Sabir üçün çox uşaqsan, Ayxan..

Ləman ƏLİƏŞRƏFQIZI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir proses olub. Baldızı ilə siğə etmək istəyən, sevdası baş tutmayınca onu bıçaqlayan Alim Süleymanov 5 il azadlıqdan məhrum edilib. Hadisə ötən il Bakıda olub. Alim Süleymanov baldızı Yeganə İbrahimovanı inandırmağa çalışıb ki, əri öldüyü üçün o pis yola düşəcək, siğə isə onu bu pis yoldan qoruyacaq və mütləq onunla siğəyə girməlidir. Qadın etiraz edincə, baldızını bıçaqla yaralayıb. Və bu gün məhkəmə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1956-cı il təvəllüdlü Alimi… adam olmağa göndərib.
Əlbəttə ki, dəmir barmaqlıqlar arxasına. Alim adında nadanlar Azərbayacnda itinə tökdü. Tarixən də belə olub. Qardaş ölüb, arvadını ikinci qardaş alıb, o ölüb, üçüncü alıb. Beləcə dünyaya gələn uşaqlar həm qardaş olublar, həm əmiuşağı. Yəni, baldızı siğə elətdirmək qardaş arvadına sahiblənməkdən heç də faciəli deyil. Faciə olan bilirsiz nədir? Ötən əsrin əvvəllərində millətin bu kimi əksikliklərini satira atəşinə tutan, şeyx nəsrullahların əməllərini nəsrə-nəzmə çəkib millətin gözünü açmağa çalışan aydınlarımıza bu gün çamur atmaq.
Bəli, sözümün mustafası var. Bu günlərdə gənc yazar Ayxan Ayvaz Mirzə Ələkbər Sabiri qabağına qoyub “dərsə gedən bir uşaq” kimi danlayıb. Guya Sabirin qələmi ancaq və ancaq millətindən acıq çıxmağa hesablanıbmış. Sitat. “Demə, bütün günah xalqdaymış. Bu xalq bizi dünyada biabır edirmiş“. Siataın sonu.
Ayxana Sabirdən misal gətirəcəm. Amma o misala qədər gənc dostumuza baldızını siğə elətdirmək istəyən Alimin misalını çəkirəm. Əgər Sabirdən bir əsr sonra da Azərbaycanın alimləri bu səviyyədədirsə, o zaman Sabirin günahı nədir qardaş? Gör Sabir bu millətdən nələr görüb, ciyəri necə od tutub yanıb ki, yaradıcılığının əsasını ancaq satira təşkil edib. Cəmi bircə misala- Ay nənə, bir qırmızı saqqal kişi, ağzı dualı, qoca baqqal kişi şeirinə baxaq. Uşaq vaxtı bu şeiri dəfələrlə oxumuşdum, mahiyyətini böyüyəndən sonra anladım. Bu şeirdən anlaşılır ki, əsrin əvvəllərində Azərbaycanda hər baqqal potensial uşaqbaz, hər baqqal dükanı uşaqbazlıq üçün məkan imiş.
Bir belə yaxşı kişi olmaz nənə,
Gündə verir ləbləbi, kişmiş mənə,
Söyləyir, oğlum, saba tez gəl gənə,
Qoyma qəmindən ola pamal kişi,
Ağzı dualı, qoca baqqal kişi!
Gah başımı, gah gözümü əlləyir,
Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyir ehmal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!.
Ayxanın “Buri” kitabı çıxanda təqdimatına getmişəm. “Buri” səhv etmirəmsə gürcü dilində çörək deməkdir. O çörək gözümü tutsun yalan deyirəmsə, Ayxanın bu yazısı yazı xatirinə yazı idi. Filankəs yazdı, mən qaldım prinsipi ilə yazılmış, faktdan çox, reytinqə, təhlildən çox gərəksiz təftişə hədəflənmiş bir yazı.
Bu yazıya heç cavab verməmək də olardı. Amma qələm adamlarının “ düzü düz, əyrini əyri “yazmaq kimi bir müqəddəs vəzifəsi var. Böyük Mirzə Ələkbərin də vəzifəsi həmişə bu olub. Lütfən, çaşma Ayxan. Sabir üçün çox uşaqsan.

Share: