CANLI XƏZİNƏ…

Elm adamları arasında paxıllıq, xəbislik hisləri ilə alışıb yanan alimləri görəndə- “alim olmaq asandır, adam olmaq çətin”- atalar sözünün öz aktuallığını hələ də itirmədiyinin şahidi olursan. Vay o günə ki, bir mövzu haqqında bir neçə alim araşdırma aparsın. Aralarında gizli müharibə başlayır. Necə deyərlər, o, bunu inkar etməyə çalışır, bu da onu. Bu, onu plagiatda suçlayır, o da bunu. Və ortada mənasız mübarizələr başlayır…

Bəzən biz cürbəcür parıltılara aldanıb, yanından ötüb keçdiyimiz xəzinəni görmürük. Sanki yalançı parıltılar gözlərimizi qamaşdırıb kor edir…
Sevindirici haldır ki, XX əsrin əvvəllərində Azərbaycanda dörd-beş alim var idisə, XXI əsrin əvvəllərində artıq bu say minlərlədir. Deməli, ötən yüz ildə çox inkişaf etmişik. Nə qədər gileylənsək də, dərin təfəkkürlü, sahəsinin bilicisi, novator alimlərimiz yetərincədir. Bu gün sizə onlardan biri- Şahlar Göytürk haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə həyat yoluna işıq tutaq…
Şahlar Məmmədov (Göytürk) Yardımlı rayonunun Anzov kəndində anadan olub. Orta təhsilini Anzov kənd tam orta məktəbində alıb. 1997-ci ildə Lənkəran Dövlət Universitetinin(LDU) Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisasI üzrə fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Anzov kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyib. 1997-2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 2004-cü ildə “Azərbaycan dilinin Yardımlı rayonu şivələri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2005-2006-cı illərdə LDU-da, 2008-2011, 2017-2018-ci illərdə BAAU-da Müasir Azərbaycan dili, Azərbaycan ədəbi dil tarixi, dialektologiya, nitq mədəniyyəti, akademik yazı və oxu fənlərindən mühazirələr oxuyub. 2013-2014-cü illərdə “Altun kitab” nəşriyyatının lüğət bölməsində redaktor işləyib. “Azleks” layihəsi çərçivəsində “Azərbaycan dilinin frazeologiya lüğəti”nin tərtibində iştirak edib. 2006 -2019-cu illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında imtahan rəhbəri olub…
2013-cü ildə elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul edilib. Doktorluq dissertasiyasının mövzusu isə “Azərbaycan dili dialekt və şivələrinin frazeologiyasınının nəzəri problemləri”dir. 2014-cü ildə Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində aparıcı elmi işçi olub. 2015-ci ildə dosent elmi adı alıb. Fəaliyyətinə görə müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Respublika və beynəlxalq miqyaslı elmi konfransların iştirakçısıdır. 2018-ci ildə Orfoqrafiya komissiyası nəzdində yaradılmış İşçi qrupunun katibi olub. 2020-ci ilin oktyabr ayından etibarən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır. Tanınmış dilçi alim çağdaş dilçiliyimizin aktual problemləri ilə bağlı mətbuatda və televiziyalarda ardıcıl çıxışlar edir. Monoqrafiya və 90-dan çox elmi məqalənin müəllifidir. Onlarla kitabın redaktorudur. Gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Ailəlidir. 3 övladı var. Böyük oğlu 2023-cü il sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirak edib…
Xeyirxah, qayğıkeş, səbirli, sədaqətli və etibarlı adamdır. Məşğul olduğu sahədə çox inadkardır, həmin sahənin ən yaxşısı olanadək yorulmadan çalışır. Onunla rəqabət aparmaq çətindir. Hər kəslə necə davranacağını yaxşı bildiyi üçün bir çoxları ilə asan yola getməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Bu səbəbdən də nadir hallarda risk edir və hər hansı bir səhvə də yol vermir…
Deyir ki,- “Televiziya dilinin təsir gücü onun kütləviliyində, eləcə də səs, söz və təsvir, görüntü imkanlarına malik olmasındadır. Doğrudur, KİV-də gedən dil proseslərini, o cümlədən tele¬viziyaların dil mənzərəsini çağdaş ədəbi dildən kənarda təsəvvür etmək olmaz. Televiziya çap və elektron mətbuatla müqayisədə dil proseslərini daha qabarıq şəkildə əks etdirir, şifahi nitq meydanı üçün geniş üfüqlər açır. Televiziya cəmiyyətdə gedən proseslərin güzgüsüdür və ic¬timai fikrə təsir imkanları baxımından digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Bu güzgüdə nəinki ayrı-ayrı sa¬hələrdə baş verən dəyişiklikləri, hətta dil proseslərini aydın şəkil¬də görmək mümkündür. Odur ki, ekrandan səslənən nitq anlaşıq¬lı, ədəbi tələffüz qaydalarına uyğun olmalıdır. Çünki insanlar bir-birlərini daha çox şifahi nit¬qinə və davranışına görə qiymətləndirirlər. Tamaşaçı verilişlərdə çıxış edən qonaqlardan, ekspertlər¬dən, müğənnilərdən, saç ustalarından və s. natiqlik tələb etmir. Önəmli olan normal davranış və mədəni nitqdir.”
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri kimi, bu gün televiziyalarımızda dilimizlə bağlı gedən proseslər bir alim kimi onu çox narahat edir.
“Biz dilimizə sevgi ilə yola çıxmışıq. Məqsədimiz dilimizin saflığını qorumaq, Azərbaycan dövlət dilinin düzgün tətbiqinə nəzarət etmək, fədakar media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində mediada, reklam daşıyıcılarında və internet resurslarında yol verilən nöqsanları aradan qaldırmaqdır. Odur ki, media nümayəndələri, xüsusən sayt rəhbərləri monitorinqlər zamanı qeydə aldığımız minlərlə dil faktına ciddi yanaşmalı, səhvləri təkrarlamamalıdırlar.
Hədəfimiz nə saytlar, nə də media mənsublarıdır. Dilimizin inkişafında, düzgün tətbiqində peşəkar media nümayəndələrinin rolunu yüksək qiymətləndiririk. Bizim işimiz həm də dildə gedən prosesləri izləmək və əvvəlki nəticələrlə müqayisə etməklə irəliləyişə nail olmaqdır.”- söyləyir.
Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı xoşlayır. Plan və proqram hazırlamağı və nizamlı hərəkət etməyi bacarır. Hazırladığı planın reallaşmasını səbrlə gözləyir. Rahat həyatı sevir. Rahatlıqla yanaşı gözəlliyə də olduqca önəm verir. Pula isə bir vasitə kimi baxır. Puldan və gözəllikdən başqa heyran olduğu daha bir nəsnə- uğurdur. Odur ki, uğurlu insanlarla dostluq etməkdən zövq alır…
Deyir ki,- “Doğrudur, dilin varlığı üçün təhlükə törədən fəsadlar daha çox qrammatik qüsurlarla bağlıdır, çünki dilin mahiyyətini onun qrammatik sistemi müəyyən edir. Leksik pozuntular isə dildə tez-tez baş verən, eyni zamanda, nisbətən asanlıqla aradan qaldırıla bilən hadisədir. Bu baxımdan leksik normanın pozulmasını dil üçün təhlükəli hal hesab etmirlər. Amma nəzərə almaq lazımdır ki, bunlar əslində zəncirvari prosesin halqalarıdır. Leksik norma pozuntuları dilin milli qiyafətini dəyişir, milli həssaslığı azaldır. Dilin ən çox inkişaf etdiyi publisistikada leksik alınmalar daha çoxdur. Bəzi hallarda həmin sözlərə dilimizin İzahlı lüğət¬lərində və Orfoqrafiya lüğətində rast gəlmirik. Bu qəbildən olan sözlər sırasında türk dilinə məxsus leksik vahidlər də vardır. Pub¬lisistikada belə sözlərə qarşılıq tapmaq cəhdləri də müşahidə olu¬nur.”
Yüksək zövqə malikdir. İstədiyini əldə etməyi bacarır. Həyatdan nə istədiyini çox yaxşı bilir. Praktik zəkalı, ciddi adamdır. Mənfi hallardan uzaq olmağı və yalnız gözəl şeylərlə maraqlanmağı xoşlayır. Mənasız mübahisə etməyi sevmir. Ancaq səbrinin sərhəddi aşıldıqda gözlənilməyən sərt reaksiyalar verə bilər. Adətən sakit və mülayim davranışa üstünlük verir. Dostluq onun üçün çox önəmlidir. Kin saxlamayan, bağışlayan və mərhəmətlidir…
Bəli, alim əgər adam olmağı bacarmırsa, onun elmi də şübhəlidir. Əsl alim xəzinədir- dövlətin, xalqın canlı elm xəzinəsi. Haqqında söhbət açdığım filologiya elmləri namizədi, dosent Şahlar Göytürk də bu xalqın canlı xəzinəsidir- qənimət övladlarından biridir…
Elman Eldaroğlu
Share: