Qızıma məktub – Mina RƏŞİD yazdı  

Son günlər cəmiyyətdə intihar hallarının sayı artmaqdadır. Həyatına qəsd edənlər arasında qadınlar xüsusi yer tutur. İntihar edənlər çox vaxt da hündür mərtəbəli binalardan özlərini atırlar. Kənardan baxana asan gəlir, bəlkə də. Amma özünə qəsd eləmək elə də asan məsələ deyil axı. Belə bir deyim var: “Bıçaq sümüyə dirənib artıq”.

 

Görünür adam günlərdi, həftələrdi, kim bilir bəlkə illərdi bu məqama yaxınlaşır. Yəni, nəsə, kimsə onun həyatını zindana çevirib. İnsan artıq elə həddə gəlib çatıb ki, onun üçün sanki heç bir çıxış yolu qalmayıb. Mən bu qadınları qınamaq yox, anlamaq  istərdim. Axı hər birimizin həyatında çətinliklər olur, xüsusilə də mənəvi dünyamızdakı üzüntülər adamı düşünməyə sövq edir.

Məncə, bir qadın evində, ailəsində özünü tapmayınca onun yaşamaq həvəsi zəifləyir. Özünü toplayınca yenidən aldığı zərbələr üst-üstə gəlir, onun üçün həyatın heç bir anlamı qalmır,  rəngsiz dünyada boğulur və nəsə etmək qərarına gəlir. Buna gücü yetməyəndə özünü mənən ölmüş bilir. Ayaqları yerdən üzülür və cismi ona ağır gəlir. Ondan ki, öz doğma balalarını da, bəzən yad fikirlərlə zalımcasına ondan uzaqlaşdırırlar. Və o doğmaların içində belə özünü yalqız hiss edir. Bunu ancaq o hissləri yaşayanlar bilər…

Bir dəfə pəncərədən gənc, gözəl bir xanımın “Kaş mən gəlinlik paltarında öləydim!” dediyini eşitdim. Bir başqa qonşumuz da vardı. Qadın kişinin evə qazanc gətirmədiyindən şikayət edirdi. Heç kimə yox, elə kişinin özünə deyəndə eşidirdik biz də. Kişinin söyüşü aləmi başına götürürdü, qızın atası dolandırırdı ailəni. Amma kişi ağzını açan kimi çörəyini yediyi adamı söyürdü. Bir gün boşandıqlarını eşitdik. Atası imkanlı biri idi, iki uşaqlı qızına ev aldı. Yaxşı, bəs atası olmayanlar neyləsin? Bu cür vəziyyətdə olan tanıdığım ata-anasız bir xanım da, var. İllərdi həyat yoldaşının söyüşlərini, deyinməyini, qeybətlərini eşitməkdən canı boğaza yığıldı artıq. Psixoloq ona demişdi ki, yoldaşının danışmağına fikir vermə, el bil, televizor, radio danışır. Təsəvvür edin, söyüş söyən radionu dinləyirsiniz… Bunlarda da, qadın işləyirdi, kişi illərlə “iş yoxdu” bəhanəsiylə evdəkilərin gününü qara eləmişdi. Durduğu yerdə döyülən, söyülən ali təhsilli, çalışan qadın axırda özünə söz verdi. Dedi: – “Öldü var, döndü yoxdu”, ayrıldı və o gedən getdi evdən. Bircə balası da buna sevindi. Qardaşına sığındı, özünə güvəndi, özünü də, balasını da sanki bir yanğının içindən çıxarmış oldu…

Bacımgil Rusiyada yaşayırdılar. Sonra köçüb gəldilər. Bacım  heç kəslə məsləhət etmədən, ölçüb-biçmədən, ən əsası tanımadan, elə oğlanın boy-buxununa baxıb qızını ərə verdi. Oğlanı, ailəsini hamımız tanıyırdıq. Qız gedəndən zülüm çəkdi, döyüldü, söyüldü. Qız hər əziyyətə dözdü, iki övladı oldu. Sonra uşaqlarının gözünün qarşıısında döyüldü. Gah üz-gözü qan içində gecə evdən qaçdı, gah gündüz getdi, olmadı. Axırda boşandı. Üstündə dəli kimi ad gəzdirən kişi uşaqları güclə ondan aldı. İllər keçdi, ana balalarının həsrətinə dözmədi, boşansa da, qayıtdı. Amma kişi yenə ağıllanmadı. Və nəhayət iki balası ilə o kişidən qaçıb qurtulduğuna indi şükür edir…

Çoxdandı bir yazı yazmaq istəyirdim – “Qızıma məktub”. Düzü nəsihət etməkdən, həm də elə mənasız nəsihətlərdən də, zəhləm gedir. Amma elə şeylər var ki, bunu ancaq başına gələndə bilir insan. Necə deyərlər, başına gələn başmaqçı olar. Odur ki, kiməsə, nəyəsə görə tanımadığınız biriylə ailə qurmayın. Yaşınız 30-u keçmiş olsa belə, heç bir dedi-qodu, “evdə qaldı” kimi boş sözlər sizi incitməsin. Əvvəldən sizə yabançı gələn, sərt, soyuq, güzəştə getməyən bir adama güzəştə getməyin. Gülümsəməyi bacarmayn adamdan uzaq durun. Kiminsə acığına ailə qurmayın. Unutmayın, bu gün təksiniz, sabah canınızda can olan uşaqlara da zülm etmiş olarsınız. Sabah onlar üçün nə yaşaya,  nə də, onlardan ayrılıb ölə bilərsiniz. Bax, intihar belə bir çıxılmaz vəziyyətə düşməkdən yaranır. İntihar öz gözündə belə çoxdan ölüb bitməkdən yaranır. Bu addımı özün atsan da, başqasının cinayətidir. Əslində qadını pillələrlə o HƏYAT adlı binadan aşağı itələyən zalım bir kişi var. Bax, onu vaxtında görmək lazımdır.

 

 

Share: