Sərhəddən qayıtma

Hafiz Ataxanlı

Hekayə

Professor Paşa Qəlbinura

Şaxta sümüyünə işlədi.  Lap itilənmiş qəssab bıçağı kimi batdı böyrəklərinə.  Külək vıyıltısı da bu yandan canına vicvicə salırdı.  Çovgun dizəcən qalxmış qarı sovurub şillə kimi sifətinə çırpırdı.  Belə havada dənizə səkən ay üzlü nigarın silueti də onu karıxdırdı.  Qərarlaşdıra bilmədi: düşsün bu gözəlin dalınca,  ya qayıdıb girsin evə ? Kənd evinin çoxmu arxada qaldığını dəqiqləşdirməkdən ötrü geri boylandı.  Həm də qədim kənd çayının üstündə 13 yaşlı oğlan uşağının durub – durmadığını aydınlaşdırmq istəyindəydi.  Uşaq Allahsaxlamış,  dünən gecədən yaz səması kimi doluxsunub qalıbmış. Axır nə fikirləşibsə təngnəfəs özünü yetirib çayın qırağına. Suda öz əksini görəndə nə düşünübsə, elə oradacada “Gözlər” şeirini yazıb.

Hər halda uşağa laqeyd qala bilməzdi.

-Yuxunu suya danışdın, su xeyrə yozdu. Yazan sənə tale yazdı, yuxun mübarək, qardaşım, çiynini yük altına verdin, yükün yüngül, oğlan ! –dedi.  İntəhası, çayın hirsli qıjıltısında itən səsidə, gözünün qarşısındakı tül pərdə də onu uşaqdan və çaydan ayırdı.

Başın qaldırıb boylandı. Heçnə sezmək olmurdu. Handan-hana nəsə anlaya bildi. Adilin özünü uzatmışdılar qarın içinə. Təmizinə qalanda qarın içi çox rahat idi. Bircə zəhrimar qaranlıq olmasaydı.

Zil qaranlıqda xoflu, ürək partladan addım səsləri eşidildi. Yatan yatmışdı, yeddinci yuxusunu görürdü. Yatmayanda qorxudan qısılıb qalmışdı.

 

Qara əbasını çiyninə atmış qoca, qara qoçuları ağzı birdən buraxdı. Əlindəki iri ağızlı bıçağı bülövə çəkdi. Ağ qoç buynuzunu hərləyib boynuna bağlanan ipdən dartındı…

 

…. PAŞA QƏLBİNUR. PASHA GALBİNUR. PROFESSOR | Azərbaycan Tibb Ensiklopediyası genəlmiş göz qapaqları dartıldı. Açıq qalmaq və ya bağlanmaq uğrunda ölüm-dirim savaşı başlandı. Göz dibində qara nöqtə böyüyüb qara lövhəyə çevrildi. Ağ işıq süzüldü göz dibinə. Həmin qara lövhəyə-yazı taxtasına olacaqları tabaşirlə yazdılar.

Qara əbalı insafsız əvvəl sönmüş ocağı pilədi. Hara közərəcək sönmüş ocaq? Naəlaclıqdan, bekarçılıqdan; ya Allah günaha yazmasın, xəbislikdəndi, kişi böyük bir daşa güc vurub itələdi. Özüdə ərinməz-ərinməz kol-kosu əzə-əzə üzü aşağı yuvarlanan nataraz daşın dalınca baxdı. Daş da,  elə bil dil bilirmiş. Hamaratda özünə yer seçib toxdadı. Oldu elçi daşı. Üstündə də bir dəstə allı-güllü xonçalı qız gəlin püşk atıb aralarında birini gəlin seçdilər, geyindirib keçindirdilər. Oturdular maşına. Sürücü bədniyyət, sükanı necə hərlətdisə, gəlinin güzgüsü yengənin əlindən düşüb sındı. Bu cəhənnəm,  dözüləsi dərddi. Dözülməzi buydu ki,  gəlin maşını üçün açılan qoşalay qapı qəbirstanlıq darvazasına   çevrildi. Gəlin bihəya utanmaz-utanmaz düşəsən maşından, qol götürüb oynayasan, əzizgiramı adamına qoşulan təki süzdürə-süzdürə girəsən başdaşların arasına. Bir də onda ayıldılar ki, gəlin nə gəzir? Bədbəxt qızından qalan başdaşındakı şəkil və sinədaşının üstündə ışıldayan sırğalar idi.

…. . Başdaşının yanındakı ağac da qurumuşdu. Uşaq vedrəni su quyusuna atıb dartırdı, su əvəzinə ölü balıq çıxırdı. Qeyri-iradi vedrənin suyunu bağdakı qurumuş ağacın dibinə əndərdi. Yenə vedrəni quyuya sallayıb dolamaçarxı fırladı. Amma bu dəfə suya baxanda gözü qaraldı. Sudan başının üstündən qara buludların şığıdığını gördü. Bulud qatılaşdı. Bir o qaldı ki, irəlini seçmək üçün əli ilə buludu itələsin. Əli hasara dəydi. Demə, Salvador Dalinin  divardan asılmış əsəriymiş. Rəsm gerçək həyata köçüb. Yumurta çat verib, içinin sarısı divarboyu süzülür aşağı. Köhnə taxta qapı cırıldadı. Ona elə gəldi ki,  bu,  qapı cırıltısı da deyil, əslində rəsmdəki dünyaya girir və Dalinin dünyasındakı döşəmə qədimliyindən çat verir. Bu “ikili  təsvir”dən canını qurtarmaq istədi. Faydası yoxmuş. Bayırda da yer aralanırdı, torpaq çat verirdi. Peydərpey şimşək çaxırdı. Leysanı-zadı vecinə almadan özünü çatdırdı Cavad xanın qəbri üstünə. Başdaşının üstündəki qılıncı götürdü. Qılınc ulduzdan idi,  od tutub yanırdı. Qara buludu pəncər kimi doğrayırdı. Yağış kəsdi.

Amma yol qutarmaq bilmirdi. Gəlib çıxdığı məkanda milyardlarla göz var idi. Nəyə təəccübləndi?Orada,  yəni gəldiyi yerdə gözün quzehli qişasında insanın bütün əzalarının proyeksiyası olur və buna əsasən, digər xəstəlikləri təyin etmək mümkündür. Burada isə xəstəlik zad nə gəzir?Gözün içindəki işığın qurluğu ilə insanın xislətini, əməlin dərəcələri ölçülür, işığı öləziyən bəd əməllər, lap metronun reklam lövhəsindəki kimi xırda, qaçan hərflərlə verilirdi. Bulanıq gözlər şişib hədəqəsindən çıxırdı, partlayıb tökülürdü ayaqlar altına və bu proses mütəmadi təkrar olunurdu.

-Bu nədir, -Adilə elə gəldi ki, kimdənsə soruşur. Amma soruşmurdu qəlbindən keçirirdi.

-Dünya malından doymayan şəhvətli, özündən başqa hamıya pis niyyətlə baxan adamın gözüdür, -sanki cavab verdilər, amma heç kəs danışmırdı. -hər gün isti külü, toz-torpağı, çınqıllı səmum yerli vurub təpir bu bədbəxt gözə. Sonra irinli zəqqum içirdəcəklər, gözündən gəlib töküləcək.

Əti çimşəşdi. Tez uzaqlaşdı burdan. Qızılgül bağından, cəh-cəh vuran alabəzək quşların dövrə vurduğu çəməndən, şırıltısı muğama oxşayan dumduru bulağın yanından keçib sədr ağacının altına gəldi. Əvvəl elə düşündü ki, televiziya studiyasına dəvət alıb. Projektorları qururlar. Yox, lənət yalançıya, belə deyildi. Bir cüt gözün işığı aləmi bürümüşdü. Tanırdı. Ümüdlə yanına gəlmiş Əli kişi idi. Yəni bir insanın gözündə bu qədər Nur olar?

-Görəsən…?

Qəlbində keçən sualda cavab yubanmadı.

Bu göz tanrının möcüzələrini görmək, ibadət etmək, Quran oxumaq eşqi ilə alışıb-yanıb…və sən onu korluqdan qurtarmısan. İndidə Günəşin işığını Allahtəala onun gözlərinə bəxş edib. Heyrət və sevgi ilə, min ilin doğmalığı ilə Əliyə baxdı. Elə Əlinin gözlərinin nurunda da lap uzağı gördü. Gördü ki, onu axtarırlar.

-Professor, endotrel qatı zədələnib.

-Buynuz qisası salamatdırmı?

-Endotrel qatı. Müqəddəslərin müqəddəsi. Ana kimi müqəddəs.  Birdən duruxdu. Şırıltıya qarışan şirin zümzüməni eşitdi. Anasının laylasıydı.

Xəstəyə tərəf tələsdi. Anlaya bilmir nə baş verib?Ürəyindən başlanan ağ işıq bir cüt gözündən və sağ çiynindən,  sağ qolunda paylanmalıydı axı. Ürəkdən gəlirdi o işıq. Amma sonradan Göy qurşağının rənglərinə oxşar bir vəziyyət alınırdı. İşığı yarımçıq qəbul edən sağ çiyin onu barmaqlara ötürə bilmirdi. Qəzəbindən qapqara qaraldı.  Geri döndü. Qara libaslı kişi onu görəndə çaşdı. Qorxudan əsdi. O qədər karıxdı ki, qeyri-iradi əlindəki bıçağı ora-bura çevirə-çevirə barmaqlarını doğradı. Barmaqları tikə-tikə yerə düşdükcə qan kəsilib doğranan əzadan yox, gözlərindən şırıltı ilə axırdı. Kənd çayının sahilində qara qoçlar düşmüşdülər ağ qoçun üstünə. Yaxşı ki, ağ qoçu öldürə bilmədilər.

Adil rahatlandı. İri daşın üstündə oturub ayaqlarını sıxan qara, dar çəkmələrini çıxartdı. Suya tullanıb, ağırlıqlar axır çərşənbədə getsin, -dedi. Çayın qırağındakı qızılgüldən bir yarpaq dərib çeynədi. Xəyal kimi görünən 13 yaşlı oğlana göz vurub gülümsədi. Amma gülümsəyəndə dəyişətli bir ağrı duydu boynunun ardında, bir də kürək nahiyyəsində . Ufuldaya-ufuldaya durub kənd evinə tərəf qaçdı. Anasını səslədi.

-Ana, ana gör oğlunu nə kökə salıblar?Gücün çatarmı, bu bıçağı dart çıxart kürəyimdən.

Heç kim yox idi diyəsən. İçəri keçdi, amma həyətdə kürəyinə sancılmış bıçaqla duran özüydü. Və birdə məlum oldu ki, içəridəki atasıdı. İslam kişi arxası Aqilə qəhərli səslə, oğlum –dedi –burnumun ucu göynəyir, amma yaxınlaşma,  tez geri qayıt.

Səsin qətiyyətindən etiraz eləməyə  gücü çatmadı. Ayaqlarını sürüyə-sürüyə geri döndü. Atasının göz yaşları bağrını başını yandırdı. Özünü saxlaya bilmədi. Min bir zülmlə bir-birinə kip yapışmış dodaqlarını ayırdı,  qışqırdı.

-Ata, gör nə vaxtdır görüşmürük. Niyə məni qoymadın öz yanına?

…. Gözlərini açıb təccüblə palatalarındakına baxdı. Bir cüt donmuş göz yaşını anasının yanağında gördü. İçindəki həyacan, üzüntü ürəyinin başında sıxılıb, boğulub göz yaşına dönmüşdü. Sən demə, o şirin şırıltı ananın içində boğduğu naləymiş.

-Endotrel qatı!Müqəddəslərin müqəddəsi, -beynindən keçirib gülümsədi. Gülümsəməy ilə də həyat yoldaşına bir dəstə qızılgül bağışladı sanki. Adilə xanımın gözündə nur çələngi göründü. Gülümsəmək istədi Adilə, deyəsən çəkindi. Qorxdu ki, boğazını göynədən qəhər hönkürtüyə çevrilər. Dodaqlarını bir azda kip sıxdı.

Min ilin dərd dağı kimi əli qoynunda donmuş Natiqdə dillənə bilmədi. Deyəsən, sevincini ifadə edə biləcək söz tapammadı. Gözləri güldü və Adil o gözlərdə qardaşın qardaşa ideal sevgisini gördü. Sənubər xanım yorğun göz qapaqlarını qaldırıb diqqətlə baxdı. Həsrətindən yanıb yaxıldı bu anın –Adilin gözlərini açacağı dəqiqənin gerçəkliyini birdə yoxlamaq istəyirdi. Gözünü silib birdə diqqətlə baxdı. İrəli yeridi, heçnə demədi, amma Adil “can, qardaş, hansı əliqurumuş sənə qıydı?!”sualını bacısının gözekranından necə sürətlə keçdiyini gördü.

Uşaqların ürəyi üzülməsin deyə, dayısı özünü tox tutmuşdu. Oğlu ilə qızı Fəxrəddin dayıya qısılmışdılar. Heç kim danışmağa ürək etmirdi….  Ancaq gözlər danışırdı.

Nəhayət, Adilin dodaqları tərpəndi: Göz, həm də, bu dünya ilə o dünya arasında sərhəddir. Gözüm qapanmadı, sərhəddən geri qayıtdım.

     Nəfəsi təngidi. Dilini yalmandırdı.

               Həkimlər növbəti iynəni hazırlayırdılar.

              -Professor, xahiş edirki, bir az toxtayın.

                Pəncərəyə düşən gün işığı Adilin sifətinə yayıldı.

                Adil gülümsədi. Gözlərində həyat işığıııı vardı….

2006.

 

 

 

 

 

 

 

Share: