Sabirabadın ilk şəhidi – FƏRİD NAĞIYEV 

“Müharibə uşaqları” deyilən bir termin vardır, qismətinə bu dövrün acı xatirələri düşən indiki gənclər həmin uşaqlardandır. Demək olar ki, hər kəsin ürəyindən keçən bir fikir də var, “Qarabağı heç vaxt görməyən bu cavanlarda o torpaqlara məhəbbət necə yaranıb”?!

 

Cavab əslində sadədir, qanla, genlə ötürülübdür, buta kimi verilibdir, tanrıya olan sevgi kimi müqəddəsdir axı döğma el-obaya sevgi də… O sevgi ruhən ötürülür, elə uzaqdan uzağa canın alışır, illah da yağı əlinə keçə, zülm görə, zillət çəkə başı… Ta bu eşqin qabağında dayanmaqmı olar!.. Yeddi başlı əjdaha da gələ, qarşına səni saxlaya bilməz ki!…

Şəhid Nağıyev Fərid Poladxan oğlu… Fərid, yəni “fərd”, “tək”, “yeganə…” Fərid 28 avqust 1999-cu ildə Zəngənə kəndində dünyaya gəlib, burda böyüyüb, o da tay-tuşlarına qoşulub Kürə çimməyə də gedib bəlkə, axşam düşənəcən küçədə oynamaqdan da doymayıb, anası çağıranda könülsüz gəlib evə, yeməyinin vaxtı keçən vaxt DA olub, dərsindən iki aldığı vaxt da… Müəllim danlağı da görüb, ata-ana tərifi də eşidib. Günlər, aylar ötüb, Fərid də böyüyüb qədd-qamətli bir oğul olub, amma …Uşaqlıq həmişə qalır, o heç bir yerə getmir, indi xatırələrə dalanda odur ki, ilk olaraq bax ordan-o xəbərsiz keçən illərdən tüstülənirsən…

Y.Ağayev adına Zəngənə kənd tam orta məktəbini bitirib, 2017-ci ildə də gedib canı qədər sevdiyi Vətənə borcunu verməyə. Goranboy rayonunda, onun  Ballı qaya deyilən ərazisində, sonra da Tərtər rayonundakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət göstərib. O borcundan alnıaçıq çıxıb Fərid, “Tərifnamə” də alıb və 2019-cu ildə ordu sıralarından tərxis olunaraq doğmalarının yanına qayıdıb. Amma cəmi bir ay sonra yenidən geri dönərək hərbi hissədə indi də MAXE kimi xidmətə başlayıb…

Üzüyola, böyük-kiçik yeri bilən Fərid Vətən müharibəsinə Tap-Qaraqoyunlu kəndi tərəfdən qoşulub, özü də 26 sentyabr günündən. Döyüş yolu çox qısa olub, elə Talış kəndi istiqamətindəki ilk döyüş tapşırığını yerinə yetirərkən şəhidliyə qovuşub. Düşmən istehkamlarının yarılma əməliyyatlarında cərasətlə iştirak edib, düşmənə olan kin və nifrətini də gülləyə çevirib düşmənin üstünə yağdırıb…

Məzarına baş əyən

qərənfillər utanır.

Indi daha uzaqdı

Tanış durna qatarı…

Ruhunu əzizləyir

Həzin bir layla səsi.

Yarana məlhəm qoyur

Isti ana nəfəsi,

Mənim şəhid qardaşım…(Ş.Ş)

Ailədə beş uşaq idilər, Fərid evli idi, sevib seçdiyi qızla ailə qurmuşdu, həsrətlə övlad yolu gözləyirdilər, dünyaya gələcək ilk körpəsi onu şəkillərdən tanıyacaq indi…

Anası Tənzilə xanım oğlunun fərqli cəhətlərindən ürəklə söz açır, deyir ki:

-Fərid çox fədakar idi, vətənpərvər idi, zəhmətkeş idi, qazancını evə verər, ailəni özündən üstün tutardı. Hərbi paltarını ezamiyyətə gələndə də əynindən çıxarmır, bunu özünün kişi paltarı adlandırırdı…

Mühabibə başlamazdan öncə “gizir” rütbəsi alan şəhid Fərid, ölümündən də sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Şəhidlər Vətəni yaşatmaq üçün şəhid oldular, qanlarını torpağa qarışdırıb Vətən etdilər, özləri də ürəklərdə  Vətən kimi ucaldılar!..

İndi Zəngənə kənd qəbristanlığına getsəniz Fərid orda qarşlayacaq sizi… Orda da vətənə dayaqdı, yenə keşikdə ayıq-sayıqdı Fərid…  Şəhidi olan torpaq isə heç vaxt basılmaz!..

Şahnaz Şahin

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: