“Sən həyat sözündə hecasan,Ana!..”-Fəxrəddin Qəribsəs doğma Dərbənddən yazır…

Müstəqil.Az Dərbənddə yazıb yaradan Fəxrəddin Qəribsəsin yeni şeirlərini təqdim edir:
ANA HAQQINDA DÜŞÜNCƏLƏR
Sənə tac deyirlər, bu azdı məncə,
Dünyanın tacından ucasan ana.
Min kədər çəkmisən, min bir işgəncə,
Fərqi yox, cavansan, qocasan ana.
 
Qızına ocaqsan, oğluna qanad,
Möhtacdır sözünə nəhəng kainat.
Səninlə qurulub bu sonsuz həyat,
Sən həyat sözündə hecasan, ana.
 
Anasız dünyanın günəşi azdır,
Ürəyi ağrilı, qəlbi nasazdır.
Nə qədər anadan desə də azdır,
Bəlkə sən bu sirri açasan, ana.
 
Bir qüvvə tapılmaz qorxuda səni,
Yuxuda görmüşəm, yuxuda səni.
Fələkdir yaşını axıdan sənin,
Mənimlə hər zaman qoşasan ana.
 
Sən mənim baharım, həm etibarım,
Tanrıdan verilmiş dövlətim, varım.
Məzarlar içində əziz məzarım,
Bəlkə öz balanı qucasan, ana.
Sən dağlar içində, dağdan da uca,
Qocalıq yetişib, dən düşüb saça.
Gələrdim yanına hey qaça-qaça,
Sən haqqın ocağı, ricasan ana.
 
Adım Qəribsəsdir, doğmadır səsim,
Ana söyləyəndə gedir nəfəsim.
Anamdır gedənim, gedər gəlməzim,
Hardasan deyirəm , hardasan, ana.
…………………………………………
Bu payız
 
Payızın təmtəraq sorağına bax,
Yarpağın qızaran yanağına bax.
Zoğalın alışan çırağına bax,
Minillik açılmaz sirrdir bu payız.
 
Gilavar dalınca ötür gilavar,
Küləklər bir birin qaça-qaç qovar.
Belə bir payızdan, söylə, harda var,
Elə bil əzəldən birdi bu payız.
 
Qəlbin yuvasına çəkdim selini,
Duman əzizləyir dağın belini.
Şair Qəribsəsin könül telini,
Bir üsyan qopardı, qırdı bu payız.
………………………………………….
Dərbəndə yol görünürmü?
 
Qəlbim kimi qarlı dağlar,
Dərbəndə yol görünürmü?
Sirrə etibarlı dağlar,
Dərbəndə yol görünürmü?
 
Burda Kərkük, orda Misir,
Təbriz desən, qəlbim əsir.
Ürək yurda çox tələsir,
Dərbəndə yol görünürmü?
 
Adanada axşam çağı,
Narıngilər bəzər bağı.
Sualım var, Aqrı dağı,
Dərbəndə yol görünürmü?
 
Əsir külək həzin-həzin,
Heç nə verməz yurd əvəzin.
Qəlbi dözmür Qəribsəsin,
Dərbəndə yol görünürmü?
Share: