Səudiyyə Ərəbistanında şahzadələrin həbsinin yeni dalğası başladı

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb.

Siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.

Məlumata görə, həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu otellərdən birində saxlanılırlar.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib.

Həmin əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər – ümumilikdə 9 nəfər ölüb.

Onu da qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə varis şahzadə Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Müstəqil.Az

Share: