Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətlər: “Rosatom” sanksiyalar siyahısına daxil edilə bilər

Polşa və Litva Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətlər tətbiq etməyi və bunu Avropa İttifaqı sanksiyalarının onuncu paketinə daxil etməyi təklif edir.

Bu barədə hər iki ölkənin yüksək rütbəli diplomatları məlumat verib.

“Aİ-də əlavə sanksiyaların tətbiqi üçün lazımi yekdilliyə nail olmaq getdikcə çətinləşir. Buna baxmayaraq biz yeni iddialı paket təklif edəcəyik”, – deyə həmsöhbətlərdən biri qeyd edib. Onun sözlərinə görə, yeni məhdudiyyətlər toplusunun fevralın 24-dək hazırlanması nəzərdə tutulur. Qeyd olunur ki, diplomatlar Ukraynanın təşəbbüsünü dinləmək niyyətindədir və “Rosatom” dövlət korporasiyasının və onun rəhbərliyinin sanksiyalar siyahısına daxil edilməsi ilə bağlı çağırış etməyi planlaşdırır.

Təklif edilən digər tədbirlər sırasında diplomatlar çox sayda Rusiya KİV-lərinin fəaliyyətinə qadağa qoyulmasını və bir sıra bankların SWIFT sistemindən çıxarılmasını misal gətiriblər. Həmçinin Rusiyanın Avropa ticarət qadağalarından yan keçməsinin qarşısını almaq üçün Belarusa qarşı da əlavə sanksiyaların tətbiqini zəruri hesab etdiklərini bildiriblər. Onlar eyni zamanda vurğulayıblar ki, Avropa İttifaqı bir daha Belçikanın Rusiya Federasiyası ilə almaz ticarətinə son qoymağa çalışacaq.

Mənbə: “Reuters”  

Share: