“Sərkisyan hakimiyyətini uzatmağa çalışır” – politoloq

“Separatçıların ”müstəqillik” ideyası baş tutmadıqca vəziyyət daha da gərginləşəcək”

Ermənistanda tələbələrə möhlət hüququnu nəzərdə tutan qanunun ləğvi barədə ölkə parlamentinin 15 noyabr tarixli qərarı etirazları daha da artırıb. İrəvan Dövlət Universitetinin tələbələrinin etirazına Konservatoriya tələbələri də qoşulub və parlamentə gedən yolları kəsiblər. Eyni zamanda 14 noyabrda aclıq aksiyasına başlayan tələbələr sudan da imtina etməyə qərar veriblər.

Ötən gün aksiyaçılarla polis arasında qarşıdurma baş verib. Ancaq işğalçı ölkədə yalnız tələbələr etiraz etmir. İrəvandakı tacirlərin bir qrupu ötən həftədən başlanan etirazları parlamentin qarşısında davam etdirəcəkləri barədə xəbərdarlıq ediblər. Hələlik ölkə rəhbərliyi bu etirazlara münasibət bildirmək istəmir. Ancaq müşahidəçilər vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini güman edir. Hesab olunur ki, S.Sərkisyan Qarabağ məsələsində əslində Azərbaycana uduzduğu üçün ölkə daxilində gərginliyin artması ilə vəziyyətdən çıxmağa, diqqəti aprel savaşından sonrakı acınacaqlı durumdan yayındırmağa çalışır.

Maraqlısı budur ki, erməni ekspertlər də Ermənistan hakimiyyətini “yıxıb-sürüməkdə” davam edirlər. “Ermənistan böyük ticarət mərkəzinə çevrilib”. Bunu 1in.am saytına açıqlamasında Rusiyada yaşayan erməni ekspert Arbak Xaçaturyan deyib. “Taşir” Şirkətlər Qrupunun energetika sferasına investisiya yatırması normaldır, ona görə ki, bu sahə problemsiz və gəlirlidir. İnsanların yarısı Ermənistandan qaçır, emiqrasiya yüksək həddə çatıb, işsizlik dəhşətli vəziyyət yaradıb. Bu vəziyyətdə energetika sahəsinə yatırılan 1 milyardlıq investisiya insanları çox da maraqlandırmayacaq. Hökumət vacib problemləri kənarda qoyub, Ermənistanda ticarət mərkəzləri açır. Bütün Ermənistan ticarət mərkəzinə çevrilib. Əhalinin böyük hissəsi Rusiyada iş axtarır. Bu investisiya daxili oyundur və hakimiyyətin əldə saxlanılmasına yönəlib. Ermənistanda iqtisadiyyat yoxdur. Hansısa sənayeyə yatırım edib, iqtisadiyyatı inkişaf etdirmək, həyat səviyyəsini yaxşılaşdırmaq əvəzinə energetika sferası və ticarət mərkəzlərinə pul qoyulur. Bu investisiya kiminsə piarına xidmət edəcək”, – deyə o bildirib (Axar.az).

Ekspert müsahibəsi zamanı Ermənistanda hakimiyyəti əldə saxlayan Qarabağ klanını sərt tənqid edib, onları kəndçi adlandırıb: “Bir zamanlar mənim Ermənistanda vacib obyektlər almaq üçün imkanım var idi, amma bir mağaza belə almadım. Daha sonra insanlar gəldi və hər şeyi oğurladılar. Bu qədər kəndçinin haradan peyda olduğunu, onların ölkəni nəyə çevirdiklərini bilmirsən. İndi onlar bir-biriylə savaşırlar. Hazırda geosiyasi faktorlar çox dəyişir. Bu, Qarabağ məsələsinə də aiddir. Bu, həm də ölkənin daxili siyasətinə təsir edir. Bir qəpiyi belə olmayan, Qarabağdan gələn prezident Rusiyanın səhmlərini alır, biznesinə milyonlar yatırır, amma prezident olduğu ölkədə xalqı acından ölür. Onlar bu gün soyqırım və Dağlıq Qarabağ məsələsindən xalqı kölə vəziyyətində saxlamaq üçün istifadə edirlər”.

Onun sözlərinə görə, Ermənistanda gələn il kimin baş nazir olacağı qərarını İrəvan təkbaşına verməyəcək: “Gələn il üçün planlar hökumətdən asılı deyil. Əgər Türkiyə və Rusiya münasibətlərini gücləndirsə, siz Qarabağ problemi ilə bağlı nə olacağını deyə bilməyəcəksiniz. Ermənistanın burnunun ucunda Bakı-Tiflis-Qars dəmiryolu açılıb. Ermənistanın hansı vəziyyətdə olacağını müzakirə edən varmı? Sərkisyan və ətrafı ticarət mərkəzinin rəhbərliyini xatırladır. Onların sabah nə qərar verəcəyi naməlumdur”.

İşğalçı ölkədə xüsusilə də gənclərin orduya getməkdən imtinası Azərbaycan üçün unikal vəziyyət yarada bilər.

Image result for Politoloq Arzu Nağıyev

Politoloq Arzu Nağıyev tələbə etirazları ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ermənistanda vəziyyətin belə bir səviyyəyə çatması bir neçə amillərlə bağlıdır: “Birincisi, demoqrafik tənzimlənmə tam şəkildə pozulub, təqaüdçülərin sayı pik həddə çatıb, cavanlar isə ölkəni tərk edirlər. Çağırışçıların sayı kəskin surətdə azalıb. Buna görə də tələbələrin ordu sıralarına çağırılması gündəmə gəlib. Erməni anaları isə öz övladlarını orduya vermək istəmir, daha doğrusu, məqsədi və məramı bilinməyən Dağlıq Qarabağ savaşında həlak olmalarını istəmirlər. Hətta Sərkisyan 2040-cı ilədək əhalinin sayının dörd milyona çatdırılması istəyi ilə bəyanat verib. Bu da bir qorxulu tendensiyadır ki, bəzi terror təşkilatlar hesabına əhalinin sayını artırmaq istəyirlər”.

Politoloq Ermənistanda  gərginliyin artmasını təbii sayır: “Sərkisyan nəyin bahasına olursa-olsun, ictimai rəyi dəyişməyə və öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Separatçıların “müstəqillik” ideyası isə baş tutmadıqca vəziyyət daha da gərginləşəcək”. A.Nağıyev bildirdi ki, iqtisadi və siyasi vəziyyətin belə bir hala düşməsində Sərkisyan, onun komandası məsuliyyət daşıyır: “Onlar da çalışırlar ki, bu durumu Qərblə əlaqləndirsinlər. Belə bir vəziyyətdə təbii ki, orduda da vəziyyət acınacaqlı haldadır və ümid yalnız Rusiyaya qalıb. Məhz buna görə də hər an aprel hadisələrinin təkrarlanacağından çəkinən Ermənistan Rusiya ilə məsləhətləşmələr aparır. Bu isə Ermənistan üçün həm də təhlükəli məqamlardan biridir”.

2018-ci ilin aprelində prezidentlikdən baş nazirliyə keçid etməyə hazırlaşan S.Sərkisyanın ölkəni gərginlik içində qoyub Rusiyaya üz tutması da maraqlıdır. Şübhə yoxdur ki, Moskvaya səfər edən erməni prezident Rusiya hakimiyyətindən dəstək almağa çalışacaq.

Cavid TURAN

Share: