Şərəfli və tarixi gün

44 günlük Vətən müharibəsində milli ordumuz öz gücünü göstərərək dövlət sərhədlərinə qədər torpaqlarımızı işğaldan azad etdi

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımız üçün çox şərəfli və tarixi bir gündür. Hər bir ölkənin gücü ordusunun vəziyyəti ilə ölçülür. Azərbaycan müstəqillik qazanan ərəfədə qonşu Ermənistan keçmiş SSRİ-nin resurslarına söykənərək, eyni zamanda xaricdən dəstək alaraq torpaqlarımızın 20 faizini işğal edə bilmişdir. Amma bu çətin vəziyyətdə belə, Azərbaycan xalqı düşmənə qarşı mübarizə apararaq on minlərlə itki verdi. Amma hazırkı Silahlı Qüvvələrimiz 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra aparılan böyük fəaliyyətin nəticəsidir. Ulu Öndər Heydər Əliyev ordu haqqında demişdir: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. Azərbaycanda 1993-cü ildən sonra ordu quruculuğuna çox ciddi və məsuliyyətlə yanaşıldı. Ordu peşəkarlardan formalaşdırıldı, hərbi kadrların hazırlığı üçün hərbi məktəblər sistemi yaradıldı. NATO təcrübəsindən maksumum istifadə edildi. İlbəil bu sahədə dönüş yarandı. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başlandı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

 Bütün hallarda orduda islahatların aparılması lazımdır. Bu illər ərzində orduda aparılan islahatlar da müsbət nəticə verdi. Ordumuzun daha da güclənməsi üçün lazmı addımlar atıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Bu prosesin başında Ali Baş Komadan durur. Hədəfləri o müəyyənləşdirir. Hədəflər dəyişməz olaraq qalacaq. Ali Baş Komandanımız yalnız ordunun daha da irəliyə getməsi, döyüş hazılığının daha da yüksəlməsi üçün lazımi tövsiyələr vermişdir. Müdafiə Nazirliyində döyüş hazırlğının daha da artılması ilə bağlı tapşırıqlar verilmişdir. Orduda güclü canlama olmuşdur və bu da təbiidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Azərbaycan Ordusunun gücü işğalçılıq siyasəti yürüdən Ermənistana kifayət qədər məlumdur. Ermənitsanla 30 ilə yaxın müddətdə aparılan sülh danışıqları nəticə vermədi. Vətən müharibəsinə kimi Azərbaycan ordusu son sözü öz üzərində saxlayırdı. 44 günlük müharibədə milli ordumuz öz gücünü göstərərərk dövlət sərhədlərinə qədər torpaqlarımızı işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Azərbaycan bu ərazilərdə ikinci dövlətin yaradılmasına imkan vermədi və bundan sonra da bu, olmayacaq.

Hazırda hər bir Azərbaycan gənci üçün orduda xidmət etməklə fəxr edir. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bütün dünyaya səs saldı və bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin dəyişməsinə səbəb oldu. 2020-ci ildə Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət isə uzun illər bu sahədə görülən işlərin praktiki nəticəsi oldu. Eyni təəssürat 2020-ci ilin dekabrın 10-da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün Silahlı Qüvvələrinin Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında yarandı. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. Artıq dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu bilir.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Share: