MƏN BORÇALI TÜRKÜYƏM

MƏN BORÇALI TÜRKÜYƏM

Mən Cənubluyam. Amma ürəyimdə həmişə Borçalıya ayrı bir sevgi və bağlılıq olub. Borçalıların sazı, sözü, mərdliyi, aşıq mühiti və türk ruhu mənə hər zaman doğma gəlib. Bu şeir də həmin sevgidən doğulub.
Borçalı ellərinə dərin ehtiramla…

Alovdan-oddan gəlir,
Tənburdan, uddan gəlir,
Köküm Qorquddan gəlir-
Mən Borçalı türküyəm.

Məni mərd doğub anam,
Haqqım yox haqqı danam!
Sözüm üstə duranam-
Mən Borçalı türküyəm

Tarixinə düz mənəm,
Aşıq mən, oğuz mənəm,
Üçtelli qopuz mənəim-
Mən Borçalı türküyəm.

Ruhum göylərdə pərvaz,
Şirin diləm, xoş avaz…
Dəli Formul, xan Eyvaz –
Mən Borçalı türküyəm.

Doğruyam, haqq yoluyam,
Hikmətlərlə doluyam,
Uldulardan uluyam-
Mən Borçalı türküyəm.

Elim var, elatım var,
Bozatım, Qıratım var…
Göytək yeddi qatım var,-
Mən Borçalı türküyəm.

Koroğlutək var nərəm,
Həm dağım var, həm dərəm.
Namərdə baş əymərəm-
Mən Borçalı türküyəm.

Nuhdan böyükdür yaşım,
Nələr çəkməyib başım…
Mərd bacım, ər qardaşım –
Mən Borçalı türküyəm.
Mən Borçalı türküyəm!!!

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: