Rüstəm Kamal demişkən…

“Tanınmış ziyalılar haqqında söhbətlərim” silsiləsindən

Hərçənd ki, onun 65 illik yubileyi sentyabr ayının iyirmi dördünə düşür, amma səbr edib söhbətimi o vaxta saxlaya bilmədim, təbi gəlibsə qarşısını almaq düz deyil. Gəlin, öncə onun ömür yoluna işıq tutaq. 1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib.

Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “”Təmsilat”ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən də 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın “Medecins sans frontieres” humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə “Cahan” jurnalında çalışıb. 1998-ci ildən “Turan-98” tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.
2010-cu ildə isə “Azərbaycan komediyasının poetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub.

Deyir ki,- “Hamı dayanmadan yazır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır və nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində “müşahidə edirəm” demirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna nə ad qoymaq olar? Əlbəttə cahillik…”

Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma nə yaxşı ki, yorulmayıb, hələ də axtarışdadır…

“Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş – altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe – kontekstinin tapılması və mət¬nin hüdudlarını, eləcə də “sıxlıq dərəcəsini” göstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri də odur. Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala aiddir. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:

“Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən də tanıyıram. “Əli Kərim xəstəliyi” ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir və hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır.
Onun şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” bölünür və hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm…”

Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin və həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız…

Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək…

Elman Eldaroğlu

Share: