Sən gəl, ürəyini buz kimi saxla… Faiq Vasif Süleyman haqda yazdı

Onun şeirlərini yorulmadan oxumaq olar… Onun şeirləri insanı yorğunluqdan, durğunluqdan alır, həyata bağlayır, sevginin nə olduğunu, ilahi varlığın harda və necə hisslərinə hakim kəsildiyini özünün də xəbərin olmadan sənə diqtə edir, göstərir. Niyə özünün xəbərin olmadan? Çünki onun şeirləri səni öz ağuşuna elə alır ki, nələrisə düşünmək, nələrinsə ardınca düşmək artıq olur. Bir şeir, bir də o şeirin sənin həyatında olanları poetik dillə sənə çatdırmaları. Həəə, oxuduqca deyirsən, bu ki məni yazıb, mənim hislərimi köçürüb…

Şəkilin açıqlaması yoxdur.

40 ildən çoxdur ki, dostlum deyərək hər yerdə adını, imzasını fəxr və fəxarətlə çəkdiyim Vasif Süleymandan bəhs etməyim heç kəsə sirr olmadı, məncə. Əlbəttə söhbət onu, onun şeirlərini, bizi tanıyanlardan gedir.
Bu gün növbəti doğum gününü qeyd edən ünlü şairimiz Vasif bir çox mövzularda şeirlər yazıb. Və nədən yazıbsa, özü demiş ürəknən yazıb, xaltura etməyib. Bir şeirində belə misralar var:

Biri yoxdu, biri vardı,
O rənglərə dünya dardı.
Dörd tərəfi çəmənzardı,
Saralmış yarpağı çəkir.

Şəkilin açıqlaması yoxdur.

Yəni,Vasif şeirinin qəhrəmanı olan rəssam kimi, hər tərəfi çəmənzar da olsa, əgər onun diqqətini çəkən bir sarı yarpaq varsa, mütləq o saralmış yarpağın da taleyinə biganə qalmaz, şair təfəkkürünün, məntiqinin diqtəsi ilə həmin saralmışların həyatını oxucuya çatdırar.

Elə SƏN DƏ GƏL, ÜRƏYİNİ BUZ KİMİ SAXLA... Neçə ki, Azərbayacan ədəbiyyatı, mədəniyyəti var, VASİF SÜLEYMAN imzası biz oxucuların ürəyində həmişə var olacaq.
Necə demişdi?..

Torpağa su düşsə,yaşıllaşandı,
Solandı, yanağın yaş olan yeri.

Dostumun, şairimin nəzər-diqqətindən heç nə yayınmaz, misralara düzülər və şeir olaraq qəlblərə dolar.

 

Şəkilin açıqlaması yoxdur.

Mən çalışacam onun lirikasından bəhs edəm, onun “İlahi şeir” adlandırdığı sevgi şeirlərindən söz açam.
O insan qəlbinin, xüsusi ilə də zəriflərin qəlbini ovlamaqda mahirdir və buradakı ovçuluq heç də meşşanlıq, yaxud dağınıq əxlaqi keyfiyyətlər deyil. Səmimiyyət və bu səmimiyyətdən irəli gələn həqiqətin ifadəsidir.
Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut dünyanın.
Bəli bu, dünyanın vur-tur bir dənə olan gözəli hər birimizin ürəklə, kiməsə dediyimiz şeirin misralarında yer alan xanımdır. Hər kəsin öz bildiyi həmin gözəldir. O, hər kəsin qəlbindən keçəni qələmə almağın mahir ustası, təkrarsız şairidir.
Şeir onun üçün udduğu hava, içdiyi su, gəzdiyi torpağın hərarəti, yaşılı, saralmış yarpağıdır. Həm də…
Ömürdə sonuncu ana bənzəyir,
Sadağa verdiyim cana bənzəyir.
Narın göz yaşınnan sıxıram onu,
Di gəl, ağ vərəqdə qana bənzəyir …
Və arada pəjmürdə də olur. Ona elə gəlir ki, yüzlərlə insanın oxuduğu şeir kimsəsiz qalıb, oxunmur, ünvanına çatmır:
Daşıdın varımı-yoxumu, neynim,
Apardın ruhumun çoxunu, neynim…
Bir qızın eşqinə yazırdım səni,
O da yazdığımı oxumur, neynim
Doğrusu bu şeir mənim daha çox sevdiyim şeirlərindəndir. Bu şeirin etirafı o qədr böyükdü və yanlışdır ki… Bilə-bilə ki, bu şeirlə çoxları özlərini ifadə edir və edəcək, yenə də yazır:
Dərdi gəlişindən tanıyıram mən,
Bəxtə düşən bəxti qınayıram mən.
Son dəfə, son dəfə şairliyimi,
Sonuncu şeirdə sınayıram mən –
“Nəyimə lazımsan, mənim ay şeir…”
Vasifin belə bir şeiri də var: Mən sənə İlahi şeir yazacam, deyir:
Ürəyim yazacaq, neyləmək olar,
İlhamı saxlayıb əyləmək olar…
O qədər SƏN deyib şeir yazmışam,
Birini yüz qıza söyləmək olar-
Mən sənə ilahi şeir yazacam.
Onun bütün şeirləri İlahi sevgidən yaranır, dediyim kimi, saxtakarlıq, kiminsə qəlbini oxşamaq üçün gəlişigözəl sözlər yoxdur. O, İlahi sevgini tərənnüm edir:
Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca.
Və qızları Gültacla Səyalı atalarına ad günü təbrikində yazmışdılar: “Biz atamızın – məmləkətin sevilən şairi Vasif Süleymanın adını hörmətlə çəkən hər kəsə sonsuz sayğılarımızı bildiririk”. Elə bu sözlərə, 40 illik dostu olaraq mən də qoşuluram.
Faiq BALABƏYLİ

Share: