Şəhid anası:Ana övladını öz içində zərrə-zərrə böyüdür, sonra dünyaya gətirir

Şəhid Şahmar Soltanlının əziz xatirəsinə…

Saçları vaxtından tez ağarmış   bir ana düşünün … Ümidini hər şeydən üzmüş, dalğın və gözü nəmli Şəhid anası. Gözlərini oğlunun telefondakı şəklinə dikərək ətrafını belə hiss etmirdi o ana …

Mən Gülxar ananın uzun sükutdan sonra hıçqırığına ağrıdım o gün. Nə ilə təsəlli edəcəyimi düşünürdüm. Heç bir söz tapa bilmirdim.Nə deyim?
Qəhərdən boğulan boğazımın, dişimdə sıxdığım dodaqlarımın ağrısını belə hiss etmirdim.
Uzun sükutdan sonra –“oğlunuzdur, can ana” deyə bildim. Gülxar ana sadəcə başını təsdiq üçün yellədi.
Mən də, oğlunu hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olan bir ananın qızı idim,o ananın tanış ağrılarını öz anamda da duymuşdum axı.. niyə bu qədər ağır idi Gülxar ananın iç göynədən hıçqırığı..
Hər şey İlahinin iradəsi ilə mövcuddur bu həyatda. Bizim Şəhid Teymur Rəsulovun kitab təqdimatında yan-yana oturmağımız belə. Tədbirin sonuna kimi anaların göz yaşında mən də boğuldum. Bütün şəhidlər sanki bir-bir seçilmişlər.əməlləri kimi cizgiləri də eyni.
Şahmar haqqında yazmaq istəyim məni Şəki şəhərinə Gülxar ananın kiçik ,amma Şahmarlı xatirələri ilə dolu olan doğma yurduna apardı.
Şirin dilli Gülxar ananın qayğısı,mehribanlığı ,ana sevgisi məni də qucağında isindirməyə yetirdi.
Şahmardan danışmaqdan doymurdu ana, Şahmar sözünün əvvəli ,axırı idi.
Şəhid Şahmarın anası Gülxar ananın dilindən:   “Ana öz övladını öz içində zərrə-zərrə böyüdür, sonra dünyaya gətirir. Ananın əziyyətlə böyütdüyü övladının kiçik uğurları belə onun gözündə yüksək səviyyədə görünür. Övladın xırda büdrəməsi ananın ürəyini sızıldadır. Qəlbin tel kimi titrədir. (Mən bu sözləri ağlayaraq yazıram) Şahmar düşmənlərinin hücumunun qarşısını alarkən vurulan zaman mən onu hiss etmişəm…
İllər əvvəl qışın oğlan çağında bizim evə bahar gəlmişdi.1996-cı il fevralın 20-də Şahmar balam dünyaya göz açmışdı. Qəhrəman balam,igid balam,mehriban balam…
Adını atası Niyaməddin qoymuşdu ilk əvvəl. Sonra dayısının təklifi ilə Şahmar qoyuldu.
Şahmar çox sakit uşaq idi, amma beşikdə yatmağı heç sevməzdi . Qucağımda lay-lay ilə böyütdüm balamı.( İndi lay-layını məzarına oxuyuram) Çox ağıllı uşaq idi Şahmar,istiqanlı,dostcanlı idi.
Şahmar Şəki şəhəri 5 N-li orta məktəbin 1-ci sinfində təhsil almağa başlayandan müəllimləri tərəfindən hər zaman sevilirdi. Əlaçı,çalışqan idi.  Mən musiqi müəllimi olduğumdan evimizdə piano vardı.Şahmarın da pianoya marağı get-gedə artdı və mən onu musiqi məktəbinə də yazdırdım. Burada da böyük uğur qazandı, balam.Çox gözəl ifa edirdi. Gitarada da sərbəst ifa edib,oxuyurdu. Şahmar 9-cu sinifdən kollecə sənədlərini verdi. Mən ondan gizli Bakı şəhərin də qeyd elədim. O Bakıya düşdü. Ürəyimdə gizli ayrılıq kədərini hiss eləsəm də bunu oğluma bildirmədim. İllər keçdi,yoldaşım işdən çıxdı ,mən qaldım evə gəlir gətirən tək insan. Şahmarın Bakıdakı kirayə pulu, geyim,ərzaq bunları çatdırmaq çox çətin idi artıq. Şahmar məni tək qoymadı işə düzəldi evə kömək edə bilsin deyə. Qeyrətli balam ,işləmək onu məktəbindən ayrı saldı. O məcburən həmin ili dondurdu. Mənim banka verəcəyim kredit ev xərcləri daha da vəziyyəti çətinləşdirirdi. Sonra Şahmarı əsgəri xidmətini yerinə yetirməsi  üçün çağırış vərəqi gəldi. Yoldaşımın qəfil dünyasını dəyişməsi Şahmarın 1 il əsgərlik xidmətinin gecikməsinə səbəb oldu.
Onun əsgərliyi də çox çətinliklə keçdi. Tərtərin düşmənlə üz-üzə istiqamətində idi hərbi hissələri. Yanına gedəndə ondan heç ayrılmaq istəmirdim. Yarı canım yanında qalırdı. Bir dəfə qohumlardan birinin toyu idi. Şahmar məzuniyyətə buraxılmışdı. Hamı şənlənir,oynayırdı toyda. Dedim “Şahmar,sən niyə oynamırsan? Dedi:-Ana, siz bilmirsiz,orda müharibədi, mən burda necə oynaya bilərəm?”

Nəhayət aprel ayının 20-si Şahmar əsgərlikdən qayıdıb gəldi. Sevincimin həddi hüdudu yox idi. Həmin vaxt pandemiya vaxtına düşdü.  Və ardınca 2020-ci il                II Qarabağ müharibəsi başlandı. Şahmar məndən xəbərsiz “könüllü” yazdıraraq oktyabrın 5- i müharibəyə yollandı. Şahmarla son gedişində görüşə bilmədim. Xəbərsiz getmişdi,bilirdi ki, mən ona mane ola bilərəm. Ürəyim yarpaq kimi əsirdi. Oktaybrın əvvəli Şahmar Tərtər rayonunun Qafanlı kəndində yaralanır. Amma evə xəbər verilməməyini tələb edir. Həkimlər onu Bakıya yollamaq istəsələr də “Mənim yoldaşlarım orda canlarını ortaya qoyub savaşır,mən gedim Bakıda qospitalda yatım?” -deyir. Bu mübahisədən sonra oradan yenidən müharibəyə yollanır.
17 oktyabr 2020-ci ildə Suqovuşanın azad olunması uğurunda Şəhid olur Şahmar. Neçə günlərlə axtardıq,noyabrın 24–nə kimi xəbər çıxmadı. Neytralda qalmışdı balam. 24 noyabr Azərbaycan bayrağına bürünmüş tabutda gətirdilər igid Şahmarımı. Bu sarsıntıdan günlərlə özümə gəlmədim. Necə ki,müharibəyə gedəndə yola sala bilmədimsə ,son mənzilə də balamı yola sala bilmədim. Həkimlərin yardımı ilə sakitləşdirici təsirində olmuşam .
7 ay… 7 ay Şahmarın yoxluğunu qəbul etmədim. 7 ay məzarına yad kimi baxıb gözlərimi bir nöqtəyə dikdim.

Sonra psixoloqlar yavaş-yavaş alışdırdılar məni. Ürəyim yanır.. Şahmar hələ uşaq olanda “Səni saraylarda yaşadacam,ana”-deyirdi. Sənsiz saray olmur ki ,balam. Mənim sarayım indi sənin məzar daşındır.  Hər gün gedirəm,qucaqlayıram,danışıram səninlə.
Nurlar içində yat ,gözəl balam. Məkanın cənnət olsun!”

Gülxar ananı dinlədikcə məni boğan qəhəri boğmaq istəyirdim. Tərifi olmayan bir ağrı gəzirdi ürəyimdə. Ucalığı bu gün gənclər üçün qeyrət  məktəbinə çevrilən Şəhadət yolu hər oğula nəsib olmur ,ana. Başını dik saxla ki,düşmənin rəzil olsun. Haqq yolunda Haqqa çatan oğullarınızın ruhu həmişə şad olsun!

Müşfiqə Baləddin

Share: