Saçlarını ovutmağa gəlmişəm,eşitmişəm darağında ağlayır?!..

Müstəqil.Az oxuculara Şair Əlizadə Nurinin  şeirlərini təqdim edir…

Ayrılıq fəsli

Səndən yağdı yağışlar,
Yel səndən əsdi gəldi.
Hələ payız gəlməmiş
Ayrılıq fəsli gəldi…

Yenə çöllər qüssəli,
Yenə dağlar dumandı.
Sənin isti nəfəsin
Yenə harda yubandı?

Sənsiz də günüm keçir,
Keçir e, çətin keçir.
Aramlz soyuyandan,
Hava da sərin keçir…

Hələ bu yellərə bax,-
Həm əsir, həm əsdirir.
Aramız soyuyandan
Külək də xəbərçidi,-
Arada söz gəzdirir…

Bütün bağlı qapılar
Açılmayan qucaqdı…
Təklik üşüdənlərə
Günəş də günəş deyil,
Közü sönmüş ocaqdı…

…Duz səpirsən yarama,-
Deyirsən, tamı olmaz?!..
Ürəyi yuxaların
Soyuğa tabı olmaz…

…Gəl,bu soyuq havada
İçib eşq türküsündən,
Gəl, bir az sərxoşlayaq.
Gedək dünyanın sonuna,-
Təzə dünya başlayaq…

Saçlarını ovutmağa gəlmişəm…

Kim dəyib ki, bu qələmin xətrinə,-
Bir şairin varağında ağlayır?
O qadln da gözlərini gizləyib…
Göz yaşları yanağında aglayır.

Bu dünyaya axa- axa gəlmişəm…
Sənin üçün darıxmağa gəlmişəm.
…Saçlarını ovutmağa gəlmişəm,-
Eşitmişəm darağında ağlayır?..

…Düşən gündü, yoxsa göydən yar baxır?!
Bəlkə cənnət dedikləri Yar bağl?!..
…Payız dəyıb xətrinə o yarpağın,-
Bu ağacın budağında ağlayır?

Bu ümid də göyərmədi, dərəsən,
O qadının yollarına sərəsən…
…Bu pərvanə nə istəyir görəsən,-
Ürəyimin çırağında ağlayır?..

 Sənin adına şəhər…

Mən sənin adına şəhər salmışam, 
Sabah ad qoyacam küçələrinə.
Oturub şəhəri tumarlayıram,-
Saçını sərmisən gecələrinə…

Gəl, öz şəhərini göstərim sənə,
Bir az bu şəhəri sənə tanıdım.
Mən sənin adına şəhər salmışam,
Üreyim – şəhərin baş meydanıdı…

… Tikdim üreyimin sahillərinde,-
Qoymadım gözümdən bir az yan keçə.
Qala qapısıyam men bu şəhərin,-
Təkcə sənin adın qapıdan keçər…

Günəşi yerində, ayı yerində…
Gecə düşünmüşəm, səhər salmışam.
Sən mənə bir dünya vermisən, qadın
Mən də bu dünyada şəhər salmışam.

…Gəl, səni şah seçim öz şəhərinə,
Nə fərqi, sarayı, ya TAXTI olsun?
Mən sənin adına şəhər salmışam,
Saldım ki, dünyanın paytaxtı olsun!..

…Bir şəhər salmışam, bir nəfər üçün
Min belə şəhərə bəlkə dəyərsən.
Görsən darıxırsan öz şəhərində,
Mənə də yanında yer eyləyərsən…

Share: