Sən oyaqsan – keçib gecə, Ovundurum səni necə? Vallah, bəndsən elə bircə Himə, ağlayırsan, qadın!

AYNUR AFƏT qızı QAFARLI

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

pedaqogika üzrə fəlsəfə doktoru

SƏNƏ BİR MƏKTUB YAZDIM

Sənə bir məktub yazdım,

Bir sual və bir nida.

Bir də ölümdən betər

Param-parça “əl-vi-da”…

Heç peşman da deyiləm,

Yoxdur bir umu-küsüm.

Bir şəkil də qoymuşam,

Gözyaşında təbəssüm.

Qapanıb otağına

Qapını bağlayarsan.

Sənə bir məktub yazdım,

Oxuyub ağlayarsan.

Buz kimi yatağından

Mənə də pay bölərsən.

Şərab qədəhlərində

Qurtum-qurtum ölərsən.

Sənə bir məktub yazdım,

Son gücümü toplayıb.

Ünvanını bilmirəm,

Çatmayacaqdır, hayıf..

 

BİR MƏN OLUM, BİR DƏ MƏN

Dünya kimi qarışıb

Yenə mənim əhvalım.

İndi özüm özümün

Könlünü necə alım?

Elə yerə gedərdim,

Özümlə tənha qalım,

Başqa heç kim olmasın, –

Bir mən olum, bir də mən.

 

Dolanım illər boyu,

Gəzim Sina dağında.

Qu olum, yuva qurum

Eşqimin budağında.

Hamıdan uzaqlarda –

Bir dəniz qırağında

Tutum bu eşqin yasın, –

Bir mən olum, bir də mən.

 

Xoşbəxtliyim olmayıb,

Yox, yox mənim bu adda.

Çıxıb gedərəm elə

Bu anda, bu saatda.

Heç nəyi istəmirəm,

Bu sevginin həyatda

Çox çəkmişəm bəlasın, –

Bir mən olum, bir də mən.

 

Yaşamadım, yaş gəldi

Ancaq yaşımın üstə.

Bir daş qoyan olmadı,

Öldüm daşımın üstə.

Məni öz anam kimi

Durub başımın üstə

Bircə bulud ağlasın,  –

Bir mən olum, bir də mən.

 

Qoy heç bir kəs bilməsin

Mənim olduğum yeri.

Xatirə dəftəriyçün

Yazdım bu qəmli şeiri.

“O”nu da istəmirəm

Qayıtmasın heç geri.

Yadımda qoy qalmasın, –

Bir mən olum, bir də mən…

 

       EHH, NƏ İSƏ...

Bir də səni xatırlayıb

Vüsalına can atmaram.

Nə özümü, nə də səni

Şirin vədlə aldatmaram.

Ürəyimdə bir yara var,

Tez-tez açıb qanatmaram,

Ehh, nə isə…

 

Göy üzütək tutulmuşam,

Bulud-bulud yağışım var.

Qarışıbdır dünyam tamam,

Nə baharım, nə qışım var.

Kimi necə başa salım?!

Yüz dostum var, tanışım var,

Ehh, nə isə…

 

Günlərimi sənə verdim,

Özümə gün bəyənmədim.

Neyləyim ki, ağır gəldi,

Qürurumu əyəmmədim?

Sənə çoxlu sözüm vardı,

Cürət tapıb deyəmmədim,

Ehh, nə isə…

 

 

Olan oldu, keçən keçdi,

Nə deyim mən indən sonra?

Günüm də bir gün deyil ki,

Ömrüm-günüm, səndən sonra.

Gedib kimə ürcah oldun,

Allah bilir məndən sonra,

Ehh, nə isə…

 

OLAR BİR SUAL VERİMğ?…

Olar bir sual verim?

Qəlbim səni görəndə

Niyə belə döyünür?!

Baxışlarım dən kimi

Yollarında üyünür?

 

Olar bir sual verim?

Dilim yanar deməsəm,

Gəl tutulma sözümdən.

Niyə mənim hər gecə

Yuxum qaçır gözümdən?

 

Olar bir sual verim?

Baxışımdan qəlbinə

Sevgi səpsəm, olarmı?

Gecə ay işığında,

Səni öpsəm, olarmı?

 

Olar bir sual verim?

“Eşq bir meydir” deyiblər,

Mən bu meydən içimmi?

Gəlib sizin hər səhər

Küçənizdən keçimmi?

Olar bir sual verim?

Nəyinə bənd olmuşam,

Bu sevginin nəyinə?!

Nədən hakim olmusan,

Aynurun ürəyinə?!

 

      GÜNAHKAR İKİMİZİK

Günah qoxusu gəlir,

Hava da birtəhərdir.

Bizdə günah yoxdur ki,

Günahkar bu şəhərdir.

 

Günahkardır şəhərin

Mavi işıqları da.

Günahkardır yiyəsiz

Küçə uşaqları da.

 

Kim varsa ömrümüzdə,

Hamısı günahkardır.

Naləmizi eşitmir,

Bu şəhər niyə kardır?!

 

Şəhərdə nə günah var,

Dənizdə nə günah var.

O yolda nə günah var,

O izdə nə günah var.

 

Sənə elə gəlmirmi,

Günahkar bu zamandır?

Zamanın zərbəsinə

Düçar olmaq yamandır.

 

Saatın əqrəbini

Lap min dəfə çək geri.

Çətin bir də qayıda

Ömrün ötən illəri.

 

Heç nə dəyişməyibdir,

Həmin yol, həmin izdir.

Heç nə dəyişməyibsə,

Bəs niyə kimsəsizdir?

Bəs niyə sevgisizdir

Bu böyük şəhər belə?

İşləyib qanımıza

Ən acı zəhər belə.

 

Həyatlamı, bəxtləmi,

Taleləmi dalaşaq?

Hansı dəryadan keçək,

Hansı zirvədən aşaq?

Xatirən də qəlbimdə

Olubdur əzik-üzük.

Üç səhv bir düzü yedi,

İndi hansımız düzük?

Sənə elə gəlmirmi

Günah elə bizdədir?

Ayrı yerdə gəzməyək,

Bizim içimizdədir.

 

Günah həmin günahdır,

Biz də ki həmin bizik.

Yaxamızı çəkməyək,

Günahkar ikimizik.

         KİMƏ AĞLAYIRSAN QADIN?

Axşam-sabah bilmirsən heç,

Kimə ağlayırsan, qadın?

İçindəki hansı sarı

Simə ağlayırsan, qadın?

 

Aynaya bax dönüb hərdən,

Sızıldayıb pərdə-pərdə,

Ürəyini oyan dərdə,

Qəmə, ağlayırsan, qadın.

 

Sən oyaqsan – keçib gecə,

Ovundurum səni necə?

Vallah, bəndsən elə bircə

Himə, ağlayırsan, qadın!

 

Gültək solur dərdə uyan…

Bu qəmli yuxudan oyan,

Ömür sarayını oyan

Nəmə ağlayırsan, qadın.

 

Qəlbin titrək tülə dönmüş,

Hanı o bəxt – gülə dönmüş?

Pərvanəsi külə dönmüş

Şəmə ağlayırsan, qadın…

 

 

Share: