt olmağın o qədər çalarları və növləri var ki…

     …Əlində bir kiçik yazı dəftərçəsi tutub min bir sözlü baxışlarla baxır üzümə. Həmişə hər hadisənin, hər gördüyü işin qeydiyyatını apardığını bilirəm, bu onun xobbisidir, həm də lazım gələndə sübutlu sənədi. Mən bu yanda telefonda qurcalanıram, o da divanda oturub dəftərçəni vərəqləyir, arada vərəqləri cırıb mənə göstərib soruşur:

-Xatırlayırsan?..

Mən də yadıma düşməsə də başımı tərpədib təsdiqləyirəm, bilirəm ki, yox desəm inciyər. Onun yaddaşına heyranam, hər hadisəni detallarıyla xatırlayır. Hər birini də tarixi, saatı və dəqiqəsiylə qeyd edib o zaman. Bu dəftərçə görüşlər və ayrılıqlar, sevinc və kədər, etibar və diqqətin tərcümanıdı. Sonra saralmış vərəqlərdən bəzilərini qoparıb mənə verir…Baxıb yana qoyuram, bir-bir. Növbəti vərəqin üstündə düşünməli oluram,  İlahi, bu köhnə siyahıdı ki! Burda toyumuz üçün lazım olan vacib şeylər və onların qiymətləri yazılıb. Yox, elə düşünməyin ki, burda bahalı daş-qaş, ya başqa şeylərin adı yazılıb, biz hər iki ailənin büdcəsini düşünüb daşınıb qərar vermişdik. Eh, hələ gəlin və bəy üçün vacib olan geyim və aksesuarlar… Vaxt nə tez keçdi, heç gözümüzü açmağa imkan vermədi ki!..

     Toya hazırlaşan valideynlərimiz, qohumlar, dostlar da gəlib göz önündən keçir bir-bir.  Evinə gəlin gətirən ana-atanın şadlığını nəylə müqayisə etmək olar ki… O günə qədərki bütün günlərin şəkli var bu dəftərçədə, xoşbəxtlik qayğıları səpələnib sapsarı varaqlara. Sanki bir kompasdır, hara gedəcəyimizi göstərir, təhlükələrdən aşırır, yola salır, qarşılayır bizi…

Özündən başqa heç kimə

gərək deyil xatirələrin…

istər bəxtərvərlik oxu, istər…

nə fərqi!

Özündən o yana getməz ki, səsin.

 

Uçurmaz damlardan göyərçinləri,

Ağartmaz bağların boz yollarını.

Qayıdıb özünə bir sillə çəkər,

Amandı, danışma nağıllarını..

 

…Gəl də, bir xatirə şəkli çəkdirək,

Əyil, qoy boynuna çatsın əllərim.

Yığmışam ovcuma xəzəl canımı,

Bir dua gözləyir ruhum hələ də…(Ş.Şahin)

…Bu da bir xatirə idi, bir çoxunun dostuna, sirdaşına, yoldaşına göstərmədiyi qayğını göstərib cansız dediyimiz kağızlara. Kağızlar, üstünə yazılan yazılarla dəyər qazanıb, əzizlənib, oxşanıb bu uzun illəri. Əziz günlərin xatirəsi də əziz olur, iki eyni ruh daşıyıcısı, eyni tərəfə baxmağı bacaran insan bir yerdə olarsa bundan onlar özləri də, uşaqlar da, elə mənsub olduqları cəmiyyət də qazanar. İnsanların gedəri olduğu, amma fırlanaraq onları da özüylə birlikdə fırlanmağa məcbur edən dünya əbədidir. Fiziki yoxluqla həyat bitmir, insanı yaşadıqları və yaşatdıqları yaşadır sonra…

…Dəyişmir donunu dünən,

Çırpırsan tozu tökülür.

Səni gözləməkdən ölən,

Günlərin duzu tökülür…(Ş.Şahin)

Share: