Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli iş… – Məcid Rəşadətoğlu yazır

Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli iş… – Məcid Rəşadətoğlu yazır

Yazıçı Süleyman Vəliyev 1946-cı il oktyabrın 10-da Çelyabinskdən Bakıya qatar bileti alır. Lakin yol üçün yemək pulu olmadığından, Moskvada biletini sataraq çörək almağa məcbur olur.

Bakıya isə qatarların tamburunda, gecələr biletsiz minərək qayıdır. Beş günə Bakıya çatan Süleyman doğma kəndləri Ramana kəndinə – evlərinə gedir. Orada isə acı həqiqəti öyrənir: 1943-cü ildə atası və anası aclıqdan vəfat ediblər, evlərində isə artıq başqa adamlar yaşayır.
Bakıda Süleyman Mirzə Fətəli küçəsində, 9-cu dalandakı kiçik bir otaqda məskunlaşır. “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi çalışmağa başlayır. Ev şəraitinin ağır olması ilə bağlı Səməd Vurğuna ərizə ilə müraciət edir. Böyük şair onun “koma”sına şəxsən gəlib vəziyyətlə tanış olur. O dövrdə Bakı şəhərinin Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan, əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov Səməd Vurğunun xahişi ilə Süleyman Vəliyevə Tolstoy küçəsinin 7-ci dalanında 3 saylı evi verir.
Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları, keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılması kampaniyası ilə nəticələnir. Həmin il Süleyman yenicə evlənmişdi. Gözlənilmədən onu yenidən istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların apardığı məxfi istintaqda ona əməkdaşlıq təklif edilir: Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək, məxfi orqanlarla əməkdaşlıq etmək istəyirlər. Lakin Süleyman bu təklifdən imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu. O əsgərlikdə və müharibədə olarkən, ədəbiyyat fondu onun ata-anasına yardım göstərmişdi. Ata-anası vəfat etdikdən sonra isə qardaşı Murtuzun Suvorovçular məktəbinə qəbul olunmasına və ona mənzil verilməsinə məhz Səməd Vurğun kömək etmişdi.
Nəticədə, Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahilindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Bununla yanaşı, 1946–1947-ci illərdə yazdığı “Mübahisəli şəhər” romanının çapı da dayandırılır. Maraqlıdır ki, yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıya nisbətən daha yaxşı hiss edirdi; çünki onu illərlə narahat edən gizli sorğu-suallar artıq arxada qalmışdı. Bir neçə aydan sonra həyat yoldaşı da onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə dünyaya gəldilər.
Sibirdə xeyirxah insanların dəstəyi ilə Süleyman yazıçı qələmini yerə qoymadı. 1953-cü ildə İosif Stalin öldükdən sonra ölkənin həbs və sürgün düşərgələrindəki milyonlarla insan bir qədər rahat nəfəs aldı.
Süleyman Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə birlikdə Bakıya qayıdır. Gəlişindən cəmi 20 gün sonra ona indiki Nizami küçəsi 51 ünvanında kiçik bir ev verilir.
1957-ci ildə “Mübahisəli şəhər” romanı yazıldıqdan 10 il sonra “Azərbaycan” jurnalında çap olunur. Lakin o zaman Yuqoslaviya ilə Sovet İttifaqı arasında münasibətlərin soyuması səbəbindən romanın kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə əsər Moskvada rus dilində nəşr olunur və bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi sayılan bu roman Bakıda da Azərbaycan dilində kitab kimi çap edilir…
Share: