Rusiya “referendumlarla” Ukraynanın yeni ərazilərinin ilhaqına hazırlaşır…

Şimal qonşumuzun Ukrayna ilə bağlı əsl niyyətinin yeni təfərrüatları üzə çıxmaqdadır. Proseslərin gedişi göstərir ki, Rusiya Krım kimi Ukrayna ərazilərinin yeni hissələrini də öz tərkibinə qatmağa hazırlaşır. Öz mənbələrinə istinad edən “Bloomberg” nəşri bu xüsusda yazır ki, Kreml cari ilin sentyabrında zəbt etdiyi Ukrayna ərazilərinin Rusiyaya “birləşdirilməsi barədə referendumlar” keçirməyə tələsir.

Nəşrin məlumatına görə, səsvermə Rusiya qoşunlarının işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində və yaxın zamanlarda rusiyalıların zəbt edə biləcəyi rayonlarda keçiriləcək. “Səsvermə” zəbt edilmiş ərazilərin Rusiyaya zorla birləşdirilməsinə hansısa qanunilik görüntüsü verməlidir. Layihəyə Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko rəhbərlik edir. Rusiyanın “Meduza” nəşri onu işğal edilən ərazilərin “qubernatoru” adlandırıb. Kiriyenko müntəzəm şəkildə işğal edilmiş əraziləri ziyarət edərək, “referendumlara” hazırlığı müşahidə edir. Rusiya indiyədək işğal edilən əraziləri ilhaq edə bilsə, Ukrayna öz ərazilərinin təxminən beşdə bir hissəsini itirəcək, Rusiya Krımla quru əlaqəsi yaradacaq və Qara dənizin əsas ixrac marşrutlarını blokadaya alacaq. “Bloomberg”in bildirdikləri  Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri ilə üst-üstə düşür. Bu günlərdə Lavrov Ukraynada hərbi əməliyyatın coğrafi vəziyyətinin dəyişdiyini bildirib. Qeyd edib ki, indi artıq Donetsk və Luqansk deyil, digər ərazilər, o cümlədən Xerson və Zaporojets vilayətləri də nəzərdən keçirilir. Lavrovun sözlərinə görə, Qərb Ukraynaya uzaqmənzillli silahlar verərsə, hərbi əməliyyatların coğrafi vəzifələri indiki xətdən daha irəli çəkiləcək. Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan da bu xüsusda Lavrovla söhbətindən sonra maraqlı sirlər açıb. “Rossiya 1” telekanalının efirində çıxışı zamanı Marqarita Simonyan bildirib: “Rusiyanın xarici işlər naziri Serqey Lavrov ilə uzun-uzadı söhbət etdim. O mənə bəzi gizli məqamlar barədə danışdı. Rus ordusunun Ukraynadakı əməliyyatının harada dayanacağı barədə dedikləri isə həqiqətən də maraqlıdır. Hazırda əsas məsələ Rusiya silahlı qüvvələrinin Ukraynada nə vaxt dayanacağı deyil. Əsas sual harada və hansı hərbi tapşırığı yerinə yetirdikdən sonra dayanacağıdır. Mən bu sualı Lavrova verdim. XİN başçısı mənə başa saldı ki, bu bir hərbi sirr olduğundan, bəzi detalları deyə bilməyəcək. Amma mən onun cavabından razı qaldım. Onun cavabından sonra fikirlərimdə bir çox suallara aydınlıq gəldi. Deməli, hazırda əsas məsələ təmas xəttini bacardığımız qədər Ukraynanın içinə çəkməkdir. Yeni raketlər Ukraynaya verildikdən sonra Rusiya hərbi komandanlığı bəzi tapşırıqları korrektə edəsi oldu. Mən elə düşünürəm ki, yeni Rusiya-Ukrayna sərhədi Lvov şəhəri ətrafında ola bilər”. Bütün bunlar göstərir ki, Rusiya Ukraynada daha böyük  əraziləri işğal etmyə çalışır. İşğalla yanaşı, bu ərazilərin Rusiyaya birləşdirilməsi də əsas məqsədlərdən biridir.

Bu arada xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tezliklə Ukraynaya qarşı yeni güclü hərbi kampaniya başladacağının da anonsunu verib. Bir çoxlarının fikrincə, yeni mərhələ birincisindən strategiyanın tamamən dəyişməsinə görə fərqlənir. Bu strategiyanın əsas məqsədi düşmənin resurslarını tükəndirmək, iqtisadiyyatı və ordunu zəiflətməkdir. Rusiya mediasında da son günlərdə güclü bir zərbənin vacibliyindən tez-tez bəhs olunur. Bu mediada Ukrayna ilə müharibə vəziyyətinin rəsmiləşdirilməsi və hərbi vəziyyət elan edilməsi ideyası dəstəklənir. İsrailli hərbi ekspert David Gelmanın fikrincə, Rusiya bir neçə istiqamətdən hücuma keçəcək: “Xarkov və Xersona xüsusi diqqət ayırırlar. Xarkov istiqamətində Rusiya qüvvələrinin gücləndirilməsi müşahidə olunur. Bu qruplaşma Xarkova hücum etmək və ya onu ələ keçirmək üçün yetərli deyil, amma Ukrayna ordusunun böyük bir qruplaşmasını orada saxlamağa, ayrı-ayrı sahələrdə şəhərə doğru irəliləməyə və onu raket və top artilleriyasından atəşə tutmağa kifayət edər. Rusiyanın Xerson istiqamətindəki qruplaşması da gücləndirilir, ora Zaparojye istiqamətindən qüvvə gətirilir”. Adının çəkilməsini istəməyən, hücumun konkret hansı istiqamətdən olacağını dəqiqləşdirməyən rusiyalı ekspertlərdən biri BBC-yə açılamasında qeyd edir ki, Ukraynanın cənubu Rusiya üçün daha məntiqli hədəf ola bilər. Onun sözlərinə görə, cənubda siyasi məqsəd çox aydın görünür – Ukraynanı dənizə çıxışdan məhrum etmək:  “Digər tərəfdən, ukraynalılar da cənubdan əks-hücuma keçəcəklərini anons ediblər. Sual yaranır – bunu belə açıq bəyan edirlərsə, doğrudanmı, onlar orada əks-hücuma hazırlaşırlar? Amma cənub istənilən halda daha perspektivli görünür, çünki orada təkcə hərbi yox, siyasi məqsədlərə də nail olmaq olar”. Rus ordusunun qarşısına Ukraynada yeni tapşırıqlar qoyulduğunu Kremlin təbliğatçısı Vladimir Solovyov da təsdiq edir. Bu xüsusda o bildirir: “Hazırda Ukraynadakı hərbi əməliyyatlarda dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə, real döyüşlər görmüş insanlardır. Artıq onlara yeni tapşırıqlar verilıb. Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam. Şərq istiqaməti – general Muradov. Bu insanı, demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq Suriya əməliyyatlarına başçılıq edib. General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır. Və nəhayət Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəbli general. Artıq bu 4 generala yeni tapşırıqlar verilib”. Bütün bunlar Ukraynanı qarşıdakı dövr ərzində daha qanlı günlər gözlədiyini göstərir.

Nahid SALAYEV

(Bakı Xəbər)

Share: